Milli Şurada yalnız AXCP və Müsavat təmsilçiləri qalıb

Day.Az представляет новость на азербайджанском языке.

Prezident seçkiləri başa çatdıqdan sonra siyasi müstəvidə sanki bir ələnmə prosesi başlayıb. Bu proseslər çərçivəsində kimin kim olduğu, hansı məzhəbə qulluq etdiyi tam çılpaqlığı ilə aydınlaşmaqdadır. Bu prosesdə prezident seçkiləri öncəsi böyük təmtəraqla yaradılan Milli Şura da ciddi aşınma prosesi yaşamaqdadır.
 

Seçkilərdə ciddi nəticə əldə edə bilməyən, bütün cəhdlərə baxmayaraq daxili qarşıdurmaları aradan qaldıra bilməyən Milli Şura ciddi itkilər verməkdədir. Sözün əsl mənasında seçkilər başa çatdıqdan sonra Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyünün layihəsi olan Milli Şura tənəzzül yaşamaqdadır. Cəmi 125 üzvü olan qurum ciddi istefa dalğası ilə üz-üzədir. Seçkilərdən sonrakı ilk günlərdə əvvəlcə təşkilatdan 8 üzv getdi. Qurumun oktyabrın 24-də keçirilən iclasında AXCP sıralarından da istefa verən Asəf Quliyev, sabiq dövlət katibi Lalə Şövkət Hacıyeva, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova və İslam Partiyasından iki nəfər-Mövsüm Səmədov, Elçin Manafov qurumdan getdi. Akif Şahbazov və Gülnarə Qurbanova isə iclaslara gəlmədiklərindən Milli Şuradan çıxarıldılar. Oktyabrın son günü isə Lalə Şövkət tərəfdarlarının hamısı - 8 nəfər Milli Şuradan getdilər. Gedənlər ALP İcra Komitəsinin sədri Elman Məmmədzadə, ALP sədr müavinləri Eldar Muradov, Tofik Kərimov, Vaqif Mustafazadə, ALP Siyasi Şurasının üzvləri Hacıağa Dadaşov, İlham Murtuzayev, İsmayıl Əliəsgərli və "Sara Xatun" qadın hüquqları müdafiə cəmiyyətinin sədri Xurşud Abasova oldu.

İstefalara səbəb olaraq son zamanlar Milli Şurada yaranan düşmənçilik münasibətlərini göstərilib. Şuradan gedən ALP-çilər deyiblər ki, Milli Şuranın Seçicilər təşəbbüs qrupunun üzvləri olaraq Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün son ana qədər mübarizə aparıblar. Sonradan Milli Şurada yaranmış böhran vəziyyətində Cəmil Həsənlinin prezidentliyə vahid namizədliyini məqbul sayıblar, onu dəstəkləyib və təbliğ ediblər. Lakin Milli Şura yarandığı gündən etibarən onun daxilindəki bir siyasi partiya burada ayrı-seçkilik, mənasız çəkişmələr, düşmənçilik yaratmağa başlayıbdır. Buna görə də ALP-çilər Milli Şurada fəaliyyətlərinə son vermək qərarına gəliblər.


Açıq Cəmiyyət Partiyasından istefa vermiş və hazırda Amerikada məskunlaşmış Rəsul Quliyevi də Milli Şuradan getmiş hesab etmək olar.


Uzun müzakirələrdən sonra Milli Şuraya qoşulmuş Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və tərəfdarları da faktiki olaraq təşkilatın işində fəal iştirak etmirlər.

Faktiki olaraq portfelsiz qalan Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər də Milli Şurada güvənilməyən isimlərdən birinə çevrilib. Müxalifətin son mitinqləri zamanı yayılan Rəsul Quliyevlə telefon danışıqları onu gözdən salıb. Öz lideri ilə müxalifət liedrlərini aşağılayan ifadələrlə zəngin olan dialoqda etiraz səsini ucaltmayan Sülhəddin Əkbər də faktiki olaraq Milli Şurada deyil.

Şuranın sədri Rüstəm İbrahimbəyov da Moskvada oturub Azərbaycana gəlmək fikrində deyil. O, təşkilatın işinə rəhbərliyi faktiki olaraq Cəmil Həsənliyə tapşırıb. Məsuliyyəti üzərindən atmaq üçün Cəmil Həsənlinin Milli Şuranın həmsədri olmasını təklif edib və yəqin ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Şübhə yoxdur ki, Cəmil Həsənli həmsədr olandan sonra Rüstəm İbrahimbəyov tamamilə arxa plana keçəcək və bir müddətdən sonra tamamilə yaddan çıxacaq.

Bütün bunları nəzərə aldıqda Milli Şuranın faktiki olaraq tarixin arxivinə yollandığını güman etmək olar. Təşkilat indi faktiki olaraq AXCP və Müsavatın inhisarındadır. Eldar Namazovunn qurumun icra katibi vəzifəsindən yola salınması ilə Milli Şura faktiki olaraq adını dəyişmiş İctimai Palataya çevriləcək. Hətta Cəmil Həsənlinin də bu qurumu xilas etmək cəhdləri nəticə verməyəcəkdir. Düzdür, hazırda o, seçki qabağı personası üzərində formalaşmış marağın eyforiyası altındadır. Sadəlövhcəsinə hesab edir ki, narazı elektoratı parlament seçkilərinə apara bilər. Amma düşərgədaxili güc nisbətini, münasibətlər sistemini nəzərə aldıqda bunun mümkünsüz olduğunu indidən iddia etmək olar. AXCP və Müsavat arasındakı gizli və son vaxtlar aşkar xarakter olan rəqabət Cəmil Həsənlini qısa müddətdən sonra çarəsiz duruma salacaq.


Seçkidən sonra Milli Şuradakı istefalara da məhz bu perspektivdən yanaşmaq lazımdır. Hamı açıq şəkildə gördü ki, AXCP və Müsavat müxalifəti inhisarda saxlamaqda israrlıdır. Bu partiyalar hətta kollektiv qurumlarda da başqalarının öz nəzarətləri altında fəaliyyət göstərməsinə çalışır. İmkan daxilində digər qüvvələri proseslərdən kənarda saxlamağa çalışır. Təsəvvür edin ki, seçki ərəfəsində AXCP və Müsavat üzvü olmayan Milli Şura təmsilçilərinin Cəmil Həsənlinin nümayəndəsi kimi fəaliyyətinə imkan verilməyib. Başqalarının İctimai Radiodakı debatlarda çıxış etməsinə belə əngəl törədilib. Hər sahədə ayrı-seçkiliyə məruz qaldıqlarını görənlər isə şuradan getməkdən başqa çıxış yolu tapmayıblar.

Bütün bunlar göstərir ki, əslində AXCP və Müsavat güclü müxalifətin yaranmasında maraqlı deyillər. Onlar öz statuslarından istifadə edib müxalifət düşərgəsindəki monopoliyalarını qorumaq naminə istənilən addımı atmağa hazırdır. Təbii ki, onların bu addımı Milli Şuranı da tezliklə müxalifətin digər birliklərinin taleyini yaşamağa məcbur edəcək.

/Kaspi.az/