Seçkilərin əmin-amanlıq içində keçməsi Türkiyənin demokratik yetkinliyinin ifadəsidir

Seçkilərin əmin-amanlıq içində keçməsi Türkiyənin demokratik yetkinliyinin ifadəsidir.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi twitter hesabındaki paylaşımda bildirib.

"Seçki belə müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan edilməsinə cəhd milli iradənin qəsb edilməsi deməkdir. Biz sevinirik ki, xalqımızın lütfü davam edən səslərin sayılmasında öz əksini tapacaq. Demokratiya naminə səs verən, seçkilərdə iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm", - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.