Mənzil təminatı böhran sonrası bərpanın əsas prioritetidir

Mənzil təminatı böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin əsas prioritetlərindən biridir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən "Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi" mövzusunda çıxışında deyib.

E.Hüseynov qeyd edib ki, Azərbaycan üçün bu mövzu xüsusi əhəmiyyət daşıyır:

"Otuz ilə yaxın müddətdə məcburi köçkünlər bir gün öz evlərinə və icmalarına qayıdacaqları ümidi ilə yaşayıblar. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlər tamamilə dağıdılıb. Bəzi rayonlarda dağıntıların miqyası o qədər böyük olub ki, nəticədə viran qalmış şəhər mühiti və çökmüş mənzil sistemləri yaranıb".

Onun sözlərinə görə, bərpa yalnız binaların yenidən tikilməsi ilə məhdudlaşmır:

"Bərpa prosesi insanların öz doğma torpaqlarında gələcəklərini yenidən təsəvvür edə bildikləri, aidiyyət hissini bərpa etdikləri zaman başlayır. Bu gün Azərbaycan regionun ən böyük yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir".

Xüsusi nümayəndə vurğulayıb ki, bərpa və yenidənqurma işlərinə artıq əhəmiyyətli maliyyə vəsaitləri ayrılıb:

"Təmsil etdiyim Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndlər davamlılıq, inklüzivlik və dayanıqlılıq prinsiplərinə əsaslanan uzunmüddətli baxış əsasında yenidən qurulur. Bizim yanaşmamız bir əsas prinsipə söykənir - mənzil məsələsi ilk sırada dayanmalıdır. Çünki mənzil insanlara ləyaqət, sabitlik və gələcəyə inam qazandırır".

E.Hüseynov bildirib ki, ailələr təhlükəsiz evlərə qayıtdıqda məktəblər yenidən fəaliyyətə başlayır, yerli iqtisadiyyat canlanır, sosial əlaqələr bərpa olunur və icmalar gələcəyə daha böyük inamla baxırlar. Onun sözlərinə görə, artıq xeyli sayda keçmiş məcburi köçkün yenidən qurulan yaşayış məntəqələrinə qayıdıb və qarşıdakı illərdə daha çox insanın geri dönməsi gözlənilir: "Yeni yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri və digər ictimai xidmətlər istifadəyə verilir. Bütün bunlar normal həyatın bərpasına yönəlmiş genişmiqyaslı fəaliyyətin tərkib hissəsidir".

Xüsusi nümayəndə əlavə edib ki, yenidənqurma prosesi keçmişdə mövcud olmuş zəiflikləri təkrarlamamalıdır:

"Biz daha yaxşı, daha "ağıllı" və daha dayanıqlı şəhər sistemləri qurmalıyıq. Buna görə də Azərbaycan yenidənqurma prosesinə müasir şəhərsalma yanaşmalarını, yaşıl enerji həllərini, rəqəmsal idarəetməni və dayanıqlı infrastruktur elementlərini inteqrasiya edir".

O bildirib ki, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında texnologiya əsaslı və dayanıqlı yaşayış məkanları yaradılır: "Başkənd və Tuğ kəndləri bu istiqamətdə qabaqcıl nümunələrdəndir. Həyata keçirilən layihələr bərpa olunan enerji həllərini, GPON texnologiyası əsasında qurulan yüksəksürətli fiber-optik internet infrastrukturunu, müasir sosial obyektləri və ekoloji baxımdan məsuliyyətli şəhərsalma yanaşmalarını özündə birləşdirir".

Onun sözlərinə görə, günəş enerjisi və milli elektrik şəbəkəsi əsasında qurulan hibrid enerji sistemləri, eləcə də ikitərəfli elektrik sayğacları Azərbaycanda ilk dəfə tətbiq olunur.

"Bundan əlavə, yüzlərlə fərdi qazanxananı əvəz edən daha təhlükəsiz və enerjiyə qənaət edən mərkəzləşdirilmiş istilik sistemləri qurulur. Sakinlər istiliyi müstəqil şəkildə tənzimləyə və yalnız faktiki istehlaka görə ödəniş edə bilirlər. Bu isə enerji itkilərinin və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına imkan yaradır", - deyə E.Hüseynov vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı - İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin "SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.