Amerika Qarabağda sülh istəmir: Vaşinqton vicdanlı siyasətə hazır deyil

Day.Az представляет новость на азербайджанском языке

ABŞ dövlət katibi Con Kerri 8-ci Vaşinqton İdeyaları Forumunda deyib: "Müasir dünyada Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki hər şeydən əvvəl, liderlər buna hazır deyillər".

Bu fikir əslində ATƏT-in Minsk Qrupu həmsədrlərinin ümumi mövqeyini, "münaqişənin görünən zahiri cəhətini" vurğulayır.  Minsk qrupuna daxil olan Fransa, Rusiya və ABŞ qəti qərarlıdırlar ki, bu münaqişə həll edilməsin, çünki hər bir ölkə bu münaqişədən öz xeyrini güdür.

Kerri riyakarlıqla Ermənistanın təcavüzkar və işğalçı olduğunu demir. Bu işğalçı dövlətə Minsk qrupunun hər üç həmsədrinin var gücü ilə iqtisadi, hərbi, mənəvi və maliyyə yardımı göstərməsini danır. Onu qabartmır, diqqətə çatdırmır. Təbii ki, belə olan halda o, haqlıdır.

Təbii ki, Con Kerrinin belə fikir bildirməsi böyük təəssüf doğurur, amma onun belə açıqlama ilə çıxış etməsi gözlənilən idi.

1988-ci ildə Dağlıq Qarabağ problemi süni yola şişirdiləndə Con Kerri bir qrup senatorla birlikdə həmin dönəmdə SSRİ-nin prezidenti olmuş Mixail Qarbaçova məktub yazaraq Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etmişdi. Bunun içində yatan yanaşma nə zamansa neytrallığı bir kənara qoyub, Ermənistanla Azərbaycanı tərəzinin eyni gözünə qoyulmasına gətirib çıxaran səbəb olmalı idi. Yaşananlar da şübhə yox ki, ABŞ-ın xarici siyasətinə baş ucalığı gətirmir.

C.Kerri 30 ilə yaxındır ki, ABŞ-ın xarici siyasətində Amerika ermənilərinin maraqlarını prioritet kimi müdafiə edir.

Hələ 1983-cü ildə, o, Masseçusets ştatının qubernatoru, antitürk baxışları ilə ad çıxarmış Maykl Dukakisin köməkçisi olmuşdu.

Senator olduğu dövrdə C.Kerri "erməni soyqırımı" iddiasının tanınmasına ciddi dəstək verib, bununla bağlı Konqresdə qətnamənin hazırlanmasında iştirak edib.   

1992-ci ildə erməni lobbi təşkilatlarının dəstəyi ilə C.Kerri və konqresmen Ueyn Ouens Azadlığı Müdafiə Aktına bədnam "907-ci düzəlişi" irəli sürüblər və onun qəbul edilməsinə nail olublar.

C.Kerri 2004-cü ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olanda "erməni soyqırımı"nı tanıyacağını vəd edib.

C.Kerri 2005-ci il aprel ayının 23-də ABŞ-ın 32 senatoru və 175 konqresmeni ilə birgə  C.Buşdan aprelin 24-də qondarma "erməni soyqırımı"nın tanımasını tələb etmişdi.

2008-ci il sentyabrın 26-da ABŞ senatorları Robert Menendez və C.Kerri ABŞ-ın Türkiyədəki gələcək səfiri Ceyms Ceffridən qondarma "erməni soyqırımı"nı tanımağı tələb ediblər.

C.Kerri də daxil olmaqla bir qrup senator 1990-cı il 20 Yanvar hadisələri ərəfəsində M.Qorbaçova müraciət ünvanlayaraq "160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyi"ni önə çəkmişdi.  

"Mənim çoxlu erməni dostlarım var. Uzun illər mən dostlarımla Ermənistanda bir sıra müxtəlif məsələlər üzərində işləmişik". Bunu isə Kerri 2013-cü il mayın 5-də   Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı bildirmişdi.

C.Kerrinin erməni lobbisi ilə yaxınlığını və erməni təəssübkeşliyini təsdiq edən digər çoxsaylı faktlar mövcuddur.

Birləşmiş Ştatların rəhbərliyi, xüsusilə də Ağ ev və Konqres inadkarlıqla boyun qaçırsalar da, etiraf etmək istəməsələr də sadə həqiqət var: Dağlıq Qarabağ münaqişəsinin çözülməsi və erməni işğalında olan Azərbaycan ərazilərinin azad olunması istiqamətində ABŞ çox ciddi təsir imkanlarına malikdir. Daha doğrusu, Vaşinqtonun Ermənistandan Azərbaycanın ərazi bütövlüyünə sayğı göstərməsi və işğal etdiyi ərazilərdən qoşunlarını çəkməsini tələb etməsi yetər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli sürətlənsin, İrəvan beynəlxalq miqyasda təcrid olunsun və problem də həllini tapsın.

ABŞ bunu demir. Amma Vaşinqton artıq anlamalıdır ki, Birləşmiş Ştatların tutduğu mövqedən, Ağ Evin nə deyəcəyindən asılı olmayaraq Azərbaycan problemini həll edəcək. Ya dinc danışıqlar yolu ilə, ya da hərbi əməliyyatlarla.

Rəsmi Bakı problemin çözümündə böyük dövlətlərin marağının yalnız bəyanatlar, danışıqların aktivləşdirilməsinə yönəlmiş psevdosəylər və məşvərət səciyyəli açıqlamalardan ibarət olduğunu görür. 25 ildir ki, situasiya cüzi dəyişikliklərlə davam edir və ATƏT-in Minsk Qrupunun münaqişənin çözümünə real təsir imkanlarına malik olmadığı da artıq bəllidir. Daha konkret olsaq, böyük dövlətlər Azərbaycana dəstək verrmək niyyətində deyillər, bu günədək belə yardımlar da olmayıb. Ona görə də kimin nə deməsindən asılı olmayaraq Azərbaycan hüquqlarını təmin etməli, müstəqilliyini qorumalı və ərazi bütövlüyünü bərpa etməlidir.

ABŞ-ın dövlət katibi Con Kerri əslində yeni heç nə deməyib və onun sözləri Bakı üçün sirr deyil.

Birləşmiş Ştatların prezidenti Barak Obamanın siyasətində açıq müşahidə olunan qeyri-ardıcıllığı, ikiüzlü məntiqi, ikili standartları ifşa edir. Bu siyasətin konturları son bir neçə ildə ABŞ-ın Azərbaycana münasibətində daha aydın görünməyə başlamışdır. Burada söhbət təkcə Obama Administrasiyasının və Dövlət Departamentinin, Amerika mediasının və QHT-lərinin Azərbaycanı hədəfə götürməsindən getmir. Problem odur ki, ABŞ-ın 1990-cı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin ab-havası yenidən hiss olunmaqdadır. Bu ab-havanın formalaşmasında cənab Obama ilə yanaşı, dövlət katibi Con Kerrinin Amerikanın dövlət maraqları ilə uzlaşmayan şəxsi mövqeyi, erməni lobbisi ilə sıx əlaqələri az rol oynamır. Təsadüfi deyil ki, C.Kerri digər bir neçə senatorla birlikdə 1990-cı ildə SSRİ rəhbəri M.Qorbaçova ünvanladıqları məktubda onu Dağlıq Qarabağ problemini "Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll etməyə" çağırırdı. 2012-ci ilin sentyabrında Kerrinin erməni zabitini qətlə yetirməkdə təqsirli bilinərək Budapeşt məhkəməsi tərəfindən məhkum olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsinə münasibəti də onun ermənipərəstliyinin bariz nümunəsi kimi səciyyələndirilə bilər: "Mən Azərbaycanın Ramil Səfərovu qaytarmasından, onu əfv etməsindən, hərbi rütbəsini yüksəltməsindən və qəhrəmana çevirməsindən şokdayam".

Və o da əyandır ki, Birləşmiş Ştatların siyasi Olimpində islamofob, ermənipərəst Con Kerri kimi şəxslər varsa, Azərbaycan ictimaiyyətinin ABŞ-ın yürütdüyü siyasətdən narazılığına kifayət qədər ciddi əsaslar var.

Bu gün ABŞ-ın və onun təhriki ilə bəzi Avropa dairələrinin Azərbaycana qarşı təzyiqləri ilk növbədə Azərbaycan hakimiyyətinin müstəqil siyasəti, rəsmi Vaşinqtonun iradəsi ilə hesablaşmamasından irəli gəlir. Çünki Vaşinqtonun uzun illərdir Azərbaycanda yaratdığı "beşinci kolon" darmadağın edilib, Azərbaycan da Türkiyə kimi ABŞ-ın antirusiya siyasətində yer almaqdan imtina edir. Bütün bunlar isə "müstəsna", "əvəzolunmaz", "lider" xalqın başında duranları hiddətləndirir.

Ermənistana gəldikdə isə - Dağlıq Qarabağ münaqişəsinin həllinə İrəvan hazır deyil. Bu ölkənin rəhbərliyi terroru dövlət siyasətinə, şovinizmi və qonşu ölkələrə ərazi iddialarını da ideologiyaya çevirdiyindən Ermənistan prezidenti Serj Sarkisyan münaqişənin həllinə hazır olduğunu desə belə, konkret addımlar atılan deyil: əksinə, Sarkisyan ən yaxşı halda hakimiyyətdən kənarlaşdırılacaq, hadisələrin "ermənisayağı" inkişaf variantında isə elə iş otağındaca güllələnəcək. Nədən ki, İrəvanda belə presedent olmuşdu: ölkə parlamentindəki gülləbaranda spiker, baş nazir və nazirlər qətlə yetirilmişdilər.

Ermənistandakı hakimiyyət totalitar rejim olduğundan, erməniləər işğal etdikləri əraziləri "azad olunmuş torpaqlar" hesab edirər və bu, erməni cəmiyyətinin şüurundakı qeyri-adekvatlıqdan, onillər boyu aramsız davam edən, əsla səngiməyən təbliğat nəticəsində yuyulmuş beyinlərin reallığı normal dəyərləndirə bilməməsindən xəbər verir.

Ermənistanda ictimaiyyət sülhə hazırlaşdırılmır. Əksinə, onlara hər gün antiazərbaycan zəhəri aşılanır. Kerrinin açıqlaması da Ermənistan rəhbərliyi üçün daim danışıqlar aparmaq, məsələni həll etməmək və bundan da hakimiyyətdə qalmaq üçün sui-istifadə etmək üçün gözəl bəhanədir.

Belədirsə, ABŞ dövlət katibinin "liderlər hazır deyillər" bəyanatı əslində "Ermənistan münaqişənin həllində maraqlı deyil, biz də nə edəcəyimizi bilmirik" kimi anlaşılmalıdır.

Digər tərəfdən, vəziyyət ABŞ-ı qane edir. Con Kerri əslində bizə demək istəyir ki, orta statistik amerikalı üçün Dağlıq Qarabağ münaqişəsi heç nədir, hansısa məna və ya önəm kəsb etmir. "Münaqişə bundan sonra lap 50 il də davam etsə, amerikalıların eyninə deyil. Nə ola bilər axı?! Ən uzağı, ildə 500-1000 nəfər cəbhə bölgəsində həlak olacaq, bu qədər. ABŞ üçün vacib olan budur ki, Dağlıq Qarabağ münaqişəsi idarə olunan konfliktdir, region üçün əvvəlki təki hədsiz təhlükə mənbəyi deyil. Belədirsə, Dağlıq Qarabağdakı cəbhə bölgəsində ildə 500-1000 nəfərin həlak olması yalnız yerli sakinlər üçün problemdir - ABŞ üçün yox", - Kerri bunu demək istəyir.

Dünyanın bir nömrəli gücünün, fövqəldövlətin bir nömrəli diplomatı üstüörtülü şəkildə deyirsə ki, "bu məsələnin yaxın vaxtlarda həll olunmasına inanmıram", deməli, Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll olunmasında ABŞ maraqlı deyil.

Yetərincə konkret, aşkar mesajdır.

Bundan başqa, C.Kerrinin açıqlaması Dağlıq Qarabağ münaqişəsindəki mövcud status-kvonun qəbuledilməzliyi ilə bağlı Minsk Qrupunun bəyanatlarına da ziddir. Status-kvo yolverilməzdirsə, deməli, münaqişənin çözüm yolları aranmalı və tapılmalı, həll variantı mütləq şəkildə konfliktlə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq təşkilatların qəbul etdikləri, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı çoxsaylı sənədlərə əsaslanmalıdır.

Kerri bunları qulaqardına vurursa, siyasi diletantlıq edir. Nədən ki, ABŞ-ın dövlət  katibinin "məntiq"inə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan liderlərinin öz aralarında razılığı gərəkdirsə, onda BMT-yə, ATƏT-in Minsk Qrupuna nə ehtiyac vardı?!

... Bir daha əyan oldu ki, Azərbaycan problemlərinin həllində, müstəqilliyinin qorunması və işğal edilmiş ərazilərinin azad edilməsi məsələlərində yalnız özünə güvənməlidir. ABŞ, Rusiya, Fransa, yaxud BMT, ATƏT, AŞPA və s. kimi təşkilatlar ən yaxşı halda Dağlıq Qarabağ münaqişəsinin çözüm prosesini bundan sonra da bir neçə il uzadacaqlar.

Həmin ölkələrlə və qurumlarla aktiv iş aparılmalıdır - şübhə yox. Lakin onlara güvənmək, bütünlüklə bel bağlayıb gözləmə mövqeyi tutmaq olmaz.

Con Kerrinin absurd açıqlaması ABŞ-ın xarici siyasətinin "Yeni Amerika əsri layihəsi" (PNAC, Proyect for the New American Century) adlandırılan geosiyasi ssenari çərçivəsində yürüdüldüyünü, Birləmiş Ştatların siyasi doktrinasının "yandırılmış bayraqların külündən doğacaq yeni era" kimi təhlükəli istəklər toplusundan ibarət olduğunu göstərdi.

Birləşmiş Ştatların dövlət katibinin erməni lobbisi ilə sıx əlaqələri, onun Azərbaycandakı mövcud hakimiyyəti devirmək üçün formalaşmış "qərargah"ın ən aktiv üzvlərindən biri olması da bəllidir. Kerri Vaşinqtonun adından danışır.

Amma Vaşinqton bilməlidir ki, bayraqlar yandırılanda onların əvəzinə yeni bayraqlar qaldırılır və həmin bayraqlarda da amerikalıların gözləmədiyi, arzulamadığı atributlar olur.

Elçin Alıoğlu

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.