"Habitat for Humanity" WUF13-də hökumətləri mənzil məsələsini inkişaf gündəliyinin prioriteti etməyə çağırıb

ABŞ-nin beynəlxalq qeyri-gəlir təşkilatı olan "Habitat for Humanity International" Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasında iştirak edən ölkələrin hökumətlərini mənzil məsələsini inkişaf gündəliyinin mərkəzi elementi etməyə çağırır.

Day.Az xəbər verir ki, bunu təşkilatın baş icraçı direktoru Conatan Rekford forum çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

"İqtisadi mobilliyin, iqlim dayanıqlığının və insanların rifahının təmin edilməsində mənzilin fundamental roluna baxmayaraq, bu məsələ hələ də qlobal strategiyalarda olduqca zəif təmsil olunur. Təhlillər göstərir ki, rəsmi inkişaf yardımlarının 1 faizindən az hissəsi mənzil sektoruna yönəlir, milli iqlim planlarının isə yalnız 2 faizi bu sahədə real ambisiyalar nümayiş etdirir", - deyə o qeyd edib.

Rekfordun sözlərinə görə, "Habitat" hökumətləri aşağıda sadalanan addımları atmağa çağırır:

- mənzili iqtisadi artımın stimullaşdırılması, səhiyyə və təhsil göstəricilərinin yaxşılaşdırılması, həmçinin qadınlar və həssas əhali qrupları üçün imkanların genişləndirilməsində əsas rolunu nəzərə alaraq, inkişafın müxtəlif sahələrini birləşdirən katalizator kimi tanımaq;

- investisiyaların daha şəffaf, müqayisəolunan və qlobal tələbatın miqyasına uyğun olması üçün rəsmi inkişaf yardımı çərçivəsində mənzil layihələrinin uçotu mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı öhdəlik götürmək. Onun sözlərinə görə, mövcud qiymətləndirmə sistemləri dəstəyin real səviyyəsini gizlədir və səmərəli planlaşdırmanı məhdudlaşdırır;

- inkişaf proqramları çərçivəsində öz səmərəliliyini artıq sübut etmiş uğurlu mənzil həllərinin genişləndirilməsi, uyğunlaşdırılması və tirajlanması məqsədilə tərəfdaş ölkələrlə əməkdaşlıq etməyə, həmçinin ölçülə bilən iqtisadi və sosial nəticələr verən təşəbbüslərin miqyasını artırmaq;

- mənzil strategiyalarının ilk növbədə əhalinin ən həssas qruplarına yönəldilməsini təmin etməyə, həmçinin ehtiyaclarla real yardım arasındakı fərqi azalda bilən vətəndaş cəmiyyəti təşkilatları ilə tərəfdaşlıq üçün əlverişli şərait yaratmağa. Bu, xüsusilə milli mənzil proqramlarında kifayət qədər əhatə olunmayan əhali kateqoriyalarına prioritet verilməsini və çətin əlçatan icmalarla işdə QHT-lərin rolunun tanınmasını nəzərdə tutur.

Rekford həmçinin sürətli urbanizasiya şəraitində əlçatan mənzil probleminin qlobal miqyasda necə qiymətləndirildiyindən danışıb.

"Biz hələ də şəhər mənzil böhranını çox məhdud yanaşma ilə həll etməyə çalışırıq, diqqəti yeni mənzillərin tikintisinə və mülkiyyət məsələlərinə yönəldirik. Halbuki insanların əksəriyyəti artıq mövcud mənzil fondlarından, qeyri-rəsmi yaşayış məntəqələrindən və daha geniş mülkiyyət və istifadə formalarından asılıdır".

Rekford qeyd edib ki, təşkilat 65 milyondan çox insana mənzil inşasında və ya yaşayış şəraitini yaxşılaşdırmaqda yardım edib.

"Təkbaşına bunun öhdəsindən gələ bilməyəcəyimizi - bunu ilk olaraq biz deyirik . Mənzil böhranının miqyası mənzil çatışmazlığını real şəkildə azaltmaq üçün müxtəlif sektorlar arasında əməkdaşlıq tələb edir. Tərəfdaşlıqları gücləndirmək üçün biz hökumətlərə mənzil siyasətinin formalaşdırılması zamanı etdiyimiz çağırışa yenidən qayıdırıq: mənzil əlçatanlığının genişləndirilməsinə yönəlmiş istənilən strategiyanın mərkəzində ən həssas əhali qrupları dayanmalıdır. Eyni qruplar vətəndaş cəmiyyəti təşkilatları ilə tərəfdaşlıqların qurulması zamanı da diqqət mərkəzində olmalıdır.

Biz "hər bir insan layiqli mənzilə sahib olmalıdır" baxışımızı bölüşən istənilən təşkilat və ya hökumətlə əməkdaşlığa hazırıq. Qlobal mənzil təşkilatı olaraq biz siyasi baxımdan fəalıq, lakin partiyalı deyilik. Biz o mənada siyasiyik ki, dünyada dövlət iştirakı olmadan mənzilə çıxışın yaxşılaşdırılması ilə bağlı heç bir nümunə yoxdur. Lakin biz partiyalı deyilik, çünki mənzil hər bir ölkə üçün fundamental məsələdir. Dövlətlər mənzilə çıxışı yaxşılaşdırma yollarını axtardıqca, biz dövlət siyasətinin formalaşdırılmasına töhfə verə biləcəyimiz bütün hallarda əməkdaşlığa və ekspertizamızı bölüşməyə hazırıq", - deyə o fikrini yekunlaşdırıb.