Fazil Mustafa: "Hacı Cavad məscidi ilə bağlı ajiotaj yaratmağın mənası yoxdur"

Day.Az представляет новость на азербайджанском языке

Düzdür, Azərbaycan mühitində məscid məsələsinə həssas yanaşma var. Amma Hacı Cavad məscidinin sökülməsinin hər hansı şəkildə dini və ya siyasi bir həyəcan kimi təqdim olunmasının əleyhinəyəm. Yeni yer müəyyən olunandan sonra dindarların istifadəsinə daha geniş, işıqlı, təmirli məscid verilə bilər.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar, eləcə də İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Bakıda Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranmış gərginliyə münasibətində bildirib.

Onun sözlərinə görə, bu hadisə məscidlərin özünün də tikilməsi, qurulmasına aktual baxışı gündəmə gətirib: "Məsələn, Türkiyədə bununla bağlı 2 model var. Onlardan biri cami, digəri məscid modelidir. Cami geniş forma və miqyasda olur və həm təlim-tədris, həm ibadət yeri, həm də insanların qalıb gecələməsi üçün nəzərdə tutulan bir kompleksi əhatə edir. Məscidlər isə kiçik ibadət yerləridir. Onlar hətta otelin kiçik bir otağında, yaxud böyük bir ticarət mərkəzinin içində də ola bilər. Bu baxımdan Azərbaycanda çoxlu sayda, sadəcə, 1-2 nəfərə xidmət edən məscidlər var. Araşdıranda bəzilərinin içində heç namaz da qılınmır. Bunlar, sadəcə, görüntü olaraq 1-2 nəfərin sığınacaq yeri kimi nəzərdə tutulur və orada öz fəaliyyətlərini həyata keçirirlər. Bu da çox vaxt məscid anlayışının özünə hörmətsizlik gətirir".

 

F.Mustafanın fikrincə, Hacı Cavad məscidi ilə bağlı ajiotaj yaratmağa ehtiyac yoxdur: "İndi "Sovetski" deyilən ərazidə də tikinti və abadlıq işləri gedir. Rayonun icra başçısı da bununla bağlı kifayət qədər aydın açıqlama verdi. Ona, əsasən, yeni bir yer müəyyən olunacaq. Həmin icmanın üzvləri üçün hardasa yeni məscid tikilməsi məsələsi həll olunandan sonra sözügedən məscid söküləcək. Çünki bu böyük bir kompleks və ya tarixi əhəmətiyyətə malik olan abidə deyil. Əgər bu "Təzə Pir" və ya "Əjdərbəy" məscidləri olsaydı, onda başqa məsələ. Görürsüz ki, onlar yerində qalır. Amma hansısa belə kiçik və təmirə böyük xərc tələb olunan məsciddirsə, o zaman yenisini tikmək daha çox sərf edir. Yeni məscid daha geniş ibadət yeri kimi nəzərdə tutulur. Məncə, bununla bağlı verilən rəsmi açıqlama da qaneedicidir. Ona görə bu hadisəni siyasiləşdirməyin və xüsusi bir ajiotaj yaratmağın adı, mənası yoxdur. Bunu, sanki, "dövlət tərəfindən dinə qarşı addım atılır" deyə təbliğ etmək doğru deyil. Çünki dövlət faktiki olaraq məscidlərin təmir olunması yükünün bir hissəsini öz üzərinə götürübsə, burada hansı qəsd-qərəzlik ola bilər? Əgər bu ərazidə park salınırsa, şəhərin abadlaşması üçün gözəlliklər nəzərdə tutulursa, bunlar mümkün məsələdir".

Bununla belə millət vəkili hesab edir ki, müvafiq dövlət orqanları da məsələnin həssaslığını nəzərə almalı və əvvəlcədən müəyyən maarifləndirici işlər görməli idilər: "Əlbəttə ki, belə məsələlərdə bilirlər ki, bu cür şeylərdən sui-istifadə oluna bilər. Ona görə də bu cür məsələlərdə əvvəlcədən izahat işi aparılmalıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.