Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar dörd dəfə artıb

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına qoyulan investisiyalar dörd dəfə artıb.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Universitetdə keçirilən "Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda beynəlxaq konfransda deyib.

"Başlanğıcda Azərbaycan Dövlət Neft Fondunda 270 milyon dollar var idi, indi isə 50 milyard dollar var ki bu da böyük uğurdur", - Ş.Mövsümov deyib.

O, Azərbaycanda ÜDM-in son 20 il ərzində 3,6 dəfə artdığını, bu müddətdə iqtisadiyyata investisiyaların isə dörd qat artdığını qeyd edib.

Ş.Mövsümov Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsinin Ulu Öndər Heydər Əliyevin milli neft strategiyasının bir hissəsi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, milli neft strategiyası üç əsas prinsipə əsaslanıb. "Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə qayıtdıqda ölkədə çox mürəkkəb iqtisadi və siyasi vəziyyət mövcud idi və çıxış yolu tapmaq lazım idi. Həll yolu milli neft strategiyasının yaradılması oldu", - o deyib.

Onun sözlərinə görə, birincisi bu strategiyaya əsasən Azərbaycanda neft sənayesinin inkişafına xarici investisiyalar cəlb etmək lazım idi. Daha sonra elə etmək lazım idi ki, Azərbaycanda hasil olunan neft və qaz xarici bazara çıxa bilsin, bu isə Azərbaycan neftinin və qazının nəqli üçün boru kəmərlərinin yaradılmasını əhatə edirdi. Üçüncüsü, Azərbaycan Dövlət Neft Fondunun yaradılması üçün digər ölkələrin təcrübəsini cəlb etmək lazım idi ki, bu ölkələrdən biri də Norveç oldu. Fond ölkə hələ neftdən gəlirlər əldə etməyə başlamazdan əvvəl yaradılmışdı.

Ş. Mövsümov ulu öndər Heydər Əliyevin müdrik qərarlarının Azərbaycanın energetika sənayesinin inkişafına şərait yaratdığını vurğulayıb.