Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Əlamətdar bayram - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırmaqdan böyük məmnunluq duyuram. Müstəqillik Günü Azərbaycanın qurucularının ölkənin taleyini formalaşdırmaq əzmini və uzaqgörənliyini nümayiş etdirir.

Pakistan Azərbaycanla ortaq inanca, dəyərlərə və səylərə əsaslanan güclü qardaşlıq əlaqələrini yüksək qiymətləndirir. Qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etməsi böyük məmnunluq doğurur. Ölkələrimiz əsl qardaşlar kimi beynəlxalq forumlarda əsas maraq doğuran bütün məsələlərdə bir-birini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Bakının bu ilin noyabrında COP29-a ev sahibliyi edəcək şəhər seçilməsi münasibətilə Azərbaycanı bir daha təbrik edirəm. Mən Sizin dəvətinizi almışam və COP29 Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm. Pakistanın hərtərəfli dəstəyinə əmin ola bilərsiniz və bu mühüm tədbirin təşkilində Azərbaycana uğurlar arzulayıram. Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə COP29 Azərbaycan üçün daha bir parlaq diplomatik nailiyyət olacaqdır.

2023-cü ilin iyun ayında gözəl Bakı şəhərinə səfərim zamanı apardığımız məhsuldar müzakirələri, eləcə də bu yaxınlarda Ramazan bayramı ilə əlaqədar telefon danışığımızı böyük məmnunluqla xatırlayıram. Zati-alinizin qardaşlıq əlaqələrimizi daha yüksək zirvələrə qaldırmaqla bağlı mövqeyi məni həmişə ruhlandırıb.

Zati-aliləri, məhz bu ruhda Sizə münasib olan ən yaxın zamanda Pakistana rəsmi səfər etmək barədə dəvətimi bir daha bildirirəm. Bu səfər bizim zamanla sınanmış və davamlı dostluq əlaqələrimizə təkan verməklə yanaşı, həm də münasibətlərdə yeni və şərəfli bir səhifə açacaqdır.

Zati-alinizə möhkəm cansağlığı, rifah, qardaş Azərbaycan xalqına isə davamlı firavanlıq və tərəqqi arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".