Bakıda iki məktəbli qız itkin düşdü

Day.Az представляет новость на азербайджанском языке.

Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Etibar Şirəliyev adına 274 saylı orta məktəbin iki şagirdi itkin düşüb.

Bu barədə virtualaz.org saytına övladları həmin məktəbdə oxuyan valideynlər məlumat veriblər.

Onların sözlərinə görə, hadisə dünən baş verib. Məktəbin iki şagirdi dərsdən sonra itkin düşüb. Buna görə də məktəb rəhbərliyi bütün valideynlərə xəbərdarlıq edib: "Müəllimlər valideynlərə ehtiyatlı və diqqətli olmağı, uşaqları tək buraxmamağı tapşırdı. Dedilər ki, iki qız itkin düşüb. Buna görə də uşaqları məktəbə tək buraxmayın. İndi biz də təşviş içindəyik".

Məktəbin adını söyləmək istəməyən müəlliməsi isə bildirdi ki, itkin şagirdlər artıq tapılıb: "Məktəbin 10-cu sinifində oxuyan iki qız dərsdən sonra evə getməyib. Biz də valideynlərə xəbər verərək uşaqlarını məktəbə tək, nəzarətsiz göndərməməyi tapşırdıq. Sonradan bəlli oldu ki, qızlar ailələrinə xəbər vermədən xalalarıgilə gediblər".

Müəllimənin sözlərinə görə, qızlar rəfiqədir: "Onlar məktəbin fəal şagirdləridir. Yəni problemli uşaqlar deyillər. Sadəcə ailələrinə xəbər vermədən qonaq gediblər. Biz isə hər ehtimala qarşı valideynləri xəbərdar etmişik. Uşaqlarla da söhbətlər aparılır".

Qeyd edək ki, məktəblilərin itkin düşməsi tez-tez təkrarlanır. Sonuncu belə hadisə iyunun 28-də qeydə alınmışdı. Sabirabad rayonunda anadan olan 2001-ci il təvəllüdlü Valeh Emin oğlu Əliyev oxuduğu 11 saylı internat məktəbindən sənədlərini götürmək adı ilə yaşadığı Ramana qəsəbəsindən çıxmış və bir daha geri qayıtmamışdı.

Bundan əvvəl isə Xəzər rayonunda məktəblinin itkin düşməsi xəbəri yayılmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.