Cənubi Qafqaz “təmiz” texnologiyalara investisiya üçün əsas məkanlardan birinə çevrilə bilər

Cənubi Qafqaz "təmiz" texnologiyalara investisiya üçün əsas məkanlardan birinə çevrilə bilər.

Day.Az xəbər verir ki, bunu Energetika və mənzil məsələləri üzrə Avropa Komissiarı Dan Yorgensen martın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.

"Qara dəniz üzrə strategiyamız çərçivəsində nəqliyyat, rəqəmsal və enerji infrastrukturları arasında əlaqələrin gücləndirilməsi məqsədilə "Əlaqəlilik Gündəliyi"ni irəli aparırıq. Mən bu regionda elektroenergetika və bərpa olunan enerji sahəsində böyük potensial görürəm. Elektrik enerjisi sistemlərinin əlaqələndirilməsi enerji sisteminin xərclərinin azaldılması, daha çox bərpa olunan enerji mənbələrinin inteqrasiyası, eləcə də elektrik enerjisinin ikitərəfli axını və ticarətinin təmin olunması baxımından son dərəcə vacibdir. Biz milli enerji sistemlərini gücləndirmək və regionda strateji ikitərəfli ötürücü interkonnektorlar yaratmaq istəyirik. Bu, regional elektrik enerjisi ticarətini artıracaq və region üzrə paylanmış bərpa olunan enerji mənbələrindən maksimum səmərə ilə istifadəni təmin edəcək",-deyə o bildirib.

 

O bildirib ki, Azərbaycan və qonşu ölkələrlə bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və enerji şəbəkələri sahəsində dərinləşdirilmiş əməkdaşlıq üçün böyük potensial mövcuddur.

"Avropa şirkətləri öz texnologiyalarını, maliyyə imkanlarını və təcrübələrini tətbiq etmək üçün imkanlar axtarırlar. Cənubi Qafqaz "təmiz" texnologiyalara investisiya üçün əsas məkanlardan birinə çevrilə bilər. Hökumətlər, maliyyə institutları və özəl sektor bunu gerçəkləşdirmək üçün birgə fəaliyyət göstərə bilərlər. Aİ tərəfi olaraq biz əlavə dəstəyi, o cümlədən zəmanətlərin səfərbər edilməsi, qarışıq maliyyələşdirmə alətləri və tənzimləyici dəstək imkanlarını nəzərdən keçirməyə hazırıq", -deyə o aydınlaşdırıb.