Bakı Bulvarı yaxın gələcəkdə Avropanın ən böyük bulvarı olacaq - MÜSAHİBƏ Day.Az представляет новость на азербайджанском языке.

"Yüzlərlə çinarın, söyüdün içində 2 ədəd baobab kimə mane olur ki?"

Bakı Şəhər Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun "Qafqazinfo"ya müsahibəsi.

- Bakı Şəhər Bulvar İdarəsi bəlkə də yeganə qurumdur ki, əksəriyyət rəisi yox, yalnız müavini - Nazim Məcidovu tanıyır. Bu İdarənin rəisi kimdir?

- Bulvar İdarəsi 2008-ci il yanvarın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə yaranıb. Yarandığı gündən Şahmarov Əfqan Sərdar oğlu idarəyə rəis təyin olunub. Bir neçə müddətdən sonra isə mən ora rəis müavini təyin olunmuşam. Daha sonra Əfqan Şahmarov qərara gəldi ki, bizim idarənin mətbuat xidməti olmadığı üçün bir nəfər işçi bu işi öz üzərinə götürsün. Bu da əmr vasitəsilə mənə həvalə olundu. Bu işdə səlahiyyətli şəxs mənəm. Amma bəzən elə suallar, məqamlar ola bilər ki, mənim səlahiyyətlərimdən kənarda olsun. Bu zaman Əfqan müəllimə müraciət edirik ki, idarənin mövqeyini bildirsin. Əfqan müəllim mətbuatda nisbətən az görünür. Lakin informasiyalı adamlar görürlər ki, Əfqan müəllimin mətbuatda vaxtaşırı məqalələri dərc olunur.

- Sovet dövründə çəkilmiş kadrlarda Bulvarın simvolu olaraq "Saat qülləsi"ni görürük. Bəs indi kameralar simvol olaraq hara tuşlanır?

- Crystall Hall, Bayraq meydanı, Alov qüllələri... Bulvar ərazisinə gələn əksər operatorlar məhz bu istiqamətləri seçirlər. Artıq Bulvarın hər yeri gözəldir. Sovet dövründə Saat qülləsi, "Mirvari" kafesi, "Sadko" gözəl idi, çəkilişlər yalnız orda olurdu. Amma indi Bulvar çox inkişaf edib. Bulvarın ən müxtəlif yerlərində klip, film çəkmək üçün müraciət edirlər. Bulvar İdarəsi təsis olunarkən onun loqosunu da yaratmalıydıq. İdarə bulvarın 100 yaşı tamam olmamış yaradıldı. Burada 50 ildir fəaliyyət göstərən "Mirvari" kafesi var, o bütün zamanlarda öz gözəlliyini saxlayır. Biz düşündük ki, Bulvar idarəsinin loqosu məhz "Mirvari" kafesi olmalıdır. Son bir ildə daha çox diqqətə səbəb olan məkanlardan biri də Kiçik Venesiyadır. Bildiyiniz kimi, Venesiya təmirdən sonra daha da gözəl görünüş alıb. Kanallar daha da genişlənib, burada su daim şəffafdır, gözəl qayıqlar hərəkət edir... Burada iki restoran var - biri Azərbaycan mətbəxi, digəri xarici mətbəx.

- Bəs şəxsən sizin gözünüzdə Bulvarın simvolu haradır?

- Mən gəncliyimi Bakıda keçirmişəm. Məktəbdə və universitetdə oxuyanda dostlarımızla məhz elə bulvar ətrafında görüşürdük. Görüş yerini təyin edərkən konkret istinad etdiyimiz yerlər var idi - "Mirvari" kafesi, Kiçik Venesiya, Saat qülləsi. Baxmayaraq ki, mən indi bir səlahiyyətli şəxs kimi bulvarın hər hissəsinə eyni doğmalıqla yanaşıram, lakin sadaladığım bu yerlər mənə hələ gənclik illərimdən daha əziz olub. İndi də qonaqlarım olanda mən yay vaxtı "Mirvari" kafesinə, hava bir az soyuq olanda Kiçik Venesiyaya üz tuturam.

- Əvvəllər Dənizkənarı Bakını Neapola bənzədirdilər. İndi bu fikir sanki unudulub. Bu nə ilə bağlıdır: Neapol geriləyib, ya Bakı irəliləyib?

- İdarəmizin əməkdaşları işlə bağlı ən müxtəlif Avropa şəhərlərinə gedirlər. Onlar həmişə qeyd edirlər ki, doğrudan da Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilib. Heç yerdə şəhər belə gözəl işıqlandırılmır. Bunu tək bizim işçilər desəydilər, bəlkə də, şübhə doğurardı. Mən tez-tez xaricdən gələn ən mötəbər qonaqları Dənizkənarı bulvarda gəzintiyə çıxarıram. Onlar da etiraf edirlər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.

Sizə bir faktı deyim. Mədəniyyət və Turizm Nazirliyindən müraciət olundu ki, Niderland Krallığından qonağımız olacaq, biz ona Bulvarı göstərməliyik. Bu mütəxəssisin işi parkların dizaynı, landşaftı, yaşıllıq sahələrinin salınmasına nəzarət idi. Məlumdur ki, Niderland Krallığı bu sahədə bütün dünyada seçilir. Biz həmin qonaqla Bulvarı bəzən piyada, bəzən kiçik qolf maşınları ilə gəzdik, oturub çay içdik, söhbət etdik. Görüşün sonunda qonaq qeyd etdi ki, mən ilk dəfə idi Azərbaycanda, Bakıda olurdum və düşünürdüm ki, bura inkişafdan qalmış bir yerdir. Sizə müəyyən məsləhətlər verməyi düşünürdüm, amma mən sizdən bir çox məsələləri öyrənmiş oldum. Bu bizim işimizin tərifi deyil, bu bizim ölkəmizin, dövlətimizin şəhərə, xüsusilə də, dənizkənarı bulvara qayğısıdır. Bakı Bulvarı yaxın gələcəkdə ölçülərinə görə də Avropanın ən böyük bulvarı olacaq.

- Köhnə kadrlar ağ-qara olduğu üçün biz, yəni gənc nəsil Xəzəri köhnə kadrlarda da bulanıq görmüşük. Xəzər dənizini nə vaxtsa mavi rəngdə görmək bizə qismət olacaqmı?

- Olacaq. İndi çox böyük bir proyekt işlənir. Yəqin ki, bu proyekt Niderland Krallığının hansısa bir şirkəti ilə işləniləcək. Son 3-4 ildə Bakı buxtası daim təmizlənir. İndi xüsusi gəmilər var ki, məişət tullantılarını, tikinti qırıqlarını, dənizin üzünə yığılan neft və yağ örtüyünü təmizləyir. Lakin bu təmizlənmə kifayət etmir. Bilirsiniz ki, Xəzər dənizinin müxtəlif yerlərində neft hasil olunur, ona görə də biz hələ bu problemi kökündən həll edə bilmirik. Bu problemin kökündən həlli üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər dövlət qurumları Nazirlər Kabinetində danışıqlar aparır, çox güman ki, yaxın bir neçə il ərzində Bakı buxtasının suyu Xəzərin Nabran, Lənkəran - neftdən uzaq hissələrində olduğu kimi təmiz olacaq.

- Bir vətəndaş kimi yox, məhz Bulvar İdarəsinin rəhbərlərindən biri kimi, Xəzərdə neft çıxarılmasına təəssüflənirsinizmi?

- Hər işdə müəyyən qurbanlar olmalıdır. Zəhmət çəkmədən heç bir işə nail olmaq olmur. Oxumaq özü bir əziyyətdir, yuxusuz gecələri var. Amma sən bunu edirsən ki, gələcəkdə işin, sənətin olsun, cəmiyyətdə müəyyən yer tutasan. Bir şəhərdən digər şəhərə istirahətə gedirsən, amma bunun uzaq yolu var, yorğunluğu var, nə gözəl olardı ki, biz bir göz qırpımında istədiyimiz şəhərdə olaq. Bizim neft də elədir ki, dövlətin iqtisadiyyatının inkişafında onun rolu böyükdür. Azərbaycanın son 20 ildəki inkişafının bir səbəbi də neft kontraktları oldu. Bunlara nail olmaq üçün çirklənməyə dözmək olar. Amma nə gözəl olardı ki, biz həm neftimizi hasil edək, həm də Xəzərimiz çirklənməsin.

- Bir çox şəhərlərdə dənizlə sahili yalnız qum ayırır. Biz isə Bulvarda yalnız sərt betonlara rast gəlirik. Xəzərə niyə yaxın ola bilmirik?

- Tək Xəzərdə yox, bütün dənizlərdə sahilin elə hissələri var ki, sudan qum ilə ayrılıb, elə hissələri də var ki, sərt qayalıqla. Şüvəlan və Bilgəhdə dənizlə sahili məhz qayalıqlar ayırır. Bakı buxtasının da bəxti elə gətirib ki, şəhərin mərkəz hissəsi o qayalığa gəlib çıxıb. Bura neçə ton qum töksən də, dəniz özü bu qumu yuyub aparacaq. Bu, məcburiyyətdən irəli gəlir.

- Nəyə görə başqa ölkələr kimi, biz də dənizimizdən yetəri qədər istifadə edə bilmirik? Çirkli olduğu üçün suyunda rahat çimə bilmirik, çirkini, neftini çıxarıb istifadə edə bilmirik. Heç olmasa sakinlərə dənizdən nəqliyyat vasitəsi kimi istifadə haqqı verilsin. Məsələn, Bayıldan Əhmədliyə, Bakıdan Nabrana gəmi ilə gedə bilmərikmi?

- Çimərliklərin çirkli olması bir vətəndaş kimi məni də narahat edir. Amma bir şeyə çox sevinirəm ki, hər il çimərlik mövsümü gələndə televiziyada məlumat verilir ki, bu il hansı çimərlikdə çimmək olar, hansında olmaz. Hətta Respublika Gigiyena və Epidemologiya mərkəzinin xüsusi bir şöbəsi var, bu şöbə dəniz suyunun tərkibinə qədər bizə məlumat verir. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi də bu işə xüsusi qayğı göstərir. Amma nə yaxşı olardı ki, sahil boyu hər yer təmiz olardı, sakinlər çimərliklərdən rahat istifadə edə bilərdilər. O ki qaldı dənizdən nəqliyyat vasitəsi kimi istifadəyə, bununla bağlı məsələlərə Dəniz Administrasiyası və onun tərkibindəki müxtəlif idarələr, Xəzər Dəniz gəmiçiliyi, donanma baxır. Mən Bulvar İdarəsi adından deyə bilərəm ki, bizim iki gəzinti gəmimiz fəaliyyət göstərir. İstiqamət Bayraq meydanı, Crystall Hall-a qədərdir.

- 162 metrlik bayraq Azərbaycanda, 165 metrlik - Tacikistanda. Gələcəkdə 60 metr diametrli karusel Azərbaycanda, tutaq ki, 65 metrlik Türkmənistanda... Daha nələrlə bir neçə aylıq rekordlar kitabında qala bilərik?

- Azərbaycan bayrağının dünyada ən böyük olduğunu təsdiq edən sertifikatı mən şəxsən muzeydə görmüşəm. Azərbaycandan sonra hansısa bir ölkə daha böyük bayraq hazırlayacaq - bu normaldır. Tikinti elə bir sahədir ki, burada rekord daim təzələnir. Məsələn, idmanın müəyyən növlərində elə rekordlar var ki, bəzən 20 il təzələnmir. Məsələn, hündürlüyə tullanma. Bunun müəyyən bir pik nöqtəsi var ki, ondan artıq heç kim hündürlüyə tullana bilmir. Və ya üzgüçülük. Müəyyən məsafəni ən qısa zaman kəsiyində üzməyə çalışırsan və bu rekord da bəzən illərlə təzələnə bilmir. Amma tikinti elə bir sahədir ki, burada rekord nəinki hər il, hətta ildə bir neçə dəfə təzələnə bilər. Biz heç bir ölkə ilə nə özümüzü müqayisə edirik, nə də yarışırıq. Biz sadəcə öz bayrağımıza olan münasibəti göstəririk. O ki qaldı 60 metr diametrlik karuselə, bu karusel nəinki Avropanın 1-cisi, heç 3-4-cüsü də deyil, bəlkə də 10-cusudur. Onun ölçüsü Bakıya uyğun seçilib. Bakı Bulvarının köhnə hissəsində 20 metr diametrlik karusel var, lakin o, müasir standartlara cavab vermir. Yeni karuseldə yuxarı qalxdıqca bütün Bakını hündürlükdən daha aydın və gözəl görmək mümkün olacaq. Karusel Niderland Krallığının tikinti şirkəti tərəfindən qurulur. Qapıları avtomatik açılıb-bağlanır ki, bu da təhlükəsizliyi təmin edir. İçərisi yayda kondisionerlə sərinləşdiriləcək, qışda xüsusi isitmə sistemi olacaq. Karuselin gecə işıqlanması da Alov qüllələri, Crystall Hall, Teleqüllə kimi gözəl olacaq. Yəni, karuselin həm əylənmə funksiyası olacaq, həm də göz oxşayacaq. Düşünürəm ki, 50 il sonra Bakı haqqında başqa bir məmur jurnalistə müsahibəsində deyəcək ki, Bakının yadigarlarından biri də bu karuseldir.

- Yəni bu karusel azərbaycansayağı yox, Avropa standartlarına uyğun olacaq...

- Avropa standartlarına uyğun olacaq. Dediyim kimi, karusel Niderland Krallığı tərəfindən istehsal olunub. Azərbaycanda bu işə "ADO-G" şirkəti dəstək verir. Bünövrənin tökülməsinə, müəyyən texniki işlərə məhz bu şirkət rəhbərlik edir.

- 60 metr hündürlükdə Bakının inkişafdan geridə qalmış yerləri də görünəcək. Bu, nəzərə alınıbmı?

- Şəhərdən kənarda da abadlaşdırma işləri gedir. Məsələn, Xətai rayonunda, Nizami rayonunda gözəl parklar açıldı. Badamdar istiqaməti abadlaşdırılıb... Ola bilər ki, şəhərin abadlaşdırılmamış yerləri hələ də qalmış olsun, çünki Bakı böyük şəhərdir və bu işlərə xeyli vaxt lazımdır. Əgər 60 metr hündürlükdən şəhərin abadlaşmamış yerləri də görünsə, düşünürəm ki, bu, müvəqqəti olacaq.

- Bulvar "Dənizkənarı Milli Park" adlanır. Lakin son illərdə burada əkilən ağacların əksəriyyəti xaricdən gətirilən, bizə və iqlimimizə uymayan ağaclardır. Milli Parkın hansısa guşəsində məhz Azərbaycana xas yaşıllıq salmaq olmazmı?


- Bu gün 100 çinar, 500 söyüd o qədər gözə görünmür, nəinki 2 baobab. Çünki bu, ekzotik ağacdır və insanlar onu görən kimi qəribə reaksiyalar verirlər. Əgər yüzlərlə çinar, söyüd varsa, 2 ədəd baobab kimə mane olur? Və yaxud da Bulvardakı kaktus bağı. Keçən dəfə bir şəhər sakini mənə yaxınlaşıb dedi ki, nəyimizə lazımdır bu kaktus ağacları, onun yerinə bir kölgə salan ağac əkilərdi, yayda kölgəsində dincələrdik. Soruşdum ki, siz heç indiyə qədər bu gözəllikdə və nəhənglikdə kaktus ağacı görmüşdünüz? Dedi ki, yox, biz bunu yalnız filmlərdə, rəsmlərdə görmüşdük. Əgər bu ağac gözəl olmasaydı, gün ərzində burdan keçən 10 adamdan 9-u bu ağacı, ağacın fonunda öz şəklini çəkməzdi. Demək, bu, insanların marağına səbəb olur. Əgər bulvar ərazisində 10 min ağac varsa, onların heç 500-ü siz dediyiniz, xaricdən gətirilmiş ağaclar deyil. Əgər 10 mindən 5 mini xaricdən gətirilmiş ağac olsaydı, bu artıq həyəcan siqnalı olardı. Biz söyüdləri, çinarları, kölgə salan ağacları hər zaman əkmişik, əkirik. Amma eyni zamanda Azərbaycanda olmayan, gözəl, nadir, maraq doğuran ağaclar da əkirik, bundan sonra da əkəcəyik.

- Bulvar ətrafında yeni tikilmiş lyuks binalara adətən, milli görünüş verməyə çalışırıq. Məsələn, adı və işıqlandırılması ilə milliləşən "Alov qüllələri" və yaxud da "Hilton" otelinin üçrəngli işıqlandırılması. Dünya brendi olan "Hilton"un Azərbaycan bayrağına "bürünməsi" Quba almasına vurulmuş mavi rəngli xarici etiket kimi görünür...

- Zövqlər müxtəlifdir. Kimsə bunu bəyənə bilər, kimsə bəyənməyə bilər. "Hilton" oteli üzərindəki bayraq işıqlandırılması daimi deyil. Bu adətən, Azərbaycana xarici ölkələrdən qonaqlar gələndə, hansısa böyük tədbirlər keçiriləndə, bayram ərəfəsində olur. Xarici qonaqlar da bunun vasitəsilə bizim ölkəmizə, bayrağımıza verdiyimiz dəyəri görür. Məsələn, "Naxçıvan" otelinin adı dəyişdirildi, "Hyatt Regency Naxçıvan" adlandı, amma yenə də orada Naxçıvan sözü saxlanıldı. "Abşeron" oteli söküldü, yerində "Marriot" tikildi, amma adı "Marriot" deyil, "Marriot-Abşeron" oldu. "Hilton" da dünyada tanınmış brend mehmanxana sistemidir, amma onun üzərində vaxtaşırı bayraq işıqlandırılması insanlara vətənpərvərlik, millilik hissini aşılayır.

- Son zamanlar Bulvar ərazisində yeni, gözəl kafe və restoranlar fəaliyyətə başlayıb. Lakin bu obyektlər şəhər sakinlərinin, məsələn, tələbələrin cibinə uyğun deyil. Belə çıxır ki, bulvardakı restoranlar konkret zənginlər üçün nəzərdə tutulub?

- Bu sualı mən dəfələrlə cavablandırmışam. Biz icazə vermərik ki, bulvar ərazisində hansısa bir obyekt süni qiymət artımına yol versin. Azərbaycanda bazar iqtisadiyyatıdır, qiymətləri bazar tənzimləyir. Buna nəzarət edən isə İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar idarəsidir. Bu gün Bulvar İdarəsinin nümayəndəsi hansısa bir sahibkara deyə bilməz ki, nəyə görə bu yeməyin qiyməti bahadır. Gələcəkdə necə olacaq, bunu artıq zaman göstərərcək.

- Bulvar İdarəsinə ən çox nədən şikayət edirlər?


- Şikayətlər əsasən qiymətlərdən olur. Bəzən süni qiymət artımı olur, dərhal Bulvar İdarəsi sahibkara bildirir, o şəxs cəzalandırılır. Birinci dəfə töhmət verilir, əgər bu hal bir neçə dəfə təkrarlanarsa, işdən uzaqlaşdırılır. Çox az hallarda xidmətdən şikayət olur. İndi əvvəlkinə nisbətən xeyli azalıb, düşünürəm ki, bir neçə ilə umumiyyətlə olmayacaq.

- Bulvar harada başlayıb, harada qurtarır - həqiqi və məcazi mənada?

- Bakı şəhəri Xəzər sahili boyu salınıb. Bir ucu Zığ qəsəbəsinə, digər ucu Bibiheybət qəsəbəsinə gedib çıxır. Sovet dövründə Xəzər sahilində müxtəlif tikililər var idi. Bakı Bulvar İdarəsi yaradılandan sonra bu tikililər söküldü. Yəqin ki, yaxın 5-10 ildə dənizkənarı bulvar Zığdan Bibiheybətə qədər uzanacaq. "Bulvar haradan başlayıb, harada qurtarır" sualına belə konkret cavab da verə bilərəm ki, Bulvar Bakının bir başından başlayır, digər başında qurtarır.

- "İşim", "İş yerim" deyəndə ağlınıza oturduğunuz kabinet gəlir, ya elə dənizkənarı bulvar?


- Günün çox az bir hissəsində kabinetdə otururam. Adətən, bulvar ərazisini gəzirəm, iş başında oluram. İşlə bağlı görüşlərimi də, əsasən, Bulvarın hansısa bir hissəsində keçirirəm, çox nadir hallarda kabinetdə müsahibə verirəm. Tək mən yox, maliyyəçi və kargüzarlardan başqa, bulvarın bütün işçiləri gün ərzində daha çox bulvar ərazisində olur.

- İxtisasca həkimsiniz. Amma məşğul olduğunuz sahə tamam başqadır.

- Mən 13 ilə yaxın həkim işləmişəm, baş həkim olmuşam. Baş həkim özü təşkilatçı deməkdir. Mənim indi Bulvar İdarəsindəki işim də təşkilatçılıqdır, nəinki mütəxəssislik.

- Bulvar haqqında yazılmış mahnının sözləri də sizindir. Demək, müəyyən qədər, yaradıcılıqla da məşğulsunuz. Yaradıcılıq insanı müəyyən qədər sağaldır. İxtisasca da həkimsiniz. Deməli, insanları fiziki sağaltmaq peşəniz, mənəvi sağaltmaq hobbinizdir...

- Ayazın ifa etdiyi bu mahnının musiqisi Vüqar Camalzadəyə, sözləri isə mənə məxsusdur. Klipi də vaxtaşırı televiziyada yayımlanır. O ki qaldı insanları fiziki, yaxud mənəvi cəhətdən sağaltmaq məsələsinə, buna görə həkimlik peşəmə borcluyam.

Milli.Az