Bu ölkə Azərbaycandan "yaşıl" elektrik enerjisi almağı planlaşdırır

Macarıstan Azərbaycandan "yaşıl" elektrik enerjisi tədarükünə qoşulmağı planlaşdırır.

Day.Az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Peter Siyarto öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, cari vəziyyət yeni enerji mənbələrinin tədqiq olunmasının vacibliyini göstərir.

"Bu baxımdan ən vacib tərəfdaşlardan biri də Azərbaycandır", - paylaşımda deyilir.

Nazir qeyd edir ki, Azərbaycan enerjini Gürcüstana, daha sonra isə Rumıniyaya tədarük edəcək.

"Azərbaycan böyük həcmdə ekoloji təmiz elektrik enerjisi istehsal edəcək və bu, sualtı boru xətti ilə Gürcüstana və Rumıniyaya nəql olunacaq. Biz razılaşmışıq ki, Macarıstan bu irimiqyaslı layihəyə qoşulacaq. Beləliklə, "yaşıl" elektrik enerjisi həm daxili istehlak üçün, həm də tranzit məqsədilə Macarıstana nəql oluna bilər", - P.Siyarto yazıb.

O əlavə edib ki, yaxın zamanlarda tərəflər bu məsələ ilə bağlı birgə saziş variantını öyrənməyi planlaşdırır.