Cizgi filmi istehsalı sahəsindəki durğunluq nə ilə bağlıdır?

22 апреля 2014 11:13 комментариев

Day.Az представляет новость на азербайджанском языке.

İncəsənət sahələrinin təsiri nəticəsində insanın həm əxlaqi, həm intellektual, həm də ruhi müstəvidə zövqünün formalaşması danılmazdır. Musiqi var ki, qəzəbi sakitləşdirər , əbəbi əsər var ki, mərhəmət duyğusunu tərbiyə edər, rəsm var ki, təbiətə aşiq edər, film var ki, yatmış vicdanı oyadar.
 

Bir incəsənət növü də var ki, vətəndə ya intellektual, yaxşı insanların yetişməsinə, ya da küt və aqressiv kütlənin formalaşmasına səbəbolma iqtidarındadır. Azərbaycanda inkişafdan xeyli geri qalan - cizgi filmlərini nəzərdə tuturam.


Film industriyamız inkişaf edir, yerli serialların sayı günü-gündən artır, amma cizgi filmlərimiz hələ də barmaqla sayılacaq qədərdir.

Yadıma gəlir, uşaq vaxtı rəngsiz, ağ-qara televizorda sevərək, doymadan izlədiyimiz iki cizgi filmi vardı: "Nu, poqodi" və "Kot Leopold". Dovşanın çevikliyi, gücü olmasa da hər çətinlikdən hiyləylə çıxma bacarığı, məni istənilən situasiyadan çıxış yolu olduğuna inandırıb. Leopoldun isə başına oyun açan siçanları hər dəfə bağışlamağı, barışa, mehriban olmağa səsləməyi mənə mərhəmət hissini öyrədib.

Az qala, hər bölümünü əzbərə bildiyim bu cizgi filmlərdən daha doğma, daha yaxın bildiyim bir-iki yerli cizgi filmlərimiz vardı. Bəzilərinin dialoqlarının uşaqyana olmaması, əyləndirməməsi, bəzilərinin rənglərinin solğun, keyfiyyətsizliyi onları sevərək izləməyimə mane olmurdu.
 

Bizim 80-ci illərin nəslindən olanlar ölkə müstəqillik qazandıqdan sonra TRT-1, ardınca da o biri türk kanallarında göstərilən cizgi filmləri ilə tanış oldu. Bu kanallarda türk dilinə tərcümə edilmiş onlarla əcnəbi cizgi filmləri vardı. Əksəriyyəti də silahlı robotlar, ninja tısbağalar, hərbçi dovşanlar və s. Bu filmlərdə dünyanın ancaq mübarizə və müharibədən ibarət olduğuna inandırılırdıq. Həm adamlar, həm heyvanları əllərində silahlarla, bəzən bitkiləri, təbiəti belə insana qarşı çıxan obraz kimi görməyə başlamışdıq. Səs-küylü, əcaib məxluqların dialoqları, davranışlarını təkrarlayırdıq.

"Kirpi balası və alma", "Qız qalasının əfsanəsi", "Tıq-tıq xanım", "Cırtdan", "Meşəyə insan gəlir" cizgi-nağıl qəhrəmanlarımızın bizə bağışladığı çəhrayı, rahat eynəyimiz əlimizdən alındı.
 

Sovet vaxtı cizgi filmlərimiz də işğal olunmuşdu. Bunun travmasını hələ də yaşamaqdayam. Eyni filmə rus və ana dilində baxmaq imkanım varsa, çox vaxt rus dilində olanı seçirəm. Çünki beynim vizual informasiyanı rusca qəbul etməyə alışıb.
 

Şeirlərimin tərcüməyə bənzədiyini deyirlər. Bunun səbəbini uzun müddət anlamırdım. Daha sonra başa düşdüm ki, daha doğrusu, öz-özümlə danışanda fərqinə vardım ki, mən rus dilində düşünürəm. Ədəbiyyatı əksərən rusca oxuyuram. Buna görə də özümü rus adamının Azərbaycanca özünü ifadə etməsinə bənzər şəkildə yazıram.
 

İndi övladlarımız amerikan istehsalı olan, çoxseriyalı bədii filmlərin aludəsidir. Qanadlı, uzun quyruqlu , daim kiminləsə döyüşən, anormal saç rəngləri və geyim tərzləri olan məxluqlar uşaqlarımızın qəhrəmanlarıdır. Bu sizi heç narahat etmir? Artıq bu "qəhrəman"ların rəsmləri oyuncaqlar, boşqablar, divar kağızı, yataq dəstləri, paltar, məktəb ləvazimatlarında da bol-bol gözə girir. Bütün dünyanı valyutasına aludə edən Amerikanın cizgi filmləri insanların beynini körpəlikdən fəth edir. Bu yaxınlarda bizim saytda gedən "25-ci kadr" yazısını oxuyandan sonra anladım ki, niyə böyük dövlətlər cizgi filmlərinin çəkilməsi və yayılmasına bu qədər xərc çəkirlər. Onlar cizgi filmləri ilə dünyanın yeni əhalisini, yeni nəslini yaradırlar.
 

Hal-hazırda bir sıra nəşriyyatlar əvvəllər həsədlə baxdığımız rus dilli uşaq kitablarından daha yaxşılarını çap edirlər. "Altun", "Qanun", "Şərq-Qərb" nəşrlər evində rəngarəng, keyfiyyətli və sərfəli qiymətə onlarla uşaq kitabları çap olunur. Bu kitablarda həm folklor nağıllarımız, həm də müasirlərin yazdığı nağıllar, uşaq hekayələri var. Nəyə görə bu vətənpərvər, milli ruhda yazılan mətnlər vizuallaşdırılmır? Niyə mənasız, boş hay-küydən ibarət şou proqramlarına vaxt və pul ayıran telekanallar yeni, vətənpərvər nəslin yetişdirilməsinə dəstək olmur. Axı Televiziya yalnız əyləndirmək üçün mövcud olan yeşik deyil, o həm də kütləyə nüfuzetmə gücünə malik olan güclü vasitədir.
 

Cizgi filmləri haqqında məlumatlar axtararkən rəsmi dövlət saytlarından birində bir yazıya rast gəldim. Deyim ki, adı sadalanan cizgi filmlərinin heç birini görmək bir yana, heç adlarını da eşitməmişəm. Maraqlıdır, televiziyalarımızda bu cizgi filmləri niyə təbliğ olunmur? Çoxunun adını axtarışa verdim və demək olar ki, axtarışlarım nəticəsiz qaldı.

Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərindən başlayır. 1933-cü ildə "Azərbaycanfilm" studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparıblar.
 

60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradılıb. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu təyin olunub. Multfilm sənətinin sirlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılıb.

1969-cu il fevralın 28-də "Cırtdan" adlı xalq nağılının motivləri əsasında eyniadlı cizgi filmi çəkilib.
 

70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunub.
 

Bunlardan ikisi "Ayı və siçan" (rejissor: N.Məmmədov) və "Şir və öküz" (rejissor: A.Axundov) mikrofilmlərdir. İkinci film o vaxt "Kaleydoskop-71" Ümumittifaq kinoalmanaxına daxil edilmişdir. Üçüncü - "Fitnə" (rejissor: A.Axundov) rəngli applikasiya filmidir. Bu film isə dahi Azərbaycan şairi N.Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi (rəssam: E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur. "Pıspısa xanım və Siçan bəy" (1974) və "Cücələrim" (1980) cizgi filmlərində (rejissor: A.Axundov) orijinal plastik həllin axtarışları aydın nəzərə çarpır. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş "Tülkü həccə gedir" (rejissor: N.Məmədov, B. Əliyev) cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdəndir. "Çaqqal oğlu çaqqal" kukla filmi (1972-ci ildə çəkilib, rejissor: M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir. Filmlərin yaradılması üzərində rəssam - multiplikatorların böyük qrupu işləmişdir. A.Axundov, N.Məmmədov və M.Rəfiyevdən başqa M.Pənahi, B.Əliyev, H.Əkbərov, F.Quliyeva, Ə.Məmmədov da kinostudiyada cizgi filmləri yaratmışlar. "Bulud niyə ağlayır" (1973, rejissor: M.Pənahi) filminin mövzusu milli folklorumuzdan götürülmüşdür. Təsvirin həlli klassik şərq miniatürünə əsaslanır. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında animasiya filminə I mükafat verilmişdir. "Cırtdanın yeni sərgüzəşti" filmi (1973, rejissor: N.Məmmədov və B.Əliyev) kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik üzvi şəkildə bir-birinə bağlanmışdır. "Şah və xidmətçi" filminin də (1976, rejissor: N.Məmmədov) əsasını N.Gəncəvinin əsərinin motivləri təşkil edir. 80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan "Cücələrim", "Meşəyə insan gəlir", "Sehrli ağac", "Taya", "Dəcəl dovşan", "Sandıq", "Sən belə cumbulusan", "Sehrli ləçək", "Akvarium", "Cırtdan və div", "Yeni il əhvalatı", "Sehrli naxışlar" applikasiya üsulu ilə çəkilmişdir. 80-ci illərin əvvəllərində çəkilmiş "Cücələrim" adlı cizgi filmi (rejissor A.Axundov) tez bir zamanda populyar olmuşdur.

"Akvarium" applikasiya filmi (rəssam-rejissor F.Qurbanova) poetik filmdir. Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir.
 

90-cı illərdə "Azanfilm" markası altında 19 cizgi filmi çəkilmişdir. Bunların arasında "Bir dəfə haradasa..." (rejissor: V.Talıbov), "İthaf" (rejissor: Ş. Nəcəfzadə), "Oda" (rejissor: V.Talıbov, R.İsmayılov), "Sərkəyin dastanı" (rejissor: A.Məhərrəmov), "Göyçək Fatma", "Karvan" (rejissor: N.Məmmədov), "Güzgü", "Dəniz gəzintisi", "Ümid" (hamısı rejissor: E.Axundov), "Söhbətül-əsmar " (rejissor: E.Hami), "Şüəla" (T.Piriyev) maraqlı və baxımlı ekran əsərləridir.
 

Bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsəri əsasında çəkilmiş "Karvan" cizgi filmi üç novelladan ibarətdir: birincisi qədim insan məskəni Qobustandan söhbət açır. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 20 Yanvar və Xocalı faciəsindən bəhs edir.

Cizgi filmi istehsalında ən son uğur kimi 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin (MTN) dəstəyi ilə 3D formatlı "Cırtdan və Təpəgöz" adlı cizgi filminin çəkilməsini göstərmək olar.
 

Mənə maraqlıdır, niyə oğullarımız sinir pozan musiqilərin fonunda normalda qorxaq, amma qolundakı saatın sayəsində güclü birinə çevrilən Ben Tenə , qızlarımız kəpənək qanadlı, narıncı saçlı, yarıçılpaq Vinkslərə bənzəmək istəsinlər? Niyə uşaqlarımıza ancaq texniki çevrilmələr sayəsində bacarıqlı olduğu aşılanan cizgi filmlərinə baxmağa icazə veririk? Bəyəm bizim həsəd aparılacaq, öz qol və zehin gücünə uğur qazanan qəhrəmanlarımız yoxdur?

/1937.az/

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!