Xəzərdəki hazırkı vəziyyət dənizin ekoloji problemlərinin həllinə vahid yanaşma tələb edir

Xəzər dənizinin ətraf mühitinin hazırkı vəziyyəti Xəzəryanı dövlətlərdə ciddi narahatlıq doğurur və Xəzərin ekoloji problemlərinin həllinə vahid yanaşma tələb edir.

Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov III Xəzər İqtisadi Forumunun plenar iclasında çıxış edərkən deyib.

"Xəzər dənizinin dayazlaşması məsələləri dövlətlərimizin başçılarının VI Xəzər Zirvə toplantısında hərtərəfli müzakirə mövzusuna çevrildi. Səbəblərin müəyyən edilməsi və dayazlaşmanın qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib", - o bildirib.

İşçi qrupun ilk iclasını Bakıda təşkil etməyə imkan verəcək bütün zəruri razılaşmaların tezliklə başa çatacağına ümid ifadə olunub.