Ağdam rayonunun Mirəşelli kəndindəki Şəmsi kəhrizində bərpa-təmir işlərinə başlanıb

Müharibə bitdikdən sonra Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin kankanları (kəhriz ustaları) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi "Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı" layihəsi çərçivəsində Ağdam rayonunun Mirəşelli kəndinin ərazisindəki Şəmsi kəhrizində yarımçıq qalmış bərpa-təmir işlərinə başlayıb.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.

Bu layihə üç fərqli, lakin sıx əlaqəli yanaşma çərçivəsində həyata keçirilir. Bunlar kəhrizlərin bərpası və icmaların və kankanların bacarıqlarının artırılmasıdır.