Texnoloji nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılması proseduru elektronlaşdırılır

Texnoloji nəqliyyаt vаsitələrin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qərarlar elektron sistemlərə yerləşdiriləcək.

Day.Az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, texnoloji nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.

Yeni qərara əsasən, texnoloji nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində himayədar ailəyə verilmiş uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə, digər hallarda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal İcra Hakimiyyəti" portalına daxil ediləcək.

Yuxarıda nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.