PAŞA Holding-in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” baş tutub - FOTO
15-17 may 2026-cı il tarixlərində "The Ritz-Carlton, Baku" otelində PAŞA Holding-in təşkilatçılığı və Tenity şirkətinin dəstəyi ilə "PASHA Hackathon" 6.0 yarışması keçirilib. Hakatonun builki mövzusu Bravo Supermarket tərəfindən həyata keçirilə biləcək yeni və innovativ ideyaların təşviqinə həsr olunub.
Bu il "PASHA Hackathon"a ümumilikdə 500-ə yaxın komanda müraciət edib. Seçim mərhələsinin nəticələrinə əsasən, 56 komanda hakatonda iştirak edərək öz gücünü sınayıb.
Yarış iştirakçıları 3 gün ərzində Bravo Supermarket tərəfindən təqdim olunan biznes tapşırığı üzərində çalışaraq şirkət üçün innovativ həllər və yeni ideyalar hazırlayıblar. Hakaton boyunca Bravo Supermarket nümayəndələri və müxtəlif sektorlardan olan 40-a yaxın mentor iştirakçılara dəstək göstərib, onların layihələrinin inkişafına töhfə verib.
Keçən il olduğu kimi, bu dəfə də hakatonun sonunda ilk üç yeri tutan komandalar müvafiq olaraq mükafatlandırılıblar: 1-ci yer üçün 7000 AZN, 2-ci yer üçün 5000 AZN, 3-cü yer üçün isə 3000 AZN pul mükafatı təqdim olunub. Bununla yanaşı, qalib komandalar PAŞA Holding-in daxili akselerasiya və inkubasiya proqramlarına qoşulmaq imkanı da əldə ediblər.
Qeyd edək ki, "PASHA Hackathon" innovativ məhsul və həllərin yaradılmasına yönəlmiş 48 saatlıq texnologiya yarışmasıdır. PAŞA Holding tərəfindən artıq 6-cı ildir təşkil olunan layihənin əsas məqsədi gənclər arasında innovativ düşüncə tərzini və həll yönümlü yanaşmanı təşviq etmək, eləcə də ölkədə innovasiya mədəniyyətinin inkişafına dəstək verməkdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре