Bulvarda qiymətlər od tutub yanır

Day.Az представляет новость на азербайджанском языке.

Bakı sakini Cavid Babayev işdən sonra sevgilisi ilə istirahət etmək istəyir. O, qızla bulvarda gəzməyə çıxır. Bir az gəzdikdən sonra kafelərin birində çay içmək istəyirlər. 1 çaynik çay sifariş verəndə isə məlum olur ki, çay yalnız dəstgah ilə verilir. Qiyməti isə 15 manat. Əlacsız qalan Cavid cibindəki son pulunu çaya verdi.

Əslində, bu tək Cavidin başına gəlmir. Bu, Bakı Bulvarı üçün adi bir haldır. Xüsusən yay aylarında Bakı Bulvarında bu özbaşınalıqlar paytaxt sakinlərini zara gətirib. Ümumi vəziyyətlə tanış olmaq üçün Dənizkənarı Milli Parkda olduq. İlk öncə vətəndaşlarla həmsöhbət olduq. Milli Parka dincəlməyə gələnlərin çoxu buradakı qiymətlərdən şikayətləndi. Cavad Məmmədov adlı vətəndaş hər bulvara gələndə ən azı 50 manat xərclədiyini bildirdi. O buraya dostları ilə gəlirsə, bu məbləğ daha çox olur.

Nərgiz Həmidova adlı vətəndaş isə qiymətlərdən çox, restoranda çay xidmətindən narazılıq etdi. "Mən adətən axşamlar işdən sonra rəfiqələrimlə birgə Bulvarda çay içməyi xoşlayıram. Lakin hər dəfə istirahət əvəzinə əsəblərim korlanır. Biz bir "çaynik" çay sifariş veririk, bir də görürük ki, çaydan əlavə istənilməyən şeylər gətirilib. Qaytarmaq da olmur. Deyirlər ki, mütləq almalısız. Duranda da ən azı 10 manat hesab çıxır", - deyə Nərgiz xanım bildirdi.

Vətəndaşların da bəziləri kafelərdə onların aldadıldığını bildirdilər. Bəziləri isə addımbaşı dondurma, su və xırdavat satanlardan gileyləndi.

Başına gələn başmaqçı olar

Vətəndaşlarla söhbəti bitirib başladıq müşahidəyə. Əvvəlcə dondurmalarla maraqlandıq. Dənizkənarı Milli Parkda satılan dondurmaların qiyməti 70 qəpikdən 7 manata qədər dəyişir. Ən çox tələbat olan 0,5 litrlik sular isə 50 qəpikdən 60 qəpiyə qədərdir. Xatırladaq ki, suyun öz qiyməti 20 qəpikdir. Çips və müxtəlif xırdavatlar isə 80 qəpikdən 2 manata qədər, "pambıq" isə 1 manatdır. Adətən ən çox satılan popkorn isə 1 manatadır.

Kafe və restoranlarda isə qiymətlər insanı yeməmişdən "doyurur". Bir şiş kabab 6 manatdan yuxarıdır. Bir stəkan təbii şirə 2 manat, çörək 40 qəpik, təzə və duzlu salat isə 1 manatdır. Meyvə salatı 10 manat, çay dəstgahı isə 12-15 manat civarında dəyişir. Gündüzlər bir stəkan çaya 2 manat tələb olunsa da, axşamlar kafelərin çoxunda çay tək verilmir. Çay əgər zövqə görə mürəbbə ilə gətirilirsə, bu zaman qiymət 4-5 manata qalxır. Bulvar ərazisində siqaret almaq istəyənlər gərək bir az çox pul ödəsinlər. Hər siqaretin üstünə 40 qəpik pul qoyulur.

Əyləncəyə gəlincə, gəmi ilə gəzmək istəyənlər 1 saata 4 manat, uşaqlar üçün 2 manat pul ödəməlidir. Yarım saat gəmidə vaxt keçirtmək istəyənlər 2 manat, uşaqlar üçün 1 manat xərc çəkməlidir. Ən çox karusel və attraksionlarda əylənməyi üstün tutanlar 6 dəqiqə üçün pul ödəməlidir. Bu qiymət, demək olar ki, bütün karuseldə belədir. Yalnız çox da maraq kəsb etməyən karusellərdə qiymət nisbətən aşağıdır. Uşaqlar üçün nəzərdə tutulan karusel isə 4 dəqiqəyə 1 manatdır.

Ən azı 50 manat

Milli parkda ayaq yolu üçün 20, bəzi yerlərdə 30 qəpik pul ödəmək lazım gəlir. Xatirə şəkli çəkdirmək istəyənlər 2-3 manatlarından keçməlidirlər. Bulvarda gəzdiyimiz zaman 4 fontandan yalnız biri işlək vəziyyətində idi. Ətrafda isə çox da alışmadığımız təmizlik hökm sürürdü. Araşdırmalarımızdan məlum oldu ki, Dənizkənarı Milli Parkda 2 nəfər orta səviyyəli dincəlmək üçün ən azı 50 manat xərcləməlidir.

Bundan başqa, bulvarda ən çox narazı görünən əliuşaqlı analar idi. Onlar övladları üçün uşaq qidalarının satılmamasından narazılıq edirlər.

"Əvvəllər "ANA və uşaq" adlı yeməkxana vardı. Həmin yeməkxanada körpələr və azyaşlı uşaqlar üçün yeməklər olurdu. İndi hər şey satırlar. Amma uşaqlar üçün yemək olmur", - deyə Sevinc Kərimova adlı sakin şikayətlənib.

Bulvar İdarəsi deyir ki...

Gördüklərimizi paylaşmaq üçün Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla görüşdük. Məsələ ilə əlaqədar Nazim Məcidov Anspress-ə açıqlamasında edilən bəzi iradlarla razılaşdı. "Hər bir köşkdə, hər bir obyektdə satılan malın üstündə qiyməti yazılıb qoyulmalıdır. Əgər qiymət qoyulmursa, alıcı qiymətin yazılmasını tələb etməlidir. Bu, Bülvar İdarəsinin günahı deyil, bu satıcıların günahıdır. Bu gün Bakı şəhərində kafedə, restoranda kimisə aldadırlarsa, bu insan faktorudur. Bulvar İdarəsi birmənalı olaraq tələb edir ki, qiymətlər malın üstünə yazılıb qoyulsun. Biz bütün satıcılara tapşırırıq ki, qiymətlər başqa yerlərə nisbətən çox fərqlənməsin. Qiymətlərdəki fərq yalnız cüzi olaraq hiss oluna bilər. Bu xidmətlə bağlı, məhsulun bulvara gətirib çıxarılmasına çəkilən xərclər, kirayə haqqı və s. ilə əlaqədardır. Əslində restoran və kafelərin girəcəklərində menyudakı yemək və qiymətləri yazılmalıdır", - deyə N.Məcidov vurğuladı.

O ki qaldı sadəcə çay sifariş verərək, saatlarla kafedə stolu tutmağa, bu, müştərinin haqqıdır. Bunu üçün ona əlavə mal almağı heç kim məcbur etməməlidir. Bunu Nazim Məcidov güclə çay dəstgahının vətəndaşlara sırınması məsələsinə fikir bildirərkən dedi.

"Vətəndaşlar bilməlidirlər ki, ticarət mərkəzlərində, restoran və kafelərdə kimsə onlara zorla nəsə satırsa, həmin kəs mütləq cəzalandırılmalıdır. İlk növbədə satıcı cəzalandırılmalıdır. Əgər müdir onu bu addım atmağa məcbur edibsə, onda sahibkar cəzalandırılmalıdır. Eyni hal dəfələrlə təkrarlanarsa, müəssisə haqqında ciddi ölçü götürülməlidir. Bulvar İdarəsinin əsas amalı bura gələn vətəndaşların istirahətini tənzimləməkdir. Bura gələn insanı aldadırlarsa, onunla kobud danışırlarsa, onda həmin kəsin istirahəti pozulur", - söyləyən Nazim Məcidov onlar tərəfindən yoxlamaların aparılacağını bildirdi.

"Ana uşağını yedizdirmək istəyirsə, özü ilə yemək gətirsin"

Bulvarda körpələr və azyaşlı uşaqlar üçün yemək verilən kafelərin olmamasına gəlincə. N.Məcidov bunun elə böyük qəbahət olmadığını dedi. Onun sözlərinə görə, qabaqlar olan şeylər indi yoxdur, indi olanlar da əvvəllər olmayıb.

"Ana uşağını yedizdirmək istəyirsə, özü ilə yemək götürə bilər. Hazırda nəyə daha çox təlabat varsa, o da bulvarımızdavar. Bakı Bulvarı dünyanın ən yaxşı dənizkənarı parklarından biridir", - deyə N.Məcidov bildirdi.

Sonda Nazim Məcidov neqatin hallarla rastlaşan şəhər əhalisinin diqqətinə çatdırdı ki, onlar 480-18-36, (055) 281-70-00 nömrəli telefonlara zəng vursunlar. Biz isə öz növbəmizdə son söz demədən Dənizkənarı Milli Parkdakı vəziyyəti fotoların köməyilə göstəririk.