Pensiya yaşının artırılması məsələsinə AYDINLIQ GƏTİRİLDİ - AÇIQLAMA
"Sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi məqsədilə islahatlar davam edəcək."
Day.Az xəbər verir ki, bu fikirlər Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi"ndə əksini tapıb.
Sənəddə bildirilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15-65 yaş), 9,1 faizi isə 65 yaş və yuxarı qruplara aiddir:
"Hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlılığı baxımından qənaətbəxşdir. Lakin növbəti onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı şəxslərin sayının və xüsusi çəkisinin artması, pensiya təminatının əsas maliyyə mənbəyi olan məcburi sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına və nəticədə maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər."
Bu fikirlərdən belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycanda əhalinin yaşlanması ilə bağlı pensiyaya çıxma yaşının artırılması məsələsi gündəmə gələcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırda pensiya yaşının artırılması ilə bağlı hər hansı müzakirə aparılmır.
O, qeyd edib ki, bu sahədə hələlik heç bir layihə təqdim olunmayıb:
"Pensiya islahatlarının daha da dərinləşdirilməsi, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritetlərdən biridir. Bu məsələlər, xüsusilə uzunmüddətli dövr üçün nəzərdə tutulur. Bu müddət ərzində əhalinin yaşı, sığorta ödənişləri və digər faktorlara əsaslanaraq qərarların verilməsi gözlənilir. Lakin konkret olaraq pensiya yaşının dəyişdirilməsi ilə bağlı hər hansı bir layihə hələ müzakirə olunmur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mövcud fiskal imkanlar və demoqrafik vəziyyəti nəzərə alaraq fəaliyyətləri sistemləşdirməyə çalışır."
Millət vəkili həmçinin özəl pensiya fondlarının yaradılmasının və sığorta-pensiya münasibətlərinin tənzimlənməsinin vacib məsələlərdən olduğunu vurğulayıb:
"Bu istiqamətdə islahatların dərinləşdirilməsi və yeni qərarların qəbul edilməsi mümkündür. Növbəti illərdə bu sahədə atılacaq addımlar gözlənilir."
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре