Laçında müharibə veteranlarının bizneslərinə mediatur təşkil olunub - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib.
Trend-in Qarabağ bürosu xəbər verir ki, mediaturun məqsədi işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini yaxından tanış etmək olub.
Tədbir zamanı media nümayəndələrinə Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər üçün icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslə təmin olunub, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.
Mediatur çərçivəsində jurnalistlər əvvəlcə Vətən müharibəsi iştirakçısı Şahin İsgəndərov üçün yaradılmış arıçılıq təsərrüfatına və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün qurulmuş avtotəmizləmə xidməti sahəsinə baş çəkiblər.
Daha sonra media nümayəndələri müharibə veteranı ailə üzvü Ramin Həsənov üçün yaradılmış dönərxananın və Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyəti ilə tanış olublar.
Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре