Allahın 99 ADI – İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük günahdır”

Day.Az представляет новость на азербайджанском языке

Quranda, hədislərdə Allahın 99 adının olduğu vurğulanır və buyurulur ki, "ən gözəl adlar Allahındır, Onu bu adlarla çağırıb dua edin..."

Adətən övladlarına ad qoymaq istəyən müsəlmanlar bu adlara tez-tez müraciət edir. Lakin bununla yanaşı, bəzən həmin adlar hansısa marka, əşya, məhsul adı kimi də istifadə edilir. Buna təkcə xaricdə deyil, bütün müsəlman ölkələri kimi Azərbaycanda da təsadüf olunur.

Məsələn, "Nur" çörək zavodunun məhsulları hər kəsə məlumdur. Məhsul istifadə ediləndən sonra təbbi olaraq üzərində "Nur" yazılmış kağız paketlər atılır. Hazırda bu məsələ əksər dindarları narahat edir və şikayətlərini dilə gətirirlər.

Bəs Allahın adlarından əşya, məhsul, marka adları kimi istifadə etmək günahdırmı? Y ada Allahın adları insana hansı hallarda qoyula bilər?

İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, Allaha məxsus olan adların insana qoyulması da günahdır:

"İslam ənənəsində sadəcə Allaha aid olan adların, sadəcə Allahın xüsusiyyətlərini bildirən, onun əsmaül-hüsnasının "əbd" kəlməsi olmadan insana qoyulması halları çox olub. Bu, günah, məkruh, bəyənilməyən bir hadisə kimi qəbul edilib. Lakin Allah adına və sadəcə onun xüsusiyyətlərini bildirən adlara "əbd" kəlməsi artırılaraq qoyulsa daha yaxşıdır, məqbuldur. Allaha məxsus olan adlardan xüsusilə ikisini isə "əbd" kəlməsi olmadan insana qoymaq böyük günahdır. Bunlar Allah və Rəhman adlarıdır. Allah adı ilə bağlı izah verməyi artıq bilirik. "Rəhman" adı Quranda birbaşa Allah-təalaya aid edilib və yalnız Ona məxsus sayılıb: "De: "İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz (fərqi yoxdur), çünki ən gözəl adlar yalnız Ona məxsusdur" (İsra, 110)".

E.Mahmudov qeyd edib ki, yaxşı olar ki, uşağa Allahın isimlərini qoyarkən ismin əvvəlinə "Abd (Əbd)" sözü artırılsın:

"Uşaq üçün tövsiyə olunan adlar arasında ilk yeri Allaha bəndəliyi ifadə edən adlar tutur. Yəni Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə "əbd" kəlməsini artırmaqla yaranan adlar daha çox məsləhət bilinir (məsələn, Abdullah, Əbdürrəhman, Əbdürrəhim, Əbdülkərim, Əbdüllətif, Əbdülqadir, Əbdüləzim və s).

Yaxşı olar ki, uşağa Uca Allahın Əsmaül-hüsnadakı isimlərini qoyarkən ismin əvvəlinə "Abd (Əbd)" (bəndə) sözü artırılsın. Belə qoyulan adların hamısı Allahın bəyəndiyi adlardandır. Məsələn, Əbdülkərim - lütf və kərəmi bol olan Allahın bəndəsi, Əbdüllətif - gözəl, lətif, həlim olan, bütün hadisələrin təfərrüatını bilən Allahın bəndəsi, Əbdülməcid - şanı uca, comərdlik və kərəmi bol olan Allahın bəndəsi deməkdir. Bu cür adlar həm də insanlara Allahı xatırlatmaq, tövhid əqidəsini qorumaq və insanın Allaha bəndə olduğunu unutmamaq baxımından da əhəmiyyətlidir.

"Bəndə, qul" mənasına gələn "əbd" kəlməsi ancaq Uca Allahın adlarının əvvəlində istifadə olunaraq ad kimi qoyula bilər. "Əbd" kəlməsi ilə başlayan bəzi adlar var ki, onları qoymaq olmaz. Məsələn, Əbdülməsih adını qoymaq haramdır. Ona görə ki, istər peyğəmbər, istərsə də səhabə fərqi yoxdur, Allahdan başqasına bəndəlik mənası daşıyan bütün adlar alimlərin icması ilə haramdır. Yəni bir şəxsə Əbdünnəbi, Əbdürrəsul, Əbdülhüseyn, Əbdülkəbə, Hüseynqulu, Həsənqulu, Məmmədqulu və bənzər adların qoyulması caiz deyildir, bəyənilmir".

Müsahibimiz bildirib ki, Allahın adlarının əşya, məhsul, marka, mağaza və şirkət adları kimi istifadə edilməsi də bəyənilmir:

"Bu tendensiya təəssüflər olsun ki, var və müxtəlif olmaqla bərabər, geniş şəkildə istifadə olunur və hətta istismar edilir. Lakin Allahın adlarının, atributlarının, əsmaul-hüsnasının əşya, məhsul, marka, mağaza və şirkət adları kimi istifadə edilməsi bəyənilmir, xoş qarşılanmır və məsləhət görülmür. Ümumiyyətlə, dini dəyərləri və simvolları ehtiva edən markalar cəmiyyətin və cəmiyyəti formalaşdıran fərdlərin dini duygu və hissiyyatlarını zədələyici, bu duyğu və hissiyyatı istismar edici olmamalı və bunlardan istifadə mənfəət əldə etmək məqsədi güdməməlidir".

Möminlərə görə, insan təfəkkürü Uca Yaradanı - Allah; dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin..."; "Allah - Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.