Avtomobilin qiymətinə təsir edən amillər BUNLARDIR

Hazırda Azərbaycan alıcısı üçün avtomobil seçərkən əsas gözlənti onun iqtisadi səmərəliliyidir.

Bunu Day.Az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O, ikinci əl bazarında avtomobillərə hansı amillər üzrə qiymtə verildiyi ilə bağlı fikirlərini səsləndirib.

Ekspert bildirib ki, istər ikinci əl, istərsə də yeni avtomobil olsun, ilk növbədə diqqət yetirilən məsələ yanacaq sərfiyyatıdır.

"Benzin, dizel, hibrid və digər mühərrik növlərinə malik nəqliyyat vasitələrinin nə qədər qənaətli olması sürücülər üçün əsas meyarlardan biridir. Çünki avtomobil sahibi uzunmüddətli istifadədə əlavə xərcin minimum olmasını istəyir.

İkinci vacib amil avtomobilin ehtiyat hissələrinin və texniki xidmətinin əlçatan olmasıdır. Alıcı düşünür ki, hər hansı detal sıradan çıxarsa, onu qısa müddətdə tapmaq mümkün olacaqmı və bu avtomobili təmir edə bilən ustalar kifayət qədər varmı. İnsanlar elə avtomobillərə üstünlük verirlər ki, onların hissələri bazarda rahat tapılsın və servis xidməti geniş yayılsın. Bu da həm vaxt itkisini, həm də əlavə xərcləri azaldır.

A.Əsədov əlavə edib ki, digər mühüm faktor avtomobilin dözümlülüyüdür:

"Dünya iqtisadiyyatında müşahidə olunan durğunluq və insanların daha ehtiyatlı maliyyə siyasəti yürütməsi avtomobil seçimində də özünü göstərir. İndi alıcılar tez-tez avtomobil dəyişməkdə maraqlı deyillər. Əksinə, onlar uzun müddət problemsiz istifadə edə biləcəkləri, etibarlı və davamlı nəqliyyat vasitəsinə üstünlük verirlər. İnsanlar üçün əsas məqsəd əlavə xərc yaratmayan və gündəlik tələbatı qarşılayan avtomobilə sahib olmaqdır.

Bununla yanaşı, avtomobilin komfortu, estetik görünüşü və funksionallığı da bazar qiymətinə təsir edən əsas amillərdəndir. Avtomobilin ölçüsü, salon rahatlığı, baqaj tutumu, şəhər və ya yolsuzluq şəraitində özünü necə aparması alıcı üçün önəm daşıyır. Xüsusilə rayon yollarında və dağlıq ərazilərdə istifadə üçün uyğunluq, həmçinin şəhər tıxaclarında yanacaq sərfiyyatı diqqətlə qiymətləndirilir. Bütün bu xüsusiyyətlər avtomobilin bazardakı dəyərinin artmasına və ya azalmasına birbaşa təsir göstərir", - deyə o vurğulayıb.

Nəsimi Ələsgərli