Azərbaycan və Ermənistan mühüm irəliləyiş əldə ediblər

Azərbaycan və Ermənistan çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər.

Day.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel brifinqdə deyib.

"Ötən həftə müzakirələr konstruktiv keçdi. Hesab edirik ki, Ermənistan və Azərbaycan nümayəndə heyətləri çətin məsələlərin həllində mühüm irəliləyiş əldə ediblər", - deyə o bildirib.

V.Patel qeyd edib ki, hər iki ölkə prinsipcə müəyyən şərtlərlə razılaşıb və bir-birinin nöqteyi-nəzərini daha yaxşı başa düşür.

Onun sözlərinə görə, ABŞ əlavə xoş niyyət ilə razılaşmanın əldə edilə biləcəyinə inanır.

"İki ölkə davamlı sülhü təmin etmək üçün dialoqa davam etdiyi müddət biz tam dəstəyimizi verməyə davam edirik", - deyə o bildirib.

Tərəflərin danışıqları davam etdirəcəyini qeyd edən V.Patel ABŞ-ın bunu alqışladığını bildirib.

"Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır", - deyə o əlavə edib.