Strateji dərs:

Müəllif: Fərid Zöhrabov

Mənbə: Trend

Venesuelada baş verən proseslər müasir beynəlxalq münasibətlər sisteminin mahiyyətini bir daha açıq şəkildə ortaya qoydu. Bu gün dünyada hadisələrin gedişini beynəlxalq hüquq yox, güc amili müəyyən edir.

Prezident İlham Əliyev 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər heyəti ilə görüşdə beynəlxalq münasibətlər sisteminin əsas problemini çox açıq şəkildə ifadə etmişdi: beynəlxalq hüquq formal olaraq mövcuddur, lakin onun işlək və məcburedici icra mexanizmi yoxdur.

Prezident İlham Əliyevin "Biz gördük ki, beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi yoxdur. Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini tapacaq" fikri müasir dünya nizamının mahiyyətini dəqiq təsvir edir.

Prezident İlham Əliyevin vurğuladığı "Bu gün artıq dəyişən dünyada güc amili ön plana çıxıb" prinsipinin analizi isə çox mühümdür. Burada güc anlayışı yalnız hərbi potensialla məhdudlaşmır. O, həm iqtisadi dayaqları, həm siyasi nüfuzu, həm də beynəlxalq arenada diplomatik təsir imkanlarını əhatə edir. Bu baxımdan Prezident İlham Əliyevin fikri həm strateji, həm də praktiki reallığı əks etdirir. Dövlət yalnız güclü olduğu halda öz hüquqlarını qoruya və beynəlxalq təzyiqlərə müqavimət göstərə bilər.

Bu yanaşma təsadüfi və emosional deyil, beynəlxalq təcrübəyə və qlobal proseslərin analizinə söykənir. Prezident İlham Əliyev həmin çıxışında açıq mesaj verirdi ki, belə bir dünyada dövlətlərin taleyi yalnız hüquqi arqumentlərdən asılı ola bilməz. Əgər ölkə öz suverenliyini, milli maraqlarını və təhlükəsizliyini qorumaq istəyirsə, mütləq şəkildə iqtisadi, siyasi və hərbi baxımdan güclü olmalıdır. Bu fikir Azərbaycanın uzunmüddətli strateji siyasətinin ideoloji əsasını təşkil edir və ölkənin həm regional, həm də qlobal mövqeyini möhkəmləndirmək məqsədinə xidmət edir.

Prezident İlham Əliyevin Yeni il müraciətlərində də bu xətt ardıcıl şəkildə davam etdirilib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, beynəlxalq aləmdə sabitlik pozulub, beynəlxalq hüquq normaları tez-tez pozulur və ikili standartlar geniş yayılıb. Belə şəraitdə yalnız güclü dövlətlər öz mövqelərini qoruya, təzyiqlərə davam gətirə və beynəlxalq arenada müstəqil siyasət yürüdə bilirlər. Bu isə Prezident İlham Əliyevin 2021-ci ildə səsləndirdiyi fikirlərin sadəcə həmin dövr üçün deyil, uzunmüddətli strateji baxış olduğunu göstərir.

Venesuela hadisələri fonunda bəzi Avropa ölkələrinin mövqeyi isə Prezident İlham Əliyevin dediklərini praktikada bir daha təsdiqləyir. Prinsiplərdən danışan bu ölkələr konkret vəziyyətdə ehtiyatlı, ziddiyyətli və bəzən açıq riyakar mövqe tuturlar. Bunun əsas səbəbi isə Amerika faktorudur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət yalnız güclü olduğu halda öz hüquqlarını qoruya, suverenliyini müdafiə edə və beynəlxalq arenada maraqlarını təmin edə bilər. Bu yanaşma Azərbaycan üçün həm strateji, həm də praktik əhəmiyyət daşıyan bir prinsipdir və dövlət siyasətinin bütün sahələrində - iqtisadi, siyasi və hərbi sahələrdə güc amilini əsas prioritet kimi müəyyən edir.