Zəngilanın Baş planının əsas ideyası təbiətin içində şəhərdir

Zəngilanın Baş planının əsas ideyası ondan ibarət idi ki, ağaclar artıq üç onillik ərzində formalaşıb böyümüş olsun və biz tikilən mühiti təbiətin içinə inteqrasiya edək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Şəhərsalma və Planlaşdırma Agentliyinin təsisçi tərəfdaşı Dunja Kovari Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil edilən "Şəhərsalmanın Yenidən Qurulması: Azərbaycanda şəhər transformasiyası üçün innovasiya laboratoriyasını necə yaratdı" mövzulu sessiyada çıxışında bildirib.

Onun sözlərinə görə, buna görə də Zəngilanda ağacların böyük hissəsi mühafizə olunur:

"Şəhər planlaması "soyuq hava dəhlizləri" üzərində qurulub. Bu irs üzərində qurularaq və kontekstual şəhər regenerasiyası yanaşması tətbiq olunaraq davam edirik. Qarabağın və Şərqi Zəngəzur bölgəsinin böyük bir hissəsi dağlıq ərazidə yerləşir və bu, bizim İsveçrə agentliyi olaraq özümüzü çox rahat hiss etdiyimiz bir mühitdir. Buna görə də yüksəkliklərdə planlaşdırma da yenidənqurma prosesinin əsas istiqamətlərindən biri oldu.

Kəlbəcər Sovet dövründə isti su mənbələri ilə tanınırdı və hazırkı Baş plan da bu, güclü və uzunmüddətli ənənəyə əsaslanır. Biz yeni bir tipologiya - alp tipologiyası - təqdim etdik. Amma burada vacib olan odur ki, alp yaşayış modeli təbiət və dağlarla tarazlı şəkildə inteqrasiya olunur və birlikdə Kəlbəcəri bizim fikrimizcə xüsusi edən vahid bir məkan formalaşdırır. Eyni zamanda, davamlı mobillik həlləri Bakının transformasiyası üçün də son dərəcə vacibdir".

O bildirib ki, hazırda əsas diqqət ictimai məkanların avtomobil mərkəzli sahələrdən insanlar üçün nəzərdə tutulmuş açıq məkanlara çevrilməsidir:

"Burada - Bakıda 28 May meydanında gördüyünüz kimi. Bunu nə qədər desək də azdır: sonda biz insanlar üçün planlama aparırıq. Buna görə də Bakı Mərkəzi Parkı, eləcə də şəhərdə yaşıllıq sahələrinin planlanması və inkişafı, paytaxtda nə qədər vacibdirsə, yenidənqurma aparılan ərazilərdə də bir o qədər əhəmiyyətlidir".

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı - İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin "SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.