Bakıda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi nə vəd edir?

Prezident İlham Əliyev Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramını təsdiq edib. Sərəncamda Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.

Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması vətəndaşların vaxtını daha səmərəli istifadə etmələrini təmin edəcək, həmçinin şəhər daxilində hərəkət edən avtomobillərin sayı ilə bağlı sıxlıqların qarşısını alacaq.

Elektrikli nəqliyyat vasitələrinin və müasir avtobusların istifadəsinin artması, həmçinin tıxacların azalması nəticəsində ətraf mühitə atılan zəhərli qazların miqdarı azaldılacaq. Bu da şəhərin hava keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq. Təkmilləşdirilmiş nəqliyyat infrastrukturu həm iş yerlərinə, həm də ticarət mərkəzlərinə daha sürətli və asan şəkildə çatmağı təmin edəcək, bu da iqtisadi fəaliyyətin artmasına və iş imkanlarının genişlənməsinə səbəb ola bilər.

Səyahət rahatlığının artırılması: Bakıdakı və ətraf ərazilərdə daha effektiv nəqliyyat sistemləri, xüsusilə metro, avtobus və elektrikli nəqliyyat vasitələrinin istifadəsi insanların şəhər daxilində və ətraf ərazilərdə səyahət etmələrini asanlaşdıracaq. Nəqliyyat infrastrukturunun genişlənməsi və təkmilləşdirilməsi ilə əlaqədar olaraq inşaat, texnologiya və digər sahələrdə yeni iş yerləri açılacaq. Bakı şəhərinin daha rahat və asan nəqliyyat sisteminə malik olması, turistlər üçün daha cəlbedici hala gətirir. Bu da şəhərin turizm sektorunun inkişafını stimullaşdırar.

Nəticədə bu cür infrastruktur layihələri həmçinin şəhərin gələcək inkişafı və davamlılığını təmin etməyə kömək edəcək, şəhər sakinlərinin həyat keyfiyyətini artıracaq.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirb ki, bu layihələr şəhərin sıx nəqliyyatını yüngülləşdirmək, yol şəbəkəsini genişləndirmək və müasir nəqliyyat vasitələrinin istifadəsini artırmaq məqsədini güdür.

"Elan olunmuş layihələrdə, xüsusilə reysli nəqliyyatın inkişafı ilə bağlı konkret tarixlər qeyd olunub. Bu layihələrin icrası ilə şəhər ətrafından əhalinin mobilliyin məhz dəmiryolu üzərindən qurulması kimi fürsətlər yaranacaq.

Şəhərin daxilində 10 metrostansiyanın tikilməsi isə elan olunub. Bu da insanların seçiminə təsir edəcək. Belə ki, metrostansiyaların tikintisi yerin altında sərnişin axınının parçalanmasına indiki kritik vəziyyətin yumşaldılmasına təsir edəcək".

Ekspert qeyd edib ki, tramvay xətlərinin çəkilməsi də vacib layihədir.

"Marşrut elə seçilib ki, orda nə dəmiryolu nə metro var. Bu çox doğru qərardır. Həmçinin, buna qədər olan layihələrin davamı gəlməlidir. Yəni, ayrılmış avtobus zolağı, şəbəkəsi genişlənməli, mikromobillik şəbəkəsi genişlənməli, şəhərin daxilində piyada infrastrukturu abadlaşdırılmalıdır. Bütün baryerlər aradan qaldırılmalı, qısa keçidlər eyni səviyyəli təşkil olunmalıdır. İşıqforla nizamlanan keçidlər təmin olunmalıdır ki, insanlar qısa məsafədə hərəkəti məhz piyada mikromobilliklə təşkil etsinlər. Ümumi olaraq fərqli hərəkət üçün şərait yaratmaqla biz tıxaca, sıxlığa ciddi bir alternativ formalaşdıracağıq. Bu olduğu təqdirdə insanlar özləri qərar verəcək ki, neçə metrəni piyada, neçə metrəni avtobusla, tramvayla, metro ilə, şəhərətrafı elektrik qatarları ilə hərəkət etsinlər. Yalnız avtomobil yolunun üzərindən tıxacın həlli yoxdur", - deyə o qeyd edib.