"Özünüz düzəldin hamısını":

AXCP sədri və son illərdə siyasi fəaliyyətini sosial şəbəkələrdəki bloqerliklə əvəzləmiş Əli Kərimlinin ən yaxın tərəfdaşlarına belə, stabil yanaşma ilə davranış nümunələri sərgiləmədiyi bəlli. Onun özünə uzaq, rəqib və ya artıq maraqsız saydığı insanlara münasibəti isə ikiüzlülük, riyakarlıq və saxtakarlıq həddinə çatır.

Ə.Kərimliyə illərlə sədaqətlə çalışan, onun dediklərinə inanan, lakin aldandıqlarını çox gec də olsa, anlayanlarsa avtomatik olaraq "hakimiyyətə işləyən", "iqtidara satılmaş adam" elan olunur.

Məsələn, Aydın Əliyev kimi.

1995-ci ildən AXCP-nin üzvü, 2015-ci ildən isə keçirilən qurultaydan sonra partiyanın Nəzarət Təftiş Komissiyasının sədri seçilən Aydın Əliyev məhz Ə.Kərimlinin qəzəbinə gəldiyi üçün cəzalandırılıb. O, partiya sədrinin volüntarizmi, saxtakarlığı və yarıtmaz fəaliyyəti ilə bağlı möqeyini izhar edəndə, Ə.Kərimlini tənqid edəndə sıxışdırılıb, sonra isə heç bir məntiqi səbəb və qanuni əsaslar olmadan vəzifəsindən qovulub.

Aydın Əliyev haqqını tələb eləməyə başlayanda isə Əli Kərimli əl-ayağa düşüb.

Sosial şəbəkədəki trollar və trolcuqlar dəstəsinin lideri dərhal çıxış yolu aramağa başlayıb. O, təcili olaraq AXCP üzvü İradə Nərimana guya Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol və digər sənədlər hazırlamasını tapşırıb.

Təşviş Nəsimi Rayon Məhkəməsində AXCP Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyevin partiya sədri Əli Kərimliyə qarşı iddiası üzrə növbəti məhkəmə iclası ilə bağlı idi.

Məhkəmə prosesi hakim Rəşid Səmədovun sədrliyi ilə baş tutub.

İclasda Əli Kərimlinin müdafiə tərəfi iştirak etməyib.

Bundan öncəki prosesdə şikayətçi Aydın Əliyev məhkəməyə AXCP-nin Neftçala rayon təşkilatının sədr müavini Ələkbər Zahidovun da partiya sıralarından qanunsuz olaraq xaric olunması ilə bağlı sənəd təqdim etmişdi.

Xatırladaq ki, A.Əliyev 1995-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyasında fəaliyyət göstərib, 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Nəzarət Təftiş Komissiyasına üzv, sonra sədr seçilib.

NTK sədri Əli Kərimlinin ürəyincə olmayıb.

"Əli Kərimli partiyada sərt diktatura rejimi qurub. Onun antidemokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib. Əli Kərimli siyasi dələduz olaraq bizi, xalqımızı illərdir ki, aldadır. Bu gün də gənclərimizi aldadaraq özünün çirkin oyunlarına qurban vermək istəyir", - Aydın Əliyev deyirdi.

Onun sözlərinə görə, Əli Kərimli onun normal fəaliyyətinə imkan verməyib: "O, bunu bilərəkdən edib. Partiyaya daxil olan maliyyə vəsaitlərinin onun tərəfindən mənimsənilməsinin üstünün açılmamasına görə belə edib. Partiyaya daxil olan ianələr və digər pulları ancaq öz nəzarətində saxlayan Əli Kərimlini mənim kimi düzgün, əqidəli adam qane etməyib".

A.Əliyevin partiya sıralarından kənarlaşdırılması ilə bağlı Əli Kərimlinin göstərişi ilə hazırlanmış protokolda bəzi imzaların saxta olması ilə bağlı vəsatət qaldırıb.

Belə ki, protokola imza atanlardan biri - Solmaz Hüseynova həmin vaxt ölkə xaricində olub. S.Hüseynova 01. 06. 2019-ci il tarixində Azərbaycan sərhədindən Türkiyə ərazisinə keçib, 13.06.2019-ci ildə geri qayıdıb.

A.Əliyevin partiyadan xaric olunduğuna dair sənədin imzalanması zamanı (10.06.2019) S.Hüseynova ölkədə olmayıb. Protokola onun əvəzindən saxta imza atılıb.

Faktiki olaraq Aydın Əliyevin partiya sıralarından kənarlaşdırılması üçün təqdim edilən sənəd əsassız idi. Çünki yığıncaqda iştirak edən şəxslərin bəziləri ümumiyyətlə nizamnaməyə əsasən, Rəyasət Heyətinin üzvləri ola bilməzlər. Partiyanın nizamnaməsində göstərilib ki, Rəyasət Heyətinin üzvləri AXCP Ali Məclisinin üzvlərindən seçilməlidir. Amma protokol sənəddə ümumi yığıncağın iştirakçısı olaraq qeyd edilən Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Məmməd İbrahim qeyri-qanuni fəaliyyət göstərir. Açıq şəkildə görsənir ki, bütün bunlar Əli Kərimlinin göstərişi ilə həyata keçirilib.

Məhkəmə qərarı obyektiv və aydın idi.

Belə ki, Aydın Əliyevin AXCP-yə və partiyanın sədri Əli Kərimliyə qarşı qaldırdığı, ümumi yığıncağın qərarının ləğv edilməsi, AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komisiyasının sədri vəzifəsinə bərpa olunması ilə bağlı iddia tələbi təmin olunub.

Qərara əsasən, AXCP Ali Məclisinin Rəyasət Heyətinin ümumi yığıncağının 10 iyun 2019-cu il tarixli qərarı ləğv olunub.

Bundan əlavə, iddiaçı A.Əliyevin AXCP üzvlüyünə və AXCP Nəzarət Təftiş Komissiyasının sədri vəzifəsinə bərpa olunması qərara alınıb.

Və Əli Kərimli gerçək həyatda, siyasi fəaliyyətdə və tarixin qarşısında olduğu kimi, məhkəmə çəkişməsində də uduzub.

AXCP-ni lümpen davranışı ilə kloşar "fəlsəfəsi"nin daşıyıcılarının isterik çağırtıları, qanunsuz aksiyalar zamanı plakat "mübarizliyi", sosial şəbəkələrdə isə aqressivlik və radikallıq, bəzi hallarda isə tərbiyəsizlik nümayiş etdirənlərin ön plana çıxdıqları təşkilata çevirən Əli Kərimli müxalifət düşərgəsindəki ən toksik, perspektivsiz və isterik siyasi fiqurantlardan biridir.

Sənədin saxtalaşdırılması ilə bağlı olay isə onun çoxsaylı maskalarının əslində nimdaş və köhnə olduğunu, o maskaların arxasındakı əsl simanın antipatikliyini göstərdi.

Elçin Alıoğlu
Milli.Az