“Ekspo 2025”də Azərbaycan pavilyonu insanların böyük marağına səbəb oldu - VİDEO

Yaponiyanın Osaka şəhərində "Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq" (Designing the Future Society for Our Lives) mövzusunda "Osaka, Kansai Ekspo 2025" dünya sərgisi işinə başlayıb.
Trend xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub.
"Ekspo 2025"in ilk günündən Azərbaycan pavilyonunda izdiham yaşanıb, insanlar pavilyonumuza böyük maraq göstəriblər.
Day.Az bildirir ki, Azərbaycan pavilyonu "Ekspo 2025"in "Həyatları əlaqələndirmək" (Connecting Lives) bölməsində yerləşməklə "Dayanıqlı inkişafa doğru yeddi körpü" (Seven bridges for sustainability) mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlıinkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığınümayiş olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycan ənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkə motivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinə nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif istiqamətlərlə - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət, memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm sahələri ilə tanışlıqla başlayırlar.
Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yer alıb. Bunlar "Azərbaycan ağacı", "Yapon ağacı", Azərbaycan və yapon ağaclarının sintezi olan "Dostluq ağacı"dır.
155 hektardan çox ərazini əhatə edən "Ekspo 2025"də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dək müddətdə "Ekspo2025"ə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре