"Dövlət tərəfindən tənzimləndiyi üçün gediş haqqında böyük artıma gedilmədi”

Müəllif: Elvin Səxavətoğlu

"Yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir. Çünki hazırda daşıyıcı şirkətlər kifayət qədər zərərdədirlər. Onların maddi sıxıntıları xüsusən pandemiyadan sonra daha ciddi şəkildə hiss olunmağa başlayıb".

Bu sözləri Day.Az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspert bildirib ki, dövlət daşıyıcı şirkətlərin üzərinə vəzifə qoyulub.

"Bu vəzifənin də tələbləri ondan ibarətdir ki, həmin şirkətlər yeni, müasir, komfortlu avtomobillər gətirməli, insanlara daha keyfiyyətli xidmət göstərilməlidirlər. Yeni tələblər daşıyıcı şirkətlərin xərclərini çoxaldıb. Digər tərəfdən, son illər avtomobil sektorunda kifayət qədər qiymət artımı baş verib. Xüsusilə ehtiyat hissələrinin, sürtkü yağlarının, həmçinin yanacağın qiyməti bahalaşıb. Bu bahalaşma fonunda ictimai nəqliyyatda gedişhaqları təxminən eyni qalıb".  

Ekspert bildirib ki, daşıyıcı şirkətlərin fikirincə, qiymət 60-70 qəpik olmalıdır:  "Onlar bu artımı arqumentlərlə əsaslandırmağa çalışırlar. Çünki mövcud tələblər, şərtlər bunu deməyə əsas verir. Yəni onlar hesablayırlar ki, Bakı şəhərində bir sərnişinin daşınma xərci təxminən elə 70, 80 qəpiyə gəlib çıxır. Ancaq bu məsələlər dövlət tərəfindən tənzimləndiyi üçün o qədər də böyük bir artıma gedilmədi".

Elməddin Muradlı son illər ictimai nəqliyyat sistemində müşahidə olunan inkişafdan da danışıb.

"İndi daşıyıcı şirkətlər tərəfindən təhlillər aparılıb, əvvəlki vəziyyət müqayisə olunur. Əvvəllər sürücülər gündəlik plan əsasında işləyirdi. İndi isə maaş sistemi var və bir avtobusu gün ərzində iki sürücü idarə edir. Onların normal iş və istirahət rejimi var. Düzdür, hələ də neqativlər var. Demirik ki, hər şey belə mükəmməldir. Amma yeni inkişaf artıq başlayıb və bu proses mərhələli şəkildə davam edir. Avtobus parkı yenilənir, kifayət qədər baha qiymətə olan elektrikli avtobuslar şəhər sakinlərinə xidmət edir".