Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində 20 yanvar faciəsinə həsr olunan tədbir keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Day.Az bildirir ki, 19 yanvar Leopold və Mstislav Rostropoviçlərin ev muzeyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirildi. Tədbirin əvvəlində 20 yanvar faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə muzeyin Direktoru Ş.Heydərova açaraq 20 Yanvar faciəsinin heç vaxt unudulmayacağını, şəhidlərin müstəqilliyimizin əldə olunmasında oynadığı rolu xüsusi ilə vurğuladı. Qeyd etdi ki, M.Rostropoviç özünü dərk edəndən insan haqları uğrunda mübarizə aparmış, təqiblərə məruz qalsa da insanlara qarşı haqsızlığı heç vaxt qəbul etməmişdir. Buna görə dəfələrlə təqiblərə məruz qalmışdı. M.Rostropoviç deyirdi: Musiqi ifa edərək mən insan haqqlarını müdafiə edirəm. Mənim üçüb ən vacib insanların xoşbəxt və azad olduğunu bilməkdir". Bu özünü onun demokratiya carçısı olan insanları müdafiəsində göstərir. Belə ki, 1969-cu ildən başlayaraq M.Rostropoviç Nobel mükafatı almış, tanınmış yazıçı A.İ.Soljenitsenə dəstək olur.

O yazıçını müdafiə edənlərdən idi və öz şəxsi həyatını risk altına alaraq yazıçıya qarşı aparılan kompaniyaya öz etirazını bildirməkdən qorxmadı. O, nəinki A.İ.Soljenitsenin,təqiblərə məruz qalmış digər istedadlı şəxslərin- D.Şostakoviç, S.Prokofyev, B.Çaykovski müdafiəsinə də qalxmışdı. Bütün bunların nəticəsidir ki, M.Rostropoviç dəfələrlə müxtəlif ölkələrin orden və medallar ilə- 1991-ci ildə Parisdə "Gələcək naminə fond"u tərəfindən "İnsan haqları uğrunda mübarizəyə" görə mükafatına, 1997-ci ildə Fransada YUNESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdü.

1998-ci ildə Bakıya gəlişlərinin birində Azərbaycan Republikasının ən ali mükafatı sayılan və şəxsən Prezident H.Əliyev tərəfindən Maestroya təqdim olunan "İstiqlal" ordeninə layiq görülmüşdü. O, çıxışlarının birində Bakı haqqında demişdir:-"Atam Azərbaycanı sevirdi, mənim anam da bu ölkəni çox sevirdi. Azərbaycana məhəbbət mənə irsən keçmişdir".

M.Rostropoviç Azərbaycanın problemlərinə də heç vaxt biganə qalmırdı. Səfərlərinin birində öz istəyi ilə bir neçə qaçqın düşərgəsində olaraq yurd-yuvasını itirmiş insanlarla görüşdü və gördüklərindən təsirlənərək M.Rostropoviç Xeyriyyə Fondunun Azərbaycan filialını yaratdı və bu günə qədər o fond fəaliyyət göstərir.

Sonra tədbir bədii hissə ilə davam etdi. Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Tədbirin musiqi proqramında Fortepianoda Prezident təqaüdçüsü, 11-ci sinif şagirdləri N.İsmayılovanın ifasında - F.Şopenin Etüd N.23, 9-cu sinif şagirdi F.Hüseynovanın ifasında S.Raxmaninov "Etüdi-Kartini Op.33, S.İsgəndərli ifasında A.Zeynallı "Ölkəm" romansı əsərləri səsləndi. İfalar zamanı arxa fonda faciə qurbanlarına həsr olunmuş sənədli film təqdim edildi.

Sonra muzeyin zəngin fondunda saxlanan Əməkdar İncəsənət Xadimi L.Səfərovanın M.Rostropoviçin qaçqınlarla görüşündən bəhs edən "Mərhəmət" filmi nümayiş olundu. Tədbir M.Rostropoviçin ifasında səslənən və onun dua adlandırdığı İ.S.Baxın suita No.2 "Sarabanda" əsəri ilə yekunlaşdı.

Anım tədbirində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları, Bülbül adına Orta ixtisas musiqi məktəbinin müəllim və şagird heyəti, memorial muzeylərin direktor və əməkdaşları qonaqlar qismində iştirak etdilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.