"Kamrandan üzr istədim" - Slavik Alxasov

Day.Az представляет новость на азербайджанском языке

Adi oyun epizodu idi. Sözümüz düz gəlmədi. Ona görə belə bir hadisə yaşandı. Emosiyalardan irəli gələn mübahisə idi, oldu, keçdi. Problemli bir şey yoxdur. Hər oyunda belə epizodlar ola bilər.

Milli.Az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında "Keşlə"nin müdafiəçisi Slavik Alxasov deyib. Topaz Premyer Liqanın 25-ci turunun "Neftçi" ilə oyununun (2:1) ilk hissəsində Kamran Ağayevlə arasında yaşanan xoşagəlməz hadisəyə münasibət bildirən futbolçu mübahisənin təfərrüatlarını açıqlayıb. Ancaq Alxasov həmin vaxt nə Kamranın, nə də özünün söyüş işlətdiyini söyləyib:

"Allah eləməsin, söyüş olsun. Heç bir təhqir olmayıb. Əslində burda böyüdüləsi heç nə yoxdur. Kamran bizim kapitanımız, qardaşımızdır. Aramızda ciddi söz-söhbət olmayıb, ola da bilməz. Çünki bir-birimizə hörmətlə yanaşırıq. Oyundur. hərdən əsəblər gərilir. Matçdan sonra bir kiçik kimi gedib üzr istədim. Yenə deyirəm, heç bir problem yoxdur. Söhbətin niyə bu qədər şişirdildiyini bilmirəm. Oyun vaxtı futbolçular emosional olur. Bu da normal haldır".

Kamran Ağayev isə "CBC Sport"a açıqlamasında hadisə ilə bağlı bunları demişdi: "Qlobal heç nə baş verməyib. Aramızda mübahisə oldu, Slavikə söz dedim, o isə bir az sərt cavab verdi. Amma indi hər şey yaxşıdır. Bunlar futbolda olan və ola biləcək hadisələrdir. Artıq meydanda qaldı. Komanda yoldaşlarımla hər şey qaydasındadır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.