Azərbaycanda zəlzələ ocaqları yenidən oyanır

Son zamanlar ölkəmizin cənub bölgəsində ardıcıl zəlzələlər qeydə alınır. Ötən ayın 11-də 6 bala yaxın olan yeraltı təkanların ardından dünən səhər saatlarında 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub. 

Bəs cənub bölgəsində yeraltı təkanların aktivləşməsinə, tez-tez zəlzələlərin meydana gəlməsinə səbəb nədir? Sözügedən ərazidə ən çox neçə bal gücündə zəlzələ olma ehtimalı var?

Day.Az xəbər verir ki, məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev suallara aydınlıq gətirib: 

"Öncə də qeyd etmişdim ki, bu il ölkəmizdə hiss olunan zəlzələlər baş verəcəkdir. Bu, təkcə Azərbaycanda deyil, ümumiyyətlə dünya miqyasında tektonik dövrilikdir. Ölkəmiz də seysmik, tektonik aktivlik zonasında yerləşdiyindən bu kimi təkanların baş verməsi istisna deyil. 

Son zamanlar Azərbaycanda ən çox cənub zonasında yeraltı təkanların qeydə alındığını müşahidə edirik. Lerik və digər cənub rayonlarında zəlzələlərin tez-tez müşahidə olunmasının xüsusi səbəbi odur ki, bura Talış seysmik və tektonik aktiv zona kimi səciyyələndirilir. İranda baş verən zəlzələlər bu zonaya öz təsirini göstərir. Həmçinin, nəzərdə tutulan bölgə aktiv qırılmaların qovşağında yerləşir. Bir neçə seysmik aktiv qırılmalar burada özünü göstərir və onlar daim hərəkətdədir. Hərəkət hərəkəti gətirir və təsir nəticəsində təkanlar aktivləşir və qırılma baş verir. Ona görə də zəlzələlər müşahidə olunur". 

Ekspert bildirib ki, həmin zonada ən çox 6 bal gücündə zəlzələ qeydə alına bilər:

"Hiss olunan zəlzələ 4,5 və 5,5 maqnituda arasındadır. Hiss olunmayan zəlzələlər isə 1, 2,5 maqnituda arasında olur və demək olar ki, hər gün qeydə alınır. Talış zonasında isə maksimal maqnituda 6-dır. İntensivlik baxımından isə 8-ə qədər çata bilir. Burada qırılmaların aktivliyi, hərəkətin mövcudluğu və digər amillər əsas rol oynayır. Öz hesablamalarım və təhlillərimə əsasən, bu il Talış zonasını yüksək aktiv ərazi olaraq qiymətləndirirəm. Həmçinin, Azərbaycanda qonşu seysmik aktiv ocaqlar da yenidən hərəkətə gələcək. Çünki bu fiziki qanuna əsasən baş verir və biz bunu müşahidə edəcəyik".