Daşkənddə Əmir Teymurla bağlı beynəlxalq elmi konfrans keçiriləcək

9-10 aprel 2026-cı il tarixlərində Daşkənddə türk dünyasının ən böyük fatehlərindən  olan Əmir Teymurun  690  illiyi  münasibətilə "Əmir Teymur və Teymuri Renessansının dünya tarixində və mədəniyyətində yeri və əhəmiyyəti" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Day.Az olaylar.az-a istinadən xəbər verir ki, tədbir çərçivəsində türk dünyasının tanınmış alimləri, tarixçiləri və ədəbiyyatşünasları bir araya gələrək Əmir Teymur və Teymuri dövrünün dünya tarixi və mədəniyyətinə təsirini müzakirə edəcəklər.

TÜRKSOY-un  təşkilatçılığı  ilə  keçiriləcək  konfransda Azərbaycanın tanınmış ədəbi simaları da iştirak edəcək. Onların arasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı  Anar, yazıçı-publisist, tarixi romanlar  müəllifi Yunus Oğuz, nasir, yazıçı-dramaturq və publisist Elçin Hüseynbəyli, şair, tərcüməçi, ədəbiyyatşünas və naşir Səlim Babullaoğlu yer alır.

Bundan əlavə, 11 aprel tarixində TÜRKSOY və digər tərəfdaş təşkilatlarla birgə əlavə tədbir təşkil olunacaq. Konfransın əsas məqsədi Əmir Teymur və Teymuri Renessansının mədəni irsini araşdırmaq və türk dünyası ölkələri arasında elmi və mədəni əməkdaşlığı gücləndirməkdir.