AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı və Abşeron yarımadasında nəqliyyat infrastrukturunun inkişafı məqsədilə 26 iri yol layihəsi həyata keçirir.
Day.Az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov deyib.
O bildirib ki, əhali artımı, urbanizasiya və iqtisadi genişlənmə nəqliyyat infrastrukturu üzərində yeni təzyiqlər yaradır və buna cavab olaraq Agentlik ənənəvi yol tikintisi yanaşmasından daha geniş strategiya tətbiq edir.
"Biz alternativ nəqliyyat dəhlizləri yaradır, nəqliyyat axınlarını yenidən bölüşdürür, magistral yollar üzərindəki yükü azaldır, təhlükəsizlik standartlarını yüksəldir və daha dayanıqlı mobillik sistemi formalaşdırırıq", - deyə o qeyd edib.
F.Əzizovun sözlərinə görə, əsas layihələrdən biri M1 Bakı-Quba və M4 Bakı-Şamaxı avtomobil yollarını birləşdirəcək 29 kilometrlik Bilgəh-Məhəmmədi-Mərdəkan-Şamaxı avtomobil yolu layihəsidir. Bu dəhliz regional nəqliyyatın Bakı şəhərinin mərkəzinə daxil olmadan hərəkət etməsinə imkan verəcək. Layihəyə altı hərəkət zolağı, doqquz yol qovşağı, on üç estakada, tunellər və piyada keçidləri daxildir. Bu layihə tıxacların azalmasına, logistikanın sürətlənməsinə və ekoloji yükün azalmasına xidmət edəcək", - deyə o bildirib.
O əlavə edib ki, Akademik Həsən Əliyev küçəsi ilə Koroğlu metro stansiyası arasında inşa olunan yeni yol bağlantısında işlərin təxminən 50 faizi tamamlanıb.
"Layihə alternativ şərq-qərb nəqliyyat əlaqəsi yaradacaq, Heydər Əliyev və Ziya Bünyadov prospektlərindəki yükü azaldacaq. Bundan başqa, piyada təhlükəsizliyi və əlçatanlığın artırılması məqsədilə bir sıra tunel və keçid layihələri də həyata keçirilir. Həyata keçirilən bütün layihələrin əsas məqsədi vahid və inteqrasiya olunmuş metropol mobillik sisteminin formalaşdırılmasıdır.
Əlaqəlilik, ərazi balansı, təhlükəsizlik və mobillik insanların gündəlik həyat keyfiyyətinin ayrılmaz hissəsidir. İnanırıq ki, bu layihələr Bakıda nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq, şəhər mərkəzinə düşən yükü optimallaşdıracaq və daha dayanıqlı metropol gələcəyinin qurulmasına töhfə verəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.
Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı - İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin "SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре