Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə 4 il azadlıqdan məhrum edilmə cəzası təklif edilib

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Day.Az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə sənədlər tədqiq edilib.

Daha sonra cinayət işinə əlavə edilmiş videogörüntü prosesdə nümayiş edilib.

Bununla da məhkəmə istintaqı yekunlaşıb. Daha sonra dövlət ittihamçısı çıxış edib.

Prokuror Alzaman Mahdi Ali 4 il, Alghabr Mohammad Hussain 4 il, Alghabr Mahdi Mohammad 4 il müddətə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkən tərəf onları bağışladıqlarını bildirib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti prosesi 16 dekabrda keçiriləcəkdir.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.