Yaşar Yusub: “Qrupdan ayrılmanın tam vaxtıdır”

Day.Az представляет интервью на азербайджанском языке.

Müğənni Yaşar Yusubun Milli.Az-a müsahibəsi.

- Yaşar Yusub, maraqlı soyadınız var, nədir mənası?

- Yusub soyadımdır, bir çoxları özünə ləqəb götürür, amma mənim elə soyadım var ki, heç bir ləqəbə dəyişmərəm. Həm də çox fərqli və yadda qalandır.

- Əvvəllər Şeron Yaşar deyə müraciət edirdilər, indi Yaşar Yusub kimi təsdiqləyə bilmisiniz özünüzü?

- Bəli, artıq son bir ildir ki, Yaşar Yusub deyə müraciət edirlər. Bu da məni sevindirir, demək ki, özümü təsdiqləyə bilmişəm.

- "Şeron" qrupundan nəyə görə ayrıldınız? Rüstəmlə qalmaqal yaşandığı deyilirdi bir zamanlar.

- "Şeron"da artıq beş il fəaliyyət göstərdim və sonda belə qərara gəldim ki, qrupdan ayrılmanın tam vaxtıdır. O gücü özümdə hiss etdim və solo-karyerama start verdim. Nə küsüb çıxmışam, nə də ki, dalaşıb. Münasibətim indi də əladır onlarla.

- Nəyə görə bəzi həmkarlarınız kimi adınız gündəmdə deyil?

- Daha çox qalmaqalı, səs-küyü sevmədiyim üçün bəzi həmkarlarım kimi adım gündəmdə deyil, sevirəm ki, hansısa yeni işimlə gündəmdə olum.

- Bu gün şou-biznesin gündəmini nə zəbt edir?

- Bu gün gündəmi qalmaqal, keyfiyyətsiz musiqilər, səs-küy, məşhurlaşa bilməyən bəzi müğənnilərin şəxsi həyatları və s. zəbt edir.

- Toylara gedirsiz?

- Bəli, gedirəm.

- Ehtiyac varmı bu gün toy bazarında Yaşara?

- Şükür Allaha ki, toylarda mənə ehtiyac duyan və görmək istəyənlərin sayı çoxdur. Toylarım da yetərincə var, çox razıyam.

- Sirr deyilsə, toyu nə qədər məbləğə idarə edirsiniz?

- Dörd min manata toyu idarə edirəm. Necə idarə etdiyimi də getdiyim toyların sahiblərindən soruşa bilərsiz. Mən can qoyuram, yola vermirəm bəzi həmkarlarım kimi.

- Həmkarlarınızdan kimlərin toyu idarə etməsini bəyənirsiniz?

- Brilliant Dadaşovanın toy idarə etməsi çox yüksək səviyyədədir. Kişi həmkarlarımdan Abbas Bağırovun toy idarə etməsini çox bəyənirəm.

- Yaşara kimlər örnəkdir?

- Sənəti və şəxsiyyəti olan hər kəs mənə örnəkdir. Mən ölməz sənətkarlarımızı da dinləyirəm. Rəşid Behbudov, Şövkət Ələkbərova və digərləri. Onların səsinin və sənətinin heyranıyam.

- Ailəlisiniz, övladınız var, necə bir ailə başçısısınız?

- Bəli, ailəliyəm. Bir oğlum var və çox xoşbəxtəm. Ailəmdə daha ciddi, daha məsuliyyətli biriyəm.

- Qısqanclıqlar olur?

- Arada olur, amma bu çox az hallarda baş verir. Həyat yoldaşım çox anlayışlı biridir.

- Əcnəbi müğənnilərdən kimləri dinləyirsiniz?

- Kreyq Devid, Sibel Can, Haktan hal-hazırda çox dinlədiyim əcnəbi sənətçilərdir. Adlarını çəkdiyim müğənnilərin repertuarından mahnılar da oxumaq fikrim var.

- Bu gün həmkarlarınız kimi Yaşıl Teatrda konsert versəniz, sizcə, konsertinizə tamaşaçı gələcək?

- Düşünürəm ki, böyük saraylarda konsert vermək üçün hələ tezdir. Görməli işlərim var. Amma gələcəkdə niyə də olmasın. Konsert verənlərdən heç nədə geri qalmıram. Səsim, görünüşüm, performansım heç kəsdən əskik deyil ki, artıqdır.

- Sizcə, kişi müğənnilərə sponsorlar niyə dəstək olmurlar?

- (gülür) Niyə, sponsoru olan kişi müğənnilər də var. Amma çox hallarda olmur, məncə aydın məsələdir, şərh verməyə ehtiyac yoxdur (gülür ).

- Yeniliklərdən hansılarını Milli.Az oxucularına açıqlaya bilərsiz?

- Yeni mahnım çıxdı. "Atım, tutum mən səni". Balaca balalar üçündür. Bu mahnıya klip çəkmək istəyirəm. Rejissoru da özüm olacam, bunu da açıqlayım.