Onlara da hərbi xidmətdən möhlət verilə bilər

Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif olunur. Bu məsələ Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan Ombudsmanın məruzəsində əksini tapıb. "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi mümkün hesab olunur.

Day.Az xəbər verir ki, hazırda qüvvədə olan qaydalara əsasən, ali təhsil müəssisələrində əyani formada təhsil alan çağırışçılara hərbi xidmətdən möhlət verilir. Qiyabi təhsil alanlara isə bu hüquq şamil edilmir. Lakin Milli Məclisdə gələcəkdə qiyabi təhsil alanlara da hərbi xidmətdən möhlət verilməsi imkanının yaradılması təklif olunub.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında müzakirəyə çıxarılan İnsan Hüquqları üzrə Müvəkkilin 2025-ci il üzrə məruzəsində bu təşəbbüs yer alıb. Təklif xüsusilə qiyabi oxuyan və ya işləməklə paralel təhsil almaq istəyən gənclər arasında böyük maraq doğurub.

Bəzi vətəndaşlar dəyişikliyin tətbiqini dəstəkləsə də, digərləri bunu məqsədəuyğun hesab etmir.

Millət vəkili Razi Nurullayev bildirib ki, gələcəkdə təhsil səviyyəsinin aşağı düşməsinin qarşısını almaq və keyfiyyətin daha da artırılmasını təmin etmək məqsədilə bu addımın atılması məqsədəuyğun ola bilər.

Elcan Turan
Day.Az