İşıqforun olmaması azyaşlıların həyatını təhlükəyə atır

Day.Az представляет новость на азербайджанском языке.

Bakı şəhərində məktəblilər hər gün təhlükə ilə üzbəüz qalır. Onların ölümdən qurtulması isə yalnız sürücülərin insafından asılıdır. Milli.Az-a valideyn tərəfindən ünvanlanan oxucu məktubunda deyilir ki, Nərimanov rayonu ərazisində yerləşən 207 saylı məktəbin şagirdləri işıqfor olmaması ucbatından təhlükəli anlar yaşayır. Məktəbə gedən yolda, daha dəqiq Ataturk prospektində işıqfor yoxdur. Hansısa uşaq yolu keçən zaman səhv etdisə, maşının qurbanı olur.

"Yerdə zolaq var, ancaq sürücülər buna əhəmiyyət vermir, görmədən keçirlər. Heç olmasa iki dəqiqəlik işıqfor olsa, vəziyyəti düzəltmək olar" - deyə oxucu yazır.

Bakı Siqnal İdarəsindən Milli.Az-a verilən məlumata görə, həmin yolda işıqforun qoyulması üçün yol polisində fəaliyyət göstərən komissiyanın rəyi lazımdır. Yol hərəkəti təhlükəsizlik komissiyası araşdırma aparıb orada işıqfor qoyulmasını məqbul hesab etsə, şikayətçilərin tələbi yerinə yetirilə bilər.

Bakı Şəhər Yol Polis İdarəsindən Milli.Az-a bildirildi ki, Atatürk prospektində işıqforun qoyulması üçün xüsusi komissiya tərəfindən verilmiş rəy lazımdır. Həmin qurum məsələ ilə bağlı məlumatlandırılacaq.

Milli.Az