"İçki düşkünüyəm, polis isə mənə inanmır..."
Day.Az представляет новость на азербайджанском языке:
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində ittiham olunan Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Cavid Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Cavid Hüseynov sədrlik edib.
Məhkəmə yolu ilə müəyyən olunub ki, C.Quliyev bu il martın 12-də "Neftçilər" metrosunun yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan 3 nəfərlə əlbir olaraq onlardan götürdüyü külli miqdarda narkotik vasitə olan tiryəki özü ilə daşıyaraq "Nargilə" kafesinin qarşısına gedib.
C.Quliyev Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun üzərindəki 610 qram narkotik vasitə aşkar edilərək götürülüb.
C.Quliyevə Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Cavid Quliyev ifadəsində göstərib ki, əvvəllər yol qəzası keçirdiyinə görə uzun müddət xəstəxanada yatıb, əsəb xəstəliyindən əziyyət çəkir. O, spirtli içki aludəçisi olduğunu, amma heç vaxt narkotik vasitə qəbul etmədiyini göstərib: "Heç yanda işləmirdim, içki pulunu anamdan alırdım. Həbs olunan gün sərxoş idim. "Neftçilər"dəki ev bazarının yanındakı parka getmişdim. Orada qiyabi tanıdığım, adını bilmədiyim maklerlə, Təbriz adlı şəxslə və bir gözü kor olan, adını unutduğum bir nəfərlə görüşdüm. Bildiyim odur ki, hər üçü Neftçala rayonundan idilər.
Söhbət əsnasında pulsuzluqdan gileyləndim, kasıbçılıq olduğunu dedim. Onlar mənə "veş var, aparıb "Nargilə" kafesinin yanında bir nəfərə çatdıracaqsan, həmin adam sənə 300 manat verəcək, pulun 100 manatını sənə verərik" dedilər. Amma aparacağım "veşin" nədən ibarət olduğunu və kimə çatacağını demədilər".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, makler kimi tanıdığım şəxs harasa gedib, 5-10 dəqiqədən sonra geri qayıdıb və sellofanda olan bağlamanı ona verib, "malı ver, geri qayıt, burada "Bizim market"in qarşısında səni gözləyəcəyik" deyib.
C.Quliyev də öz növbəsində bağlamanı gödəkcəsinin qoltuğuna qoyub, taksi ilə deyilən ünvana yollanıb. Taksini "Nargilə" kafesinin arxa tərəfində saxlatdıran kimi maşından düşməmiş polis əməkdaşları ona yaxınlaşıb, ev oğrusuna oxşatdıqlarını deyərək onu polis idarəsinə aparıblar.
Polis idarəsində üzərinə baxış keçirilərkən C.Quliyev maklerin ona verdiyi bağlamanı polislərə təqdim edib. İçərisində ev səndələri olduğunu güman etdiyi bükülü açıldıqda içindən tünd rəngli maddə aşkar edilib.
C.Quliyevin sözlərinə görə, polislər ona həmin maddənin tiryək olduğunu deyiblər: "Apardığım əşyanın narkotik olduğunu bilməmişəm, bu, mənə polis idarəsində məlum olub. Təbrizgil deyirdilər ki, ev sənədləridir. İbtidai istintaq zamanı Təbriz və o kor adam barədə müstəntiqə ətraflı məlumat vermişəm, həmin şəxsləri onlara göstərə biləcəyimi demişəm. Amma polis sözümü dinləmədi, heç bir tədbir görmədi, narkotik vasitənin əsl sahibləri müəyyən edilmədi".
Şahid qismində dindirilən Xətai RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Vüsal Mərdanov ifadəsində həmin gün bölmənin əməliyyat müvəkkili Həsənbəy Şərifovla xidməti ərazidə olarkən yolun kənarında gümüşü rəngli avtomobildən həyəcanlı şəkildə sağa-sola baxaraq düşmək istəyən bir nəfərin özünü şübhəli apardığını görərək onu saxladıqlarını göstərib: "Yaxınlaşıb sənəd təqdim etməsini istədik, sənədlərinin üstündə olmadığını dedi. Qoltuğundakı sellofan bağlamada nəsə olduğunu görüncə daha da şübhələnib polis idarəsinə apardıq. Üzərinə baxış keçirilərkən bizə təqdim etdiyi bağlamanın içindən narkotik vasitə aşkar olundu".
Şahid qismində dindirilən əməliyyat müvəkkili Həsənbəy Şərifov da eyni məzmunlu ifadə verib.
Məhkəmənin hökm ilə Cavid Quliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре