Azərbaycanda oyun sənayesinin gəlirlərinin 200 milyon dollardan çox olması proqnozlaşdırılır - Kris Huiş
Qlobal oyun sənayesinin 2030-cu ilə qədər 500 milyard dollar dəyərə çatacağı proqnozlaşdırılır və belə bir dövrdə yeni inkişaf edən texnoloji mərkəzlərə diqqət artmaqdadır. Bu kontekstdə Azərbaycanda rəqəmsal ekosistemin qurulması və innovativ texnologiyaların tətbiqi ölkənin regionda liderə çevrilməsi üçün möhkəm zəmin formalaşdırır.
Son illərdə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən strateji siyasət Azərbaycanın texnoloji və innovasiya potensialının artırılmasına mühüm dəyər qazandırır. Xüsusilə startapların və yaradıcı iqtisadiyyatın dəstəklənməsi innovasiya ekosisteminin quruculuğu üçün atılan ciddi addımlardır. Yaradıcı iqtisadiyyatın inkişafında oyun sənayesinin əhəmiyyəti də vurğulanmalıdır. Son bir neçə ildə Azərbaycanda oyun studiyalarının sayında ciddi artım müşahidə edilir. Hazırda ölkəmizdə 60-dan çox oyun tərtibatı ilə məşğul olan studiya fəaliyyət göstərir və onların bir çoxu qlobal bazarlarda tanınmağı hədəfləyir.
Təbii ki, ölkədəki oyun ekosisteminin dinamik yüksəlişi "Xsolla" kimi aparıcı qlobal şirkətlərin də diqqətini cəlb edir. "Xsolla" dünya miqyasında tanınmış və oyun sənayesi üçün kommersiya həlləri yaradan platformadır. Qlobal oyun sənayesindəki tranzaksiyaların 70%-dən çoxu məhz bu platforma üzərindən həyata keçirilir. Şirkət 2024-cü ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə əməkdaşlığa başlayıb. Bu, şirkət tərəfindən Azərbaycanın rəqəmsal potensialının yüksək qiymətləndirilməsi və regional əməliyyatlar üçün Azərbaycanın məkan olaraq seçilməsi deməkdir.
"Anews" kanalının "World Business" proqramında müsahibə verən "Xsolla" şirkətinin prezidenti Kris Huiş şirkətin qlobal strategiyası və regiondakı planlarından danışıb. Müsahibə zamanı o, Azərbaycanın texnoloji mənzərəsinin necə dəyişdiyini və ölkəmizin regional oyun ekosistemində rolunu xüsusi vurğulayıb.
Kris Huiş qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu böyük potensiala malikdir və Azərbaycan bu kontekstdə ön sıralarda yer alır. Onun sözlərinə görə, təkcə bu il Azərbaycanın oyun sənayesi bazarından əldə olunan gəlirin 220 milyon ABŞ dollarını keçəcəyi proqnozlaşdırılır.
O həmçinin Azərbaycandakı inkişafın bir neçə faktorla bağlı olduğuna diqqət çəkib: "Birincisi, bu ölkədə heyrətamiz istedadların olduğunu deməliyəm. Oyun sənayesinin həm tərtibatçılıq, həm də biznes tərəfini mənimsəyən və inanılmaz dərəcədə savadlı və motivasiyalı insan kapitalının olduğunu görürük".
Bundan əlavə, Kris Huiş bildirib ki, oyun sənayesinin inkişafı həm də dövlət tərəfindən bu sahəyə göstərilən diqqətin nəticəsidir: "Oyun sənayesi Azərbaycanda ciddi təşəbbüslərlə dəstəklənir. Biz görürük ki, Azərbaycanın rəhbərliyi ölkənin rəqəmsal iqtisadiyyata keçidi üçün qərarlı addımlar atır. Eyni zamanda, biz İRİA və nazir Rəşad Nəbiyevin rəhbərlik etdiyi komandadan böyük dəstək almışıq. Təbii ki, yaradılan imkanlar bizim bu ölkədə fəaliyyətimizin genişləndirilməsinə müsbət təsir göstərir".
Müsahibəyə aşağıdakı link vasitəsilə keçid etmək mümkündür:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре