Tənha və nəhəng Hamlet

Day.Az представляет новость на азербайджанском языке

Qəribədi. Hamlet Qurbanov uşaqlığımda ilk gördüyüm və marağımı çəkən aktyorlardan olsa da, sonralar oturub-durduğum, haqqında yazdığım sənət adamları arasında nədənsə o, yer almadı. Hərçənd, onun istedadı və fəaliyyəti daha böyük diqqətə layiq idi. Görünür, bu da taleyin növbəti ironiyası idi, aktyoru yalqız buraxmamışdı. Əslindəsə bəxt sarıdan yarımayan, həyatın sürprizlərindən qaçammayan Hamlet Qurbanovun yaşadığı ömür büsbütün yalqızlıq içində keçdi. Daim insanların, illah da, doğulandan dünyadan köçənədək onu özündən çox istəyən anası Gülxar Həsənovanın əhatəsində ola-ola tək qalmaq ürək ağrıdan həqiqətdi. Ancaq nə etməli, Hamlet sələflərindən "miras" qalmış zavallılıq taleyini yəqin beləcə yaşamalıymış. 

Bəli, bütün zamanların böyük aktyorlarının oxşar bir cəhəti varsa, bu da onların tale payına düşən zavallılığıdı. Şekspirin məşhur qəhrəmanı, adaşı kimi krallığa layiq, di gəl, iddialı olmayan Hamlet. O istər sənət, istərsə də şəxsi həyatında nəyə iddialı idi ki? Heç nəyə. Cavabın qısalığına baxmayaraq, suallar, şərhlər, yozumlar uzun-uzadıdı. Axı o, kimiydi və nə istəyirdi? Hamlet Qurbanov özü fərqində olmasa da, dünən və bu gün təkrarsız istedadı və qəribəliyilə əksəriyyətin qəbul elədiyi sənətkar idi - bu faktdı. Ancaq generallıq potensialını bilə-bilə, duya-duya sənətin əsgəri (öz təbirincə desək "soldat" - S.E.), sıra nəfəri təki usanmadan xidmətdəydi bu sənətkar. Heç nəyə can atmadan, heç nə uğrunda çarpışmadan. Ətrafında dolaşan insanların demək olar, hamısı xalq artisti fəxri adı, dövlət mükafatı, ev, maşın əldə etmək üçün mübarizə apardıqları halda, Hamleti belə məsələlər zərrəcə düşündürmürdü. O, adaşı, faciə qəhrəmanı kimi bəşəri ideyalar yolunda vuruşmaqdan və özünü qurban verməkdən də uzaq idi. "Xaraktersiz xarakterəm" - bu formulu sənətkar vaxtilə teatrşünas alim Aydın Talıbzadəylə söhbətində öz təbiəti haqda söyləmişdi. Onu qəribə adam adlandıranlara cavabısa məncə, daha maraqlıdı: "Mən yaşayıram, mən dəyişirəm. Hər gün rollarım da dəyişir. Həyat nə verdisə, onu qəbul eləyirəm..." 

Bəs həyat ona nə vermişdi? İstedad, zəhmətkeşlik, düzlük, yüksək alicənablıq və eyni zamanda atasızlıq, həmkarlarından gələn paxıllıq, məmurların əsirgəmədiyi biganəlik, illərin ağrı-acısı hesabına infarkt, anlaşılmaz mühitin yadigarı - pozulmuş nigah, yarımçıq ailəlik və s. Hamlet Qurbanov bütün bunları tək canına, cəmiyyət içində, ancaq ondan təcrid olunmuş halda yaşamağın şərtlərini müəyyənləşdirmişdi özü üçün. Kimsəylə paylaşmadan, həm mənəvi, həm də ömrünün son illərindəki cismani ağrı-acılarını ən yaxın insanlarına belə, yük eləmədən. Öz hücrəsinə çəkilmiş tənha krallar kimi. Bu tənhalıq onu xoflandırırdı da. Dünyasına baş vurmaq, hissiyatlarını, yaşantılarını oğurlamaq keçəcəkdi sanki kimlərinsə ürəyindən. Bundan qurtulmağın yolusa Hamletə görə işə düz gedib, düz gəlməkdən ibarət idi. Və görünür, elə bu səbəbdən sənətkar heç kimə qaynayıb-qarışmazdı. İşi-gücü, qayğıları, ürəyinə yatan, yatmayan nə vardısa, bircə adama da söyləməzdi. O, mövlanə Cəlaləddin Ruminin "ya olduğun kimi görün, ya da göründüyün kimi ol" tezisini qəbul elədiyindən həyatın gercəkliklərindən üzülürdü. İnsanlardan qaçması, onlara inamsızlığının kökündə də məhz mövlanənin düstur və tövsiyə kimi irəli sürdüyü fikrin həyatda öz yerini tutmaması dururdu. 

Otuz ildən artıq Hamlet Qurbanovla eyni teatrda çalışmış Rafiq Əzimov həmkarını xatırlayarkən sənətkarın kin-küdurətdən, qeybətdən uzaqlığını, uşaq kimi məsumluğunu xüsusi qeyd etdi: "Doğrudu, qapalı adamıydı, amma açıq-aşkar duyulurdu ki, son dərəcə həssas təbiətlidi. Haqsızlıq, qədir-qiymət verməmək onu sıxsa da, məğruruydu, nəinki vəzifəcə böyüklərə ağız açar, heç bu barədə kiminləsə danışmazdı da. Xeyir-şərdə iştirakıynan da seçilməzdi. Məsələn, mən, rəhmətlik Şahmar Ələkbərov, Həsən Məmmədov, Kamal Xudaverdiyev və başqaları bir-birimizin evinə qonaq gedərdik, toy-düyündə iştirak edərdik. Ancaq Hamleti belə yerlərdə gördüyüm yadıma gəlmir... Onun aktyor istedadına institut illərindən bələdiydim. Xatirimdədi, bizdən bir kurs yuxarı oxuyurdu. Bizim sənət müəllimimiz Məhərrəm Haşımovuydu, onlarınki Mehdi Məmmədov. Səhv eləmirəmsə, Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" əsərini diplom tamaşası kimi hazırlamışdılar. Doktor rolunu oynayırdı. Bundan bir müddət qabaq Akademik Dram Teatrında həmin əsərə Nəsir Sadıqzadə quruluş vermişdi. Doktor obrazını Həsənağa Salayev yaratmışdı. Təbii ki, yüksək ustalıqla. Sənətdə təzə-təzə addımlamağa başlayan Hamletin ifasısa bir başqa cür maraqlı alınmışdı". 

Hamlet Qurbanovun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yaratdığı Səlim bəy ("Qaçaq Nəbi"), Şəkərlinski ("Kəndçi qızı"), Doktor Lalbyuz ("Dəli yığıncağı"), Udriya ("Adsız ulduz"), Şamxal ("Şəhərin yay günləri"), Əliqulu ("Əliqulu evlənir"), Karenin ("Canlı meyit"), Hacib ("Xəyyam"), Ferdinand ("Fırtına"), İbrahim xan ("Vaqif"), Ağahüseyn ("Büllur sarayda"), Şükür bəy ("Kimdir haqlı?"), kinofilmlərdə canlandırdığı Əbdüləli bəy ("Sevil"), Qıpçaq Məlik ("Dədə Qorqud"), Sədr ("Babamın babasının babası"), Dosent ("Bağ mövsümü"), Dəmirov ("Cin mikrorayonda"), Mirbağır ağa ("O dünyadan salam"), televiziya tamaşalarında oynadığı Nikoviç ("Nazirin xanımı"), Sadıxov ("Atayevlər ailəsi"), Müəllif ("Yollar görüşəndə"), qraf Albifiorita ("Mehmanxana sahibəsi"), Professor ("Evləri köndələn yar"), İldırım Bəyazid ("Topal Teymur"), Uolter Ross ("Qapalı orbit") və s. rollar onun aktyorluq bioqrafiyasının zənginliyindən xəbər verir. 

"Sevil" film-operasının çəkilişlərilə əlaqədar quruluşçu qejissor V.M.Qorikker milli teatra gedib "Unuda bilmirəm" tamaşasına baxır. Tamaşadan sonra Kamran rolunun ifaçısı Həsən Turabovla qrim otağında görüşən rejissor Cəmil rolunu yaradan aktyorun kimliyilə maraqlanır. Onun ifasından zövq aldığını və təcili bu aktyorla görüşmək istədiyini söyləyir. Bir azdan onlar həmin otaqdaca tanış olurlar. Rejissor bayaqkı xoş sözləri bu dəfə Hamletin özünə deyir və ona çəkəcəyi filmdə sınaqsız-filansız Əbdüləli bəy rolunu oynamağı təklif edir. Çoxları bu təklifə sevinər və dərhal razılıq verərdi. Hamletsə düşüncəyə dalır, sonra rejissordan indiyədək hansı filmləri çəkdiyini xəbər alır. Ətrafdakılar Qorikkerin pərt olacağını və yəqin otaqdan çıxıb gedəcəyini gözləyir. Ancaq rejissor əksinə, imtahan verirmiş kimi sakit-sakit filmlərinin adlarını deyir. Növbə "Motsart və Salyeri"yə çatanda Hamlet daha bir sual verərək onun məşhur aktyor Smoktunovskiylə işlədiyini dəqiqləşdirir. Bundan sonra rejissora müsbət cavab verir. Bu hadisənin şahidlərinin baş verənlərə təəccüb və pərtliyinə baxmayaraq, Qorikkerin aktyorun suallarını təbii qarşılaması da maraqlıdı. Yeri cəlmişkən, məhz "Sevil"i lentə alan rejissor sonradan iş prosesində Hamlet Qurbanovu yenidən kəşf edir, aktyorluq istedadına, filmdə bütün iştirakçılardan savayı yalnız onun roluna uyğun vokal partiyasını özünün ifa eləməsinə, qeyri-adi fantaziyasına vurulur və ona qəribə bir qiymət verir: "Siz əgər öz qədrinizi bir balaca bilsəydiniz, nəinki Azəraycanın və digər respublikaların, həmçinin bütün dünyanın ən məşhur aktyorlarından biri olardınız". Hamletlə dəfələrlə səhnədə tərəf-müqabil olmuş Həsən Turabov müsahibələrinin birində əcnəbi rejissorun fikrilə razılaşaraq, həmkarının heç kəsə rəqabət hissilə yanaşmadığını, tələblərinin qabiliyyətindən qat-qat aşağı olduğunu söyləmişdi və bu keyfiyyətləri yüksək istedada malik insanın alicənablığı kimi qiymətləndirmişdi. 

Aktyorun ana tərəfdən qohumu, sonralarsa həyat yoldaşı olan Cəmilə xanım həyatda belə umacaqsız, heç kimin qəlbini qırmayan, özünü başqasına qurban verən insan görmədiyini dilə gətirməklə, onun yoxluğuna çox heyifsləndiyini gizlədə bilmədi. Yanıb-yaxılması bu dəfə ağızdan çıxan sözdə yox, min bir fikir yağan gözdə idi. Axı həyatı puç olmuş yalnız hökmlü, ağırxasiyyət kimi tanınan anası Gülxar xanımın istəyinin əleyhinə çıxmayan Hamlet deyil, həm də onun yeganə oğlu Səlimi dünyaya gətirən qadındı ki, məncə, onu başa düşmək lazımdı. Deyilənə görə, Hamlet özü ailə sarıdan keçirdiyi iztirablara illərin ardından son qoymaq istəmişdi. Tale yazısımı, cavanlıqdakı təki qətiyyətsizliyimi, analığından savayı ata, qardaş və bacı əvəzi Gülxar Həsənovanı tapdalayıb keçə bilməməsi, ya daha nələrsə arzusunun reallaşmasını əngəlləmişdi. Anasının taleyilə müəyyən oxşarlıqları varıydı. Hər ikisinin nigahı pozulmuşdu. Birincisi nigah məsələsini unudub yeni ailə qurmağa can atmamışdı. İkincisisə otuz üç yaşında qurduğu ailənin ömrünün qısalığını özünə dərd elədiyindən onun bərpasını düşünsə də, uğur üzünə gülməmişdi. Ancaq bu da həqiqətdi ki, atası Ağadadaş Qurbanov ailəsinin - onun və anasının yanına bir daha dönmədiyi halda, Hamlet sağalmaz xəstəliyə - xərçəngə düçar olduğu günlərdə Cəmilə xanım daim başının üstündəydi. İk cərrahiyyə əməliyyatından sonra yaşayacağına ümid yaranmışdı və bu, rəsmən ondan ayrılmamış xanımını çox sevindirirdi. Bir vaxtlar Hamletin dediyi kimi, sanki hər şey qabaqdaydı. Nigahın hüquqi tərəfini və digər rəsmiyyətçiliyi qəbul eləməyən Hamlet əhvalını soruşan həkimlərlə mehriban ünsiyyətdəydi, xəstə yatdığı günlərdə. Belə baxanda onun xarakteri baxımından bu, təbiiydi. Qocalıq barədə təsəvvürünü soruşduqda, "ölüm gələr, ölərik" söyləmişdi haçansa. Ölümsə qocalıq yetişmədən vaxtsız-vədəsiz, günbəgün, saatbasaat yaxınlaşmaqdaydı. İçində min can gəzdirən bir insan oğlunu, bir talesiz sənətkarı, ayağı yerdəykən ruhən göylərdə dolaşan tərki-dünyanı, tənha, xoflu kral Hamleti 57 yaşında aparmaqçün... 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

kaspi.az