Prezident İlham Əliyevdən Xəzərdə süni torpaq sahələrinin yaradılması ilə bağlı

Prezident İlham Əliyev "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, müəyyən edilib ki, "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Həmin Qanunda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, həmin Qanuna uyğun olaraq, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləğini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.