“Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki,sənədə edilən dəyişikliyə əsasən, bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi;

korrupsiya riski - korrupsiya hüquqpozmalarının və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların törədilməsi ehtimalı;

korrupsiya risklərinin idarə edilməsi - korrupsiya risklərini azaltmaq məqsədilə korrupsiya risklərinin və həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də həmin risklərin təhlili, qiymətləndirilməsi və qarşısının alınması üzrə tədbirlər görülməsi;

səlahiyyətli struktur bölmə (şəxs) - korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması, maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhət verilməsi və korrupsiya risklərinin idarə edilməsi funksiyalarını həyata keçirən bir və ya bir neçə səlahiyyətli struktur bölmə və ya səlahiyyətli şəxs.

Sənədə görə, orqanın (qurumun) rəhbəri korrupsiya risklərinin idarə edilməsi məqsədilə səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edir. Korrupsiya risklərinin idarə edilməsi prosesinə xüsusi bilik tələb edən sahələr üzrə mütəxəssislər cəlb edilə bilər.

Orqanda (qurumda) hər il yanvarın 15-dən aprelin 15-dək əvvəlki ili əhatə edən korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi aparılır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlərin ümumiləşdirilməsinin nəticələrinə əsasən fəaliyyətindən daha çox şikayətlərin daxil olduğu struktur bölmədə və ya tabeliyində olan qurumda orqanın (qurumun) rəhbərinin qərarına əsasən digər müddətlərdə də risklərin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi keçirilə bilər.

Korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qiymətləndirilməsi həyata keçirilərkən aşağıdakı məlumatlar nəzərə alınır:

hüquqi və fiziki şəxslər arasında keçirilən sorğuların nəticələri;

korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılan araşdırmaların nəticələri;

mediada, həmçinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılan informasiya və korrupsiya risklərinin müəyyən edilməsi üçün mənbəyi məlum olan digər məlumatlar;

orqanın (qurumun) fəaliyyətini tənzimləyən hüquqi aktlar;

dövlət maliyyə nəzarəti tədbirlərinin, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin, yaxud məcburi və ya könüllü auditin nəticələri;

orqanın (qurumun) fəaliyyəti üçün xarakterik olan, mütəmadi olaraq baş verən korrupsiyaya şərait yaradan hallar;

orqanın (qurumun) fəaliyyətinə dair inzibati məhkəmə icraatında baxılan inzibati mübahisələrin sayı, predmeti və bunlarla bağlı müvafiq qərarlar.

Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və bununla əlaqədar cari il üçün müəyyən edilən tədbirlər, həmçinin əvvəlki il üzrə müəyyən edilmiş tədbirlərə dair görülmüş işlər barədə məlumatlar hər il iyunun 1-dək Komissiyaya təqdim edilməlidir. Korrupsiya riskləri, həmin risklərə uyğun olaraq müəyyən edilən hədəflər, eləcə də risklərin qiymətləndirilməsinin nəticələri və görülmüş işlər barədə məlumatlar dövri olaraq ictimaiyyətə açıqlanır.

Komissiya bu Qanuna uyğun olaraq ona təqdim edilən məlumatların təhlili əsasında müvafiq orqana (quruma) korrupsiya risklərinin idarə edilməsinə dair tövsiyələr, həmçinin korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər verə bilər.

Orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Orqanların (qurumların) rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməli, işçilərin və iş görən və ya xidmət göstərən digər şəxslərin (bundan sonra - işçilərin) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.

Orqanların (qurumların) rəhbərləri həmin orqanın (qurumun) strukturu, işçilərinin say həddi, fəaliyyət istiqamətləri, iş həcmi nəzərə alınmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edirlər.

Orqanlarda (qurumlarda) çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə (şəxsə) verə bilərlər. Səlahiyyətli struktur bölmə (şəxs) öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır. Səlahiyyətli struktur bölmə (şəxs) işçilər barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, insan resurslarının idarə olunması və işçilərin qiymətləndirilməsində (attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etməməlidir. Səlahiyyətli struktur bölmə (şəxs) orqanların (qurumların) rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir.

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.

Orqanın (qurumun) rəhbəri müvafiq orqan (qurum) daxilində bu Qanunun 11-2.2-ci maddəsinin tələblərinə riayət olunmasını təmin edir və həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olur.

Bu Qanunun 11-2.2-ci maddəsində nəzərdə tutulmuş tədbirə məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.

Sənədlə bağlı müvafiq fərman da imzalanıb.