Serj Sarkisyan: "Qəbuledilməz vəziyyət bitdi..."
Day.Az представляет новость на азербайджанском языке
Hamı prezident Sarkisyanın, nəhayət, televiziya ekranından birbaşa xalqla "danışacağını" gözləyirdi, lakin o yenə də prezident iqamətgahında toplantıda çıxış etdi
"Qəbuledilməz vəziyyət bitdi, lakin tam həlli hələ gələcəkdədir", - Yerevanda polis keşikçi-patrul xidməti (KPX) alayının silahlı qrup tərəfindən ələ keçirilməsi ilə bağlı yaranmış vəziyyəti şərh edərək, Ermənistan prezidenti deyib.
"Sasna tsrer" (Sasunlu çılğınlar) adlı silahlı dəstənin KPX alayını saxladığı iki həftə ərzində dəstənin hərəkətlərinə heç bir qiymət verməyən Ermənistan prezidenti bəyan edib ki, öz niyyətlərini vətənpərvərlik və sosial ədalət çağırışları arxasında gizlədərək, silahlı qrupun hərəkətləri "terrorist sayağı" olub.

Milli.Az BBC-yə istinadən bildirir ki, bununla belə, Sarkisyan əsaslı, dəqiq və qərəzsiz araşdırma və açıq məhkəmə dinləmələri keçiriləcəyini bildirib.
"Hər kəs öz hərəkətləri üçün yalnız qanun qarşısında cavab verməlidir", - o deyib.
Sosial şəbəkələrdə yayılan video görüntülərdə 40-a yaxın mülki geyimli şəxsin "qadağan olunmuş əraziyə" keçdiyi həkk olunub. Şahidlər məhz onların nümayişçilərə, dinc əhaliyə və jurnalistlərə hücum etdiyini söyləyir
Hüquq-mühafizə orqanlarının yeganə "qüsuru", prezident Sarkisyanın sözlərinə görə, jurnalistlərlə bağlı insidentlər olub, Sarkisyan polis əməkdaşlarına təşəkkür bildirib, jurnalistlərdən isə bunun üçün üzr istəyib.
"Üzr istəyib, xahiş edirəm bu halları unudasınız, bunlar bir daha heç vaxt təkrar olunmaz", - Sarkisyan deyib.
Yerli və beynəlxalq hüquq-müdafiə və jurnalist təşkilatları polis qüvvələrinin "dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc" tətbiq etdiyi və bu günədək bu hallar və jurnalistlərə qarşı zorakılıq üçün heç bir polis nümayəndəsinin məsuliyyətə cəlb edilmədiyini qeyd edirlər.
QHT nümayəndələri iyulun 30 gecəsi KPX alayı yaxınlığında Xorenatsi küçəsi və Sari Tağ məhəlləsində polis tərəfindən dinc nümayişçilərə qarşı xüsusi vasitələr, o cümlədən, səs qumbaraları, dəyənək və gözyaşardıcı qazdan istifadə olunduğunu qeyd ediblər.

Sari Tağ əhalisinə və jurnalistlərə mülki geyimli naməlum şəxslərin dəyənək və daşlarla hücum edib, jurnalistlərin texnikasına zərər yetirdikləri halları qeyd olunub.
Polis cərgələri arxasından çıxıb əhaliyə və jurnalistlərə hücum edən mülki şəxslərin "polis təxribatçıları" yaxud "oliqarxların mühafizəçiləri" olduğu ehtimal olunur.
70-dən artıq insan, o cümlədən, 14 jurnalist yardım üçün xəstəxanalara müraciət edib.
KİV azadlığı məsələləri üzrə ATƏT nümayəndəsi Dunja Mijatoviç jurnalistlərə qarşı zorakılıq halları ilə bağlı Ermənistan XİN rəhbərinə müraciət edib.
"Hakimiyyət hüquq-mühafizə orqanları nümayəndələrini jurnalistlərə qarşı təmkinli olmağa məcbur etmək və jurnalistlərin polis və kriminal ünsürlərdən müdafiəsini təmin etmək üçün lazımi tədbirlər görməlidir", - Dunja Mijatoviç məktubunda yazıb.
Avropa rəsmisi iyulun 21 və 30-na keçən gecə Yerevanda KPX alayı yaxınlığında öz vəzifələrini yerinə yetirərkən "polis və mülki şəxslərin hücumundan" zərər çəkmiş jurnalistlərin siyahısını dərc edib.

Bu günlər ərzində yüzlərlə tutulub saxlanan insan polis bölmələrinə aparılmayıb, onlar daxili işlər hərbi hissəsinin idman zalında saxlanılıblar. Hüquq-müdafiəçi Artur Sakunts saxlanlanların üzü maskalı polislər tərəfindən döyüldüyü, təhqiranə münasibət göstərildiyini bildirib.
"Milli etimad hökuməti"
"Nəticə çıxarmaq vaxtıdır. Bu hadisələrin tam təhlili hələ çox vaxt tələb edir. Lakin aydındır ki, Ermənistanın siyasi və ictimai həyatında əsaslı dəyişikliklər etmək lazımdır", - Ermənistan prezidenti bəyan edib.
Eyni zamanda Serj Sarkisyan hakimiyyət orqanlarında istefalar və ya hər hansı növbədənkənar addımlar barədə bir söz deməsə də, mövcud problemlərin həllinin tezləşdirilməsinin zəruriliyini qeyd edib.
"Bu mərhələdə məqsədimiz milli etimad hakimiyyəti yaratmaqdır. Konstitusiya islahatları da məhz buna xidmət etməlidir, məhz həmin islahatlardır belə bir hakimiyyətin formalaşmasının əsasını təşkil edən", - Serj Sarkisyan deyib.
Sarkisyan əmin edib ki, "cəmisi bir neçə aydan sonra bizdə məhz belə hakimiyyət, belə hökumət olacaq".
Milli etimad hökuməti yaratmaq - polis KPX alayını silahla ələ keçirib iki həftə saxlayan dəstənin əsas tələblərindən biridir, bunu ötən həftə polis alayı ərazisində jurnalistlərlə görüş zamanı silahlı qrupun lideri Varujan Avetisyan BBC müxbirinə demişdi.
"Biz tələb edirik, Serj Sarkisyan istefa versin, müvəqqəti milli etimad hakimiyyəti yaradılsın və bir il ərzində ədalətli seçkilər keçirilsin, legitim hakimiyyət formalaşdırılsın", - Varujan Avetisyan deyib.
Lakin "mövcud rejim" şəraitində heç bir islahat mümkün deyil, BBC müxbiri ilə söhbətdə "Asparez" Gümri jurnalist klubunun rəhbəri Levon Barseğyan deyib.

Onun sözlərinə görə, insanlar illərlə yüksək işsizlik səviyyəsi, əhalini az qala yarısının yoxsulluğu, korrupsiya, qohumbazlıq, ölkəni tərk etməyə məcbur olduqlarından şikayətlənir.
"İnsan hüquqlarının kütləvi surətdə məhdudlaşdırılması, hüquqi bərabərsizlik - məhkəmələr hakimiyyətin göstərişi ilə qərarlar çıxarır, seçkilərin daima saxtalaşdırılması, kriminal-oliqarxiyanın bütün sahələr üzərində inhisarı... Bütün bunlar başqa həll yollarını axtarmağa məcbur edir", - Barseğyan deyir.
Barseğyan prezident Sarkisyan hakimiyyətinin islahatlar etməyə qabil olmadığını düşünür.
"Prezident müdrik olsa, öz komandası ilə anlayar ki, problem üsyançılarda deyil, onun yeritdiyi fərsiz siyasəti və idarəçiliyindədir. Hakimiyyət reallıqdan uzaqdır, inanmıram ki, Serj Sarkisyan birdən-birə dəyişsin", - o deyir.
"Silah və zor gücünə heç bir məsələ həll oluna bilməz"
Nitqinin böyük hissəsini Serj Sarkisyan "problemləri silah və zor gücünə həll etmək faciəvi əhval-ruhiyyələrə" həsr edib.
"Silah və zorakılıqla Ermənistanda məsələ həll olunmayacaq, - o deyib. - İstənilən insan hakimiyyəti, prezidenti sevməyə, yeridilən siyasətə qarşı ola bilər, lakin bu, silahla məsələ həll edənlərin qəhrəmanlaşdırılması üçün səbəb ola bilməz. Hakimiyyət bu gün gəlib, sabah gedəndir, terrorizmin həvəsləndirilməsi xərçəng şişi kimi qalıb yayılaraq, xalqımızın yaratdığını məhv edər. Bundan qorxmaq, bunun kökünü kəsmə k lazımdır".
Yerevan Helsinki Komitəsinin sədri Avetik İşxanyan isə hesab edir ki, hakimiyyət "bu böhrandan" düzgün nəticə çıxarmasa, "silahlı dəyişiklik" cəhdi presedentə çevrilə bilər.
"Qanuni yollarla ədalətə nail olmaq mümkün olmayanda, başqa amillər işləməyə başlayır", - hüquq-müdafiəçi deyir.

Bir daha Qarabağ haqqında
Serj Sarkisyan son zamanlar ölkə hakimiyyətinin ünvanına, o cümlədən "Sasna tsrer" silahlı qrup tərəfindən səslənən Qarabağ münaqişəsinin həlli prosesində Ermənistan rəhbərliyinin "torpaq təhvil verməyə hazırlaşması" ittihamlarına cavab olaraq bəyan edib ki, "birtərəfli güzəşt olmayacaq".
"Mən bizim dəqiq mövqemizə dair saysız-hesabsız açıq bəyanatlar vermişəm. Təkrar edirəm - Qarabağ probleminin tənzimlənməsi yolunda birtərəfli güzəşt olmayacaq. İstisna olunur. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Təkrar edirəm - bu, istisna olunur", - Ermənistan prezidenti deyib.
Sarkisyan Qarabağ probleminə "bütün şüurlu həyatı"nı həsr etdiyini bəyan edib.
"Xalqım üçün məqbul həllə nail olmaq üçün istənilən vəzifədən imtina etməyə, həyatımı qurban verməyə hazıram", - Sarkisyan deyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре