Xorvatiya WUF13-də şəhər inkişafı sahəsində tərəfdaşlığın genişləndiriləcəyini gözləyir - MÜSAHİBƏ
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) şəhər inkişafı üzrə innovativ layihələr sahəsində tərəfdaşlıqların inkişafına bundan sonra da töhfə verəcəyi gözlənilir.
Day.Az xəbər verir ki, bunu Trend-ə forum çərçivəsində verdikləri özəl müsahibədə Xorvatiyanın məkan planlaşdırılması, tikinti və dövlət əmlakı nazirinin müşavirləri Ana Favro Şaban və Nevena Byeliç deyiblər.
"Xorvatiyanın Bakıda keçirilən WUF13-də əsas prioritetləri əlçatan mənzil təminatına, mənzil siyasəti sahəsində təcrübə mübadiləsinə və tikinti sektorunun "yaşıl" keçidinə xüsusi diqqət yetirilməklə dayanıqlı və inklüziv şəhər inkişafına yönəlib. Xorvatiya məkan planlaşdırılması, mənzil əlçatanlığı və enerji səmərəliliyini vahid strateji sistem çərçivəsində birləşdirən islahat və proqramları təqdim etmək niyyətindədir.
Xorvatiyanın təşviq etmək niyyətində olduğu əsas mesaj ondan ibarətdir ki, əlçatan mənzil təminatı və dayanıqlı şəhər inkişafı paralel şəkildə həyata keçirilməlidir. 2030-cu ilədək Milli Mənzil Siyasəti Planı və bununla bağlı qanunvericilik islahatlarının icrası çərçivəsində Xorvatiya keyfiyyətli və münasib qiymətli mənzillərin əlçatanlığını genişləndirmək, eyni zamanda balanslaşdırılmış məkan inkişafını və şəhər mühitinin qorunmasını təmin etmək istiqamətində çalışır", - deyə onlar bildiriblər.
Şaban və Byeliç qeyd ediblər ki, Xorvatiya WUF13-ü mənzil siyasəti, şəhər yenilənməsi, demoqrafik çağırışlar və dayanıqlı torpaq istifadəsi sahələrində beynəlxalq təcrübə və ən yaxşı praktika mübadiləsi üçün mühüm imkan kimi qiymətləndirir.
"Eyni zamanda, Xorvatiya şəffaflığı, səmərəliliyi və vətəndaşlar, eləcə də investorlar üçün əlçatanlığı artıran "ePlans" və "ePermit" sistemləri vasitəsilə məkan planlaşdırılması və tikinti prosedurlarının rəqəmsallaşdırılması sahəsində öz təcrübəsini bölüşməyə çalışır. Digər mühüm prioritet binaların enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılmasıdır. Tikinti sektoru enerji istehlakı və emissiyaların ən böyük mənbələrindən biri olduğuna görə, Xorvatiya yaşayış və ictimai binaların renovasiyası və enerji səmərəliliyi üzrə genişmiqyaslı proqramlar həyata keçirir. Bu tədbirlər iqlim hədəflərinə nail olunmasına, enerji yoxsulluğunun azaldılmasına və mənzil şəraitinin yaxşılaşdırılmasına töhfə verir", - deyə onlar vurğulayıb.
Xorvatiya nümayəndələri əlavə ediblər ki, Avropa iqlim hədəfləri və Binaların Enerji Səmərəliliyi üzrə yenilənmiş Direktivə (EPBD) uyğun olaraq Xorvatiya sıfır emissiyalı binaların sayının artırılmasına, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə və binaların renovasiyasına investisiyaların cəlb edilməsinə yönəlmiş siyasət həyata keçirir.
"Ölkə tikinti sektorunda "yaşıl" keçidi həm ekoloji, həm də sosial imkan kimi qiymətləndirir. Bu yanaşma yeni iş yerləri yarada, enerji dayanıqlığını gücləndirə və vətəndaşların həyat şəraitini yaxşılaşdıra bilər. Xorvatiya inanır ki, WUF13 beynəlxalq əməkdaşlığı daha da gücləndirəcək, innovativ şəhər layihələri üzrə tərəfdaşlıqların inkişafına təkan verəcək və iqlim baxımından neytral, dayanıqlı və sosial inklüziv şəhərlər üzrə qlobal dialoqa töhfə verəcək. Eyni zamanda forum əlçatan mənzil təminatı və müasir dövrün əsas şəhər və sosial çağırışlarından hesab olunan demoqrafik problemlərin həlli sahəsində təcrübə və ən yaxşı praktika mübadiləsi üçün mühüm platforma rolunu oynayır", - deyə onlar izah ediblər.
Xorvatiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışan müşavirlər bildirib ki, ölkəsi şəhərsalma, tikinti və dayanıqlı infrastruktur sahələrində əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial görür. Bu xüsusilə Xorvatiyanın zəlzələdən sonrakı bərpa, enerji renovasiyası və "yaşıl" keçid siyasəti üzrə təcrübəsinin Azərbaycanın infrastruktur investisiyaları və şəhərlərinin dinamik inkişafı ilə birləşməsi hesabına mümkün ola bilər.
"Məkan Planlaşdırılması, Tikinti və Dövlət Əmlakı Nazirliyinin baxışına görə, əməkdaşlığın əsas istiqamətlərindən biri fəlakətdən sonrakı bərpa və seysmik dayanıqlılıqdır. Zaqreb və Banovina bölgəsində baş vermiş dağıdıcı zəlzələlərdən sonra Xorvatiya "Build Back Better" prinsipi əsasında kompleks bərpa proseslərinin həyata keçirilməsi sahəsində əhəmiyyətli təcrübə qazanıb. Bu o deməkdir ki, məqsəd yalnız zədələnmiş binaların bərpası deyil, həm də daha təhlükəsiz, keyfiyyətli və enerji səmərəli yaşayış mühitinin yaradılmasıdır. Bu prosesdə seysmik təhlükəsizlik, enerji səmərəliliyi, dayanıqlılıq və şəhər ərazilərinin uzunmüddətli davamlılığına xüsusi diqqət yetirilir.
Azərbaycanın da seysmik aktiv ölkə olmasını , eyni zamanda Bakının modernləşdirilməsi, yeni şəhər zonalarının inkişafı, enerji səmərəliliyi və "ağıllı şəhər" konsepsiyalarının tətbiqi daxil olmaqla şəhərsalma və infrastrukturun inkişafına fəal investisiya yatırdığını nəzərə alaraq, biz seysmik davamlı tikinti, dayanıqlı şəhər planlaşdırılması, enerji səmərəli ictimai infrastruktur və şəhərlərin inteqrasiya olunmuş bərpa və idarəetmə modelləri sahəsində təcrübə mübadiləsi üçün böyük potensial görürük", - deyə Şaban və Byeliç bildirib.
Onların fikrincə, əməkdaşlığın digər mühüm istiqaməti binaların enerji renovasiyası və dayanıqlı şəhər yenilənməsidir.
"Son illərdə Xorvatiya Aİ vəsaitləri və "yaşıl" keçid siyasəti hesabına yaşayış və ictimai binaların enerji renovasiyası üzrə genişmiqyaslı proqramlar həyata keçirir. Bu proqramlar yalnız karbonsuzlaşdırma və enerji istehlakının azaldılmasına deyil, həm də enerji yoxsulluğunun aradan qaldırılmasına və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Hesab edirik ki, dayanıqlı və enerji səmərəli tikinti sahəsində maliyyə modelləri, normativ-hüquqi çərçivələr və icra mexanizmləri üzrə bilik mübadiləsi üçün ciddi potensial mövcuddur. Həmçinin bu gün dünyada əsas şəhər çağırışlarından biri hesab olunan əlçatan və inklüziv mənzil təminatı sahəsində əməkdaşlıq üçün böyük imkanlar görürük. Xorvatiya Daşınmaz Əmlak Əməliyyatları və Vasitəçilik Agentliyi vasitəsilə gənc ailələrə və mənzil əlçatanlığına xüsusi diqqət yetirməklə dövlət mənzil dəstəyi və subsidiyalı tikinti proqramları həyata keçirir.
Eyni zamanda Xorvatiya dayanıqlı şəhər yenilənməsi modellərini fəal şəkildə inkişaf etdirir və bazar inkişafı ilə sosial ehtiyaclar arasında balans yaratmağa çalışır. Azərbaycanın da dövlət mənzil proqramları və yeni şəhər layihələrini inkişaf etdirdiyini nəzərə alsaq, mənzil siyasəti, mənzil maliyyələşdirilməsi və dayanıqlı icmaların inkişafı sahələrində dialoq və ən yaxşı praktika mübadiləsi üçün açıq-aşkar potensial mövcuddur. Həmçinin dayanıqlı infrastruktur, "yaşıl" tikinti və dayanıqlı şəhərlərin inkişafı sahələrində birgə layihələr, ekspert mübadiləsi və biznes forumları vasitəsilə özəl sektor, peşəkar institutlar, universitetlər və ticarət-sənaye palataları arasında əməkdaşlıq üçün də ciddi imkanlar var", - deyə onlar bildiriblər.
Ümumilikdə, Şaban və Byeliç Xorvatiya və Azərbaycanın şəhərlərin dayanıqlığını, sosial inklüzivliyi və davamlı inkişafı təşviq edən şəhərsalma və mənzil siyasəti üzrə innovativ və gələcəyə hədəflənmiş yanaşmalar vasitəsilə əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm təmələ malik olduqlarını hesab edirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре