WUF13-ün bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi baş tutub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə BMT Baş katibinin müavini Amina Mohammed, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rozbax, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, WUF13 üzrə milli koordinator və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, eləcə də müxtəlif ölkələrin hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, şəhər merləri və ekspertlər iştirak ediblər.
Bağlanış mərasimində çıxış edən natiqlər forumun şəhərlərin dayanıqlı inkişafı, mənzil təminatı, iqlim dəyişikliyi, urbanizasiya proseslərinin idarə olunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm platforma rolunu oynadığını vurğulayıblar.
Qeyd olunub ki, "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusu altında keçirilən WUF13 şəhər inkişafı sahəsində qlobal çağırışların müzakirəsi və həll yollarının müəyyənləşdirilməsi üçün geniş imkanlar yaradıb.
Forum çərçivəsində dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları, akademik dairələr və özəl sektor nümayəndələri arasında çoxsaylı görüşlər, müzakirələr və əməkdaşlıq təşəbbüsləri həyata keçirilib.
Tədbirdə bildirilib ki, WUF13 rekord göstəricilərlə yadda qalıb. Forumda 176 ölkədən on minlərlə iştirakçı təmsil olunub, yüzlərlə sessiya, panel müzakirəsi, sərgi və yan tədbir təşkil edilib.
Mərasimin sonunda forumun iştirakçılarına və təşkilatçılarına təşəkkür edilib, Azərbaycanın qonaqpərvərliyi və tədbirin yüksək səviyyədə təşkili xüsusi vurğulanıb. WUF13-ün yekun mesajında şəhərlərin gələcəyinin həmrəylik, innovasiya və birgə fəaliyyət əsasında qurulmasının vacibliyi qeyd olunub.
XXX
15:20
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimi başlayıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan hökumətinin rəsmiləri, BMT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrdən gəlmiş nümayəndə heyətləri, şəhərsalma və urbanistika sahəsində ekspertlər iştirak edirlər.
Qeyd edək ki, mayın 17-dən etibarən Bakıda keçirilən WUF13 çərçivəsində yüzlərlə sessiya, panel müzakirəsi, sərgi və yan tədbir təşkil olunub. Forum şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından biri hesab olunur.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре