Makron Paşinyanın "qələmini" Münhendə qırdı

Fransa prezidenti Emmanuel Makronun Münhen Təhlükəsizlik Konfransında Rusiya ilə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr davam edir.

Makronun sözləri Ermənistanda da birmənalı qarşılanmayıb.

Fransa prezidenti nə demişdi?

Makron Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə Rusiyanı qeyri-sabitliyin və xaosun əsas mənbəyi adlandırmışdı. O bildirmişdi ki, Rusiya təkcə Ukraynada deyil, Qafqazda da eyni siyasəti yürüdür.

Sitat: "Qafqazın problemlərini mənim təsvir etdiyim neokolonial Rusiya həll edəcəyinə kimsə necə inansın? Mən dostum baş nazir Paşinyanın qarşısında deyirəm, onun yanında dayanmağa davam edəcəyik". 

Emmanuel Makron prezident Vladimir Putini yalan danışmaqda ittiham edib, Rusiyanı "mafioz dövlət" adlandırmışdı.

Fransa prezidenti Rusiya hakimiyyətinə qarşı bütün ittihamlarını Paşinyanla görüşdə səsləndirdiyi üçün onun fikirləri Ermənistan mediasının xüsusi diqqətini çəkib.

Day.Az xəbər verir ki, "Hraparak" nəşrində dərc olunan məqalədə Makronun çıxışının Ermənistana qarşı təxribat olduğu vurğulanıb.

"Makronun çıxışını qısaca olaraq Ermənistanla Rusiya arasında münasibətləri gərginləşdirməyə yönəlmiş diplomatik və geosiyasi təxribat kimi qiymətləndirmək olar.  Avropanın və ya Makronun özünün Rusiya haqqında deyəcəkləri iki geosiyasi mərkəzin işidir. Rusiyaya qarşı belə fikirlər səsləndirmək Makronun öz işidir, özü bilər. Amma niyə Makron bütün bu fikirləri Nikol Paşinyanın yanında deyir? O, Putinə açıq mesaj verdi ki, baxın, Paşinyan bizimlədir, deyirik, dinləyir, etiraz etmir... Bu, açıq diplomatik təxribat idi".

Müəllif yazır ki, hazırda Rusiya ilə Ermənistanın münasibətləri soyuqdur və Avropa bu soyuqluqdan Moskvaya qarşı istifadə edir.

"Ermənistanın hazırkı hakimiyyətinin geosiyasi oriyentasiyası heç də başadüşülən deyil.

Bir şey aydındır ki, Paşinyan, Rusiya ilə münasibətləri korlamaq üçün hər şeyi edir. Bu faktdır ki, Ermənistan hazırda təkdir. Bu arada Avropa Rusiyanı zəiflətmək və məhv etmək üçün kiçik Ermənistandan istifadə etmək qərarına gəlib. Avropa Ermənistandan böyük geosiyasi intriqalarında vasitə kimi istifadə edib, Ukraynada olduğu kimi Cənubi Qafqazda da müharibəyə səbəb ola bilər.  Bu müharibə Ermənistan üçün faciə ilə nəticələnər".

Yazıda Ermənistanın gərgin geosiyasi proseslər fonunda  qeyri-müəyyən istiqamətə getdiyi xüsusi vurğulanıb.

"Makron Paşinyana deyir ki, sizə dəstək olacayıq. Necə dəstək olacaqlar? Bəyanatlarla? Tostlarla? Paşinyanın Makron və Blinkendən gözləntisi nədir? Bu bəlli deyil. Paşinyan imkan verir ki, Makron onun yanında Rusiyanı təhqir etsin. Həmçinin Azərbaycanın davranışlarına məhəl qoymadan Ermənistan-Azərbaycan, Türkiyə-Ermənistan sülh prosesindən danışır. Bu davranışlar Ermənistanı heç də yaxşı istiqamətə aparmır".

Elvin Səxavətoğlu