Azərbaycanlı startapçılar Londonda

Londonda azərbaycanlı startapçılar və peşəkarların iştirakı ilə "Al Horizons: Startups to Corporates" adlı tədbir reallaşıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, fərqli sahələrdə uğur qazanan mütəxəssislər bu tədbirdə bir araya gələrək təcrübələrini bölüşüb, innovasiya, biznesin inkişafı və korporativ dünyada karyera imkanları barədə müzakirələr aparıb.

Londonda tələbələr üçün mobil tətbiq quran Mirkazım Seyidzadə tərəfindən təşkil olunan tədbirdə startap dünyasından korporativ sektora keçid, investisiya cəlb etmə strategiyaları, innovasiyanın biznesə təsiri və karyera inkişafı kimi mövzular geniş müzakirə olunub. Mütəxəssislər öz sahələrində qazandıqları təcrübələri bölüşərək, iştirakçılara faydalı məsləhətlər veriblər. Eyni zamanda, tədbir şəbəkələşmə üçün də unikal imkan yaradıb. Fərqli sahələrdə çalışan həmvətənlərimiz bir araya gələrək yeni əməkdaşlıq perspektivlərini müzakirə ediblər və gələcək iş birlikləri üçün təməl qoyublar.

Azərbaycanlı mütəxəssislərin beynəlxalq səviyyədə uğurlarını vurğulayan bu görüş iştirakçılara həm yeni biliklər əldə etmək, həm də təcrübə paylaşmaq imkanı yaradıb.