Rəqəmsal asılılıq pik HƏDDƏ: İnsanlar günün neçə saatını
DataReportal-ın qlobal hesabatlarına əsasən, yetkin yaşlı bir insanın gündəlik ortalama ekran müddəti 6 saat 51 dəqiqəyə çatıb.
Bu göstərici bir insanın oyaq qaldığı aktiv günün təxminən 40%-dən çoxunun birbaşa smartfon və ya kompüter ekranına baxaraq keçdiyini sübut edir. Tədqiqatlara görə, qlobal internet istifadəçilərinin 96%-i şəbəkəyə daxil olmaq üçün smartfonlardan istifadə edir. Bu nəhəng rəqəmsal axının ən böyük hissəsini isə sosial media platformaları tutur. İnsanlar hər gün ortalama 2 saat 40 dəqiqəni yalnız sosial şəbəkə lentlərini sürüşdürməyə sərf edirlər.
 
Ölkələr üzrə müqayisə apardıqda rəqəmsal vərdişlərin və asılılıq riskinin coğrafiyaya görə kəskin şəkildə dəyişdiyi görünür.
Statista tərəfindən açıqlanan son məlumatlar, qlobal sosial media asılılığının mərkəzinin Cənubi Amerika olduğunu göstərir. Belə ki, Braziliya gündəlik ortalama 3 saat 49 dəqiqəlik göstərici ilə sosial şəbəkələrdə ən çox vaxt keçirən ölkə kimi siyahıya liderlik edir. Bunun əksinə olaraq, ABŞ-da bu göstərici qlobal ortalamadan bir az aşağı düşərək gündə 2 saat 16 dəqiqə təşkil edir. Yaşlı əhalinin üstünlük təşkil etdiyi Yaponiya kimi ölkələrdə isə bu müddət cəmi 51 dəqiqəyə qədər enir və rəqəmsal asılılıq səviyyəsinin gənc demoqrafiya ilə birbaşa bağlı olduğunu təsdiqləyir.
 
Bu asılılıq trendinin ən aqressiv böyüməsi isə xüsusilə Gen Z (Z nəsli) arasında qeydə alınır. Yeni nəsil gənclərin gündəlik sosial media istifadəsi artıq 4 saatı ötüb keçib ki, bu da onların gününün 25%-ni virtual dünyada keçirməsi deməkdir.
 
Ekspertlər xüsusilə TikTok kimi qısa video formatlı tətbiqlərin bu asılılığı dərinləşdirdiyini bildirirlər; istifadəçilər bu platformada gün ərzində ortalama 1 saat 37 dəqiqə vaxt keçirirlər. Psixoloqlar xəbərdarlıq edir ki, günün bu qədər böyük bir hissəsinin sosial şəbəkələrə ayrılması gənclər arasında depressiya, tənhalıq və diqqət dağınıqlığı riskini 50%-dən çox artırır.
Nəsimi Ələsgərli