Makrona sağdan və soldan vuruldu

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Dünən Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ilk turunda ifrat sağçı "Milli Vəhdət" koalisiyası səslərin 33,14 faizini toplayaraq lider olub. Mari Le Penin lider, Jordan Bardellanın da sədr olduğu koalisiyaya 10625662 seçici səs verib. Beləliklə, "Milli Vəhdət" ötən, 2022-ci ildəki parlament seçkiləri ilə müqayisədə nəticəsini 2,5 dəfə artırıb.

Solçu "Yeni Xalq Cəbhəsi"nə 27,99 faiz və ya 8974463 seçici səs verib.

Emmanuel Makronun başçılıq etdiyi "Birlikdə Fransa Uğrunda!" koalisiyası səslərin 20,76 faizi (6,4 milyon səs) ilə kifayətlənməli olub.

Növbədənkənar parlament seçkilərinin 2-ci turun iyulun 7-də keçiriləcək.

Bu seçkilər artıq tarixi sayılır, çünki radikal sağçılar şökuməti formalaşdıracaqlar.

Avropa Parlamentinə keçirilmiş seçkilərdə böyük qələbədən sonra Marin Le Penin liderlik, Jordan Bardellanınsa sədrlik etdikləri "Milli Vəhdət" parlament seçkilərinin də lideri oldu.

Xatırladaq ki, iyunun 9-da nəticələri açıqlanmış həmin seçkilərdə E.Makronun "İntibah" partiyası səslərin 14,6 faizini, Marin Le Penin "Milli Vəhdət"i isə 31,4 faizini qazanmışdı.

Beş il əvvəl Avropa Parlamentinə keçirilmiş seçkilərdə ifrat sağçılar Makronun partiyasını cəmi 1 faiz səslə qabaqlayaraq lider olmuşdular.

İyunun 9-da açıqlanan nəticələr E.Makronu təşvişə saldı və o, elə həmin gün ölkə parlamentinin buraxıldığını, növbədkənar parlament seçkilərinin keçiriləcəyini bəyan etdi.

Partiya banisi Jan Mari Le Penin aşkar antisemit və ekstremist mövqeləridən geri çəkilsə də, sərt antimiqrant siyasətin tərəfdarıdır.

Dünənki seçkilərdə iştirak səviyyəsi də yüksək olub: rəsmi statistikaya görə, 1981-ci ildən bəri keçirilmiş parlament seçkilərində dünən ən yüksək seçici fəallığı dünən qeyd alınıb.

Dünənki ilk turdan sonra hər seçki dairəsində iki lider namizəd, bəzi hallarda isə üçüncü namizəd 2-ci tura keçirlər. Bu səbəbdən yalnız gələn bazar günü Fransa parlamentin yeni heyətini və "Milli Vəhdət"in tarixi qələbəyə nail olub-olmadığını öyrənəcək.

Dünənki nəticələri nəzərə alsaq, Fransada hökumətə sağ populistlər rəhbərlik edəcəklər.

"Milli Vəhdət"in liderləri immiqrasiya, cinayətkarlıq və təhlükəsizliyin təminatı ilə bağlı problemlərin həllini, habelə vergilərin azaldılmasını və vətəndaşların rifah səviyyəsini artırmağı vəd edirlər.

Jordan Bardellanın baş nazir olması üçün "Milli Vəhdət" ölkə parlamentindəki 577 yerdən ən azı 289-na yiyələnməlidir. Əks halda Fransanın "qeyri-dəqiq" parlament və müəmmalı vəziyyət gözləyir, çünki hakimiyyət koalisiya yaratmaq üçün danışıqlar aparmaq "Milli Vəhdət" üçün asan olmayacaq.

Dünənki ilk turdan sonra "Milli Vəhdət"in rəqibləri ölkədə ultrasağçı radikallardan ibarət hökumətin formalaşmasına imkan verməmək üçün 2-ci turda hansı namizədləri dəstəkləycəklərinə qərar verəcəklər.

Ehtimal etmək olar ki, növbədənkənar parlament seçkilərinin ikinci turunda "Milli Vəhdət"in əsas rəqibi solçuların "Yeni Xalq Cəbhəsi" alyansı olacaq.

Daha dəqiq olsaq, Fransadakı seçki dairələrindən 250-də ikinci tura üç partiyanın namizədlərinin çıxması istsina deyil.

Əvvəlki seçkilərdə bütün düşərgələrdən və mövqelərdən olan partiyalar birləşərək ultrasağçıların hakimiyyətə gəlişinə imkan verməməyə çalışırdılar. İndisə hansısa partiyanın namizədinin könüllü olaraq geri çəkilərək səsləri "Milli Vəhdət"in namizədinə qarşı birləşməsinə razılaşacağı şübhəli təsir bağışlayır.

TikTok ulduzu Jordan Bardellanın sədr olduğu "Milli Vəhdət"in şirnikləndirici, orta statistik fransalını cəlb edən vədləri çoxdur. Belə ki, Le Penin liderlik etdiyi partiya enerjidaşıyıcılarına tətbiq edilən əlavə dəyər vergisini (ƏDV) azaltmağı, 30 yaşınadək olan gəncləri gəlir vergisindən aad etməyi və s. vəd edib.

Analitiklər hesab edirlər ki, Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi "İntibah" partiyasının yaratdığı "Birlikdə!" alyansı parlamentdəki yerlərini, baş nazir Qabriel Attal isə postunu itirəcək.

Bu gün E.Makron baş nazirlə və nazirlərlə görüşəcək, ölkədəki vəziyyəti və seçkilərin ilk turunun nəticələrini müzakirə edəcək.

Makron indiyədək dəfələrlə bəyan etmişdi ki, "Birlikdə!" alyansı heç bir halda "Mili Vəhdət"lə yanaşı, ifrat solçu Jan-Lyuk Melanşonun sədrlik etdiyi "Məğlub olmamış Fransa"nın əsas rol oynadığı "Yeni Xalq Cəbhəsi" koalisiyasını dəstəkləməyəcək.

"Məğlub olmamış Fransa"nın məşhur funksionerlərindən biri Matilda Pano bəyan edib ki, onlar heç bir halda "ifrat liberallığı ilə ifrat sağçıların yüksəlişinə səbəb olan, yürütdüyü yarıtmaz xarici siyasəti nəticəsində Fransanı gülüş obyektinə çevirən" Emmanuel Makronla danışıqlara getməyəcəklər".

Fransa "yaşıllar"ının lideri, "Yeni Xalq Cəbhəsi"ində yer almış Marin Tondelye də eyni fikirdədir.

Emmanuel Makron isə ümid edir ki, növbədənkənar seçkilər nəticəsində ölkə parlamentinin yeni heyətində geniş, onu dəstəkləyən partiyalar alyansı ətrafında birləşəcək mərkəzi çoxluq formalaşacaq.

Majoritar sistemlə, birmandatlı seçki dairələrində 2 turda seçiləcək 577 deputatdan ibarət Milli Assambleya ölkə parlamentinin aşağı, əsas palatasıdır.

Bu günə olan rəqəmlərə görə, ifrat sağçı "Milli Vəhdət" liderdir, sonrakı yerlərdə aparıcı solçu partiyaların "Yeni Xalq Cəbhəsi" alyansı və E.Makronu dəstəkləyən mərkəzçi partiyaların "Birlikdə!" bloku gəlir.

Milli Assambleya formal olaraq "yarıprezident" və hətta "şibrid" idarəetmə sistemli 5-ci Respublikada hakimiyyət konfiqurasiyasını müəyyənləşdirir.

İqtidardakı partiya və ya blok səslərin çoxunu qazanarsa, hakimiyyətin mərkəzi prezidentə doğru meyllənir.

Müxalifət mandatların çoxuna yiyələnərsə, idarəetmə "təxminən parlamentar" olur.

5-ci Respublikanın tarixində indiyədək prezidentlə parlamentin müxtəlif siyasi qüvvələrə mənsub olduğu 3 situasiya yaşanıb ki, fransızlar belə vəziyyətə "cohabitation" ("birgəyaşam") deyirlər.

Fransa Konstitusiyasının 8-ci maddəsinə uyğun olaraq nazirləri və baş naziri prezident təyin edir, sonra onları Milli Assambleya etimad votumu ilə təsdiqləyir.

Bu səbəbdən prezident parlamentiin aşağı palatasında heç olmasa nisbi dəstəyə malik hökuməti formalaşdırmalıdır.

Parlamentin yuxarı palatası olan Senat ciddi səlahiyyətlərə malik deyil və əsas funksiyalar qanunların qəbulunda əlahiddə rola malik Milli Assambleyaya məxsusdur.

Fransanın inzibati vahidlərini, yəni əyalətlərini və departamentlərini təmsil edən Senat seçkilərlə formalaşmır: senatorları regionlar, departamentlər və bələdiyyələrin şuralarının deputatlarından ibarət seçicilər seçirlər.

Xatırladaq ki, Milli Assambleyanın 577 yerlik əvvəlki heyətində E.Makronun "İntibah" bloku 250 mandata ("İntibah" - 172, "Demokratik Hərəkat" - 48, "Üfüqlər" - 30), "Milli Vəhdət" - 88, solçuların alyansı - 151 mandata ("Məğlub olmamış Fransa" - 75, Sosialist Partiyası - 31, "Yaşıllar" - 23, Kommunist Partiyası - 22), sağçı "Respublikaçılar" - 62 mandata malik idilər.

İndisə 498 seçki dairəsində namizədlərini vermiş "Milli Vəhdət" partiyası və onun müttəfiqi Erik Siottinin "Respublikaçılar"ın partiyasının da 60 dairədə mübarizə apardıqlarını nəzəər alsaq, 28 yaşlı Jordan Bardellanın baş nazir postunu tutmaq şansı az deyil.

Solçu "Yeni Xalq Cəbhəsi"nə gəldikdə isə, ifrat solçu "Məğlub edilməmiş Fransa", Sosialist, Kommunist və "Yaşıllar" (EELV) partiyalarnıdan ibarət bu alyans 550 seçki dairəsində mübarizə aparıb. Alyansı 230 dairədə radikal solçular, 175 dairədə sosialistlər, 90 dairədə - "yaşıllar", 50 dairədə isə kommunistlər təmsil ediblər.

... Emmanuel Makronun yaratdığı və əsasını onun "İntibah" partiyasının təşkil etdiyi "Fransa uğrunda Birlikdə!" və ya sadəcə, "Birlikdə!" alyansına qatılmış Fransua Bayrunun mərkəzçi "Demokratik Hərəkat"ı ilə 2017-2020-ci illərdə baş nazir olmuş Eduar Filippin "Üfüqlər" partiyalarından olan namizədlər seçkiqabağı plakatlarında və vərəqələrində Makronun portretini və "Birlikdə!"nin loqotipini yerləşdirməkdən boyun qaçırmışdılar.

Emmanuel Makronun indiki durumu belədir: müttəfiqləri belə, ondan kənarda durmağa çalışırlar.